25 yanvar 2023 11:40
1196

Azərbaycan mühüm qlobal layihələrin reallaşmasına böyük töhfə verir

Azərbaycan geoiqtisadi və geosiyasi mövqeyindən maksimum yararlanaraq, regionlararası nəqliyyat-logistika əlaqələrinin yaradılmasında fəal iştirak edir və beynəlxalq layihələrin reallaşmasına çox mühüm töhfə verir. Ölkəmiz “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq həmçinin “Cənub-Qərb” və “Şimal-Qərb” layihələri üzərində iş aparır.

Prezident İlham Əliyev Azərbaycanı nəinki Cənubi Qafqazda, ümumilikdə Avroatlantika geosiyasi arealında öz mövqeyi olan dövlətə çevirib və qlobal layihələri ilə ölkəmizi etibarlı tərəfdaş kimi tanıdıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edib.

Prezident ilk növbədə bildirib ki, Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir: “Hesab edirəm ki, istənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq”.

Dövlət başçısı onu da vurğulayıb ki, Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Biz artıq Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsini müşahidə edirik və bu, sadəcə, başlanğıcdır. Həmçinin əlavə etmək istərdim ki, biz bu ildən etibarən artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamışıq və bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur. Buna görə düşünürəm ki, bu və ya digər mənada “vahid pəncərə” sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsində əldə edilmiş böyük zəfərdən sonra yaranmış yeni reallıqlara uyğun addım atan cənab Prezident İlham Əliyevin işğaldan azad edilən torpaqlarımızda reallaşdırdığı yeni layihələr Azərbaycanın geosiyasi və geoiqtisadi imkanlarının getdikcə daha da yüksəlməsini şərtləndirir. Bu xüsusda yaxın zamanlarda reallığa çevriləcək Zəngəzur dəhlizinin həm bölgə, həm də ümumilikdə Avrasiya arealı üçün böyük əhəmiyyəti danılmaz faktdır.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı