Əsası 1971-ci ildə isveçrəli professor Klaus Şvebs tərəfindən qoyulan Davos Forumu yarandığı gündən indiyədək dünya miqyaslı bir tədbir kimi daima siyasətçilərin, iqtisadçıların və dünya siyasəti ilə maraqlanan hər kəsin diqqətini cəlb etməkdədir. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra bir çox ilklərin müəllifi kimi, bu forumda iştirakda da məhz Ulu Öndərə borcludur: 27-31 yanvar 1995-ci ildə keçirilən bu tədbirdə çıxış edən Heydər Əliyev Azərbaycanın siyasəti, iqtisadiyyatı, təbii sərvətləri, dünyanın siyasi-iqtisadi həyatında tutduğu mövqe və gözləntiləri haqqında çıxış edərək, vətənimizi ən layiqli formada dünya ictimaiyyətinə təqdim etmişdi. Ulu Öndərin davamçısı cənab İlham Əliyevin 2007-ci ildən bəri iştirak etdiyi adıçəkilən tədbirlərdəki çıxışları da məhz Ulu Öndərin vaxtilə təqdim etdiyi Azərbaycanın daha təkmil təqdimatıdır.
Orta əsrlərdən Yeni dövrə keçid, bir növ, Avropadan Hindistana, daha doğrusu, Hindistandan Avropaya dəniz yolunun tapılması cəhdlərinə borcludur, çünki məhz bu cəhdlərin sayəsində Yeni Dünya – Amerika kəşf edildi, sənaye sürətli inkişafa qədəm qoydu. Müasir dövrün reallıqları da, demək olar ki, nəqliyyat dəhlizləri üzərində qurulmuşdur, amma artıq Hindistandan deyil, Çindən Avropaya yollar və bu yollara nəzarət uğrunda.
Xəritəyə adi bir nəzər salmaq kifayətdir ki, Azərbaycanın hansı coğrafi mövqeyə malik olduğunu aydın görə biləsən. Amma bu təbii coğrafi mövqe daima öz üstünlükləri ilə bərabər potensial təhlükələr də daşıyıb: tarix boyu yadellilərin diqqət mərkəzində olmuşuq. Müasir dövrdə daha da kəskinləşən dövlətlərarası münasibətlər şəraitində cənab İlham Əliyevin dahiliyi də ondan ibarətdir ki, bütün təhlükələri neytrallaşdıraraq, gərginlikləri əməkdaşlıqlara çevirərək onları Azərbaycanın inkişafı naminə istifadə etməyi bacarır. Eynən təcrübəli kapitan tufanın gücündən istifadə etdiyi kimi…
Çindən Avropaya mal ixracında tranzit rolunu oynayan Şimal Dəhlizi - Rusiya yolu Ukraynadakı məlum proseslər ucbatından iflic vəziyyətdədir, işləmir. Güneydə İrandan keçə biləcək yol da yenə İranın dünyada mövcud sülhü təhdid etməsi səbəbindən işlək deyil. Qalır yalnız bir yol – Azərbaycandan keçən Orta Dəhliz. Nəzərə alsaq ki, 2020-ci ildəki 44 günlük İkinci Qarabağ müharibəsindəki şanlı qələbəmizdən, işğal altındakı torpaqlarımızı azad etdikdən sonra müzəffər Prezidentimizin sayəsində regionumuzda daha əlverişli vəziyyət yaranıb, onda Orta Dəhlizin əhəmiyyətini daha dərindən anlamış olarıq.
Prezident İlham Əliyevin 19 yanvar 2023-cü il tarixində Davos Dünya İqtisadi Forumundakı çıxışı da məhz Orta Dəhlizin real və potensial imkanlarını qiymətləndirmək və onun dünyaya çox uğurlu şəkildə təqdimi idi. Cənab Prezident danılmaz arqumentlərlə sübut etdi ki, Orta Dəhlizin alternativi yoxdur, çünki bu Dəhliz təbii müttəfiqlərin, dostların, qardaşların – Mərkəzi Asiyadakı türk dövlətlərinin iştirakı və istəyi ilə qurulmuş infrasukturdur.
Cənab İlham Əliyev çağdaş dövrdəki qlobal siyasi-iqtisadi vəziyyətin təsadüfi iştirakçısı deyil, onun qurucularından biri olduğunu da real şəkildə göstərmiş oldu: hələ Rusiyanın Ukraynada apardığı müharibə olmadığı üçün Şimal Dəhlizinin işlək olduğu dövrdə, İrana qarşı mövcud kəskin sanksiyalar olmadığına görə Cənub Dəhlizinə ümidlərin olduğu zamanda belə indiki şəraitə hazırlaşmışdır. Həm də addım-addım, səbirlə, ağılla, planlı şəkildə… Məhz buna görə də Azərbaycan hazırkı lazımi infrastruktura sahib ölkə kimi, özünü daha rahat, qətiyyətli və inamlı hiss edir.
Son illərdə Mərkəzi Asiyanın türk dövlətləri, Azərbaycan və Türkiyə arasında yüksək vəzifəli rəsmi şəxslərin, xüsusilə Dövlət Başçılarının qarşılıqlı səfərləri daha müntəzəm xarakter almaqdadır. Bu səfərlərin və imzalanan sazişlərin sayəsində Mərkəzi Asiya ölkələrinin təbii sərvətlərinin Avropa bazarlarına çıxarılması da dövrümüzün yeni və perspektivli planlarındandır. Azərbaycan bu baxımdan da tranzit ölkə kimi xeyli əhəmiyyətli mövqeyə malikdir. Cənab Prezident həmin ölkələrin təbii sərvətlərinin Qərbə çatdırılmasında, Türkmənistan və Qazaxıstan neftinin nəqlində Azərbaycanın mühüm rol oynadığını, mövcud infrastrukturumuzun daha çox fayda verməyə imkanı olduğunu da Forum iştirakçılarının diqqətinə çatdırdı.
Azərbaycanın indiyədək həyata keçirdiyi bütün iri layihələr düşmən qüvvələrin maneələri ilə üzləşmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və s. layihələr, demək olar ki, Ulu Öndərin və cənab İlham Əliyevin titanik səyləri sayəsində reallığa çevrilmişdir. Cənab İlham Əliyev bütün bunların birbaşa iştirakçısı olduğu üçün mövcud və potensial imkanlardan istifadədə əməkdaşlığın zəruriliyini qeyd etmişdir. Azərbaycandakı əlverişli iqtisadi mühitin əməkdaşlığın hərtərəfli inkişafına verdiyi töhfə də tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Hər hansı bir ölkənin müəyyən təbii sərvətlərə malik olması onun xalqının rifahına xidmət edən amillərdəndir. Azərbaycan da bu baxımdan istisna deyil. Cənab Prezident ölkəmizin təkcə neft, qaz kimi tükənən təbii sərvətlərlə deyil, yaşıl enerji baxımından da böyük potensiala malik olduğunu, Xəzər dənizindəki və qurudakı külək enerjisindən istifadənin önəmini vurğuladı.
Bəzi ölkələr vardır ki, dövlət büdcəsinin formalaşmasında müxtəlif malların tranzitindən əldə etdiyi gəlirlər mühüm rol oynayır. Elə buna görə də dövlətlər öz ərazilərindən avtomobil və dəmir yollarının, kəmərlərin, kabellərin və s. keçməsində maraqlı olurlar. Bu həm də ona görə önəmlidir ki, sabit, tükənməz gəlir mənbəyi olmaqla yanaşı, həmin dövləti siyasi baxımdan güclü və söz sahibi edir, onun dünya siyasətindəki çəkisini artırır. Azərbaycan Prezidenti cənab İlham Əliyev də ölkəmizin tranzit ölkəsi olmasına var qüvvəsi ilə çalışaraq, buna xeyli dərəcədə nail olmuşdur. Zəngəzur Dəhlizinin açılması ilə Azərbaycanın Şərqlə Qərbi bağlayan çoxşaxəli halqalarından daha biri reallaşmış olacaq.
Vüqar Kərimov,
Bakı şəhəri, Xətai rayonu Murad Hacıyev adına 116 №-li tam orta məktəbin direktor əvəzi