25 yanvar 2023 12:30
637

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu artır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edib.

Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Forum çərçivəsində bir sıra ölkələrin prezidentləri, eləcə də dünyanın tanınmış şirkətlərinin rəhbərləri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparıb.

Qlobal miqyasda ən mehriban mühitlərdən biri kimi Azərbaycanla Gürcüstan arasında, Azərbaycanla Türkiyə arasında, Gürcüstan və Türkiyə arasında münasibətlər və üçtərəfli əlaqələrin əhəmiyyəti qeyd olunmuşdur. Üçtərəfli əməkdaşlığın bir neçə formatı var - xarici işlər nazirləri, müdafiə nazirləri və iqtisadiyyat nazirləri arasında. Dövlət başçılarının zirvə görüşləri baş tutub.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunun getdikcə artdığını bildirən cənab Prezident qeyd etmişdir ki, bu istiqamətdə işlər daha sürətlə davam etdiriləcək. 2021-ci ildə Avropa bazarına təbii qaz ixracı təqribən 8 milyard kubmetrdən çox idi. Bu il ixrac ən azı 11,6 milyard kubmetr olacaq. Artım çox sürətlidir. Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda Azərbaycanın 2027-ci ilə qədər təchizatı iki dəfə artıracağı nəzərdə tutulur.

Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanı 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsi müşahidə olunur.

Azərbaycanın böyük "yaşıl" enerji potensialına malik olduğunu bildirən cənab Prezident qeyd etmişdir ki, Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavatdır. Quruda olan potensial 27 qiqavatdır, iki il əvvəl müharibə nəticəsində azad edilmiş ərazilərdə daha 10 qiqavatdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirakı, Forum çərçivəsində keçirdiyi görüşlər, 2023-cü il 19 yanvar tarixində Forum çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışı bir daha göstərir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli düşünülmüş  müdrik siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu daha da artmaqdadır.

 Camalxan Xanbutov,
Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam оrta məktəbin rus dili və ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatı, Neapol 8A ünvanında yerləşən ərazi partiya təşkilatının sədri