24 yanvar 2023 11:14
549

Davos Forumunda Azərbaycanın təcrübəsi uğurla təqdim olunub

Xəbər verildiyi kimi, yanvarın 16-dan 20-dək İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu keçirilib. Dünyanı narahat edən mühüm məsələlərin müzakirə olunduğu budəfəki Forum qlobal problemlər yaradan bir sıra risk amillərinin müzakirəsi baxımından diqqət çəkir. Azərbaycan Prezidenti İlham Əliyevin də qatıldığı Dünya İqtisadi Forumunda beynəlxalq medianın iştirakı, televiziya və veb-yayımları sayəsində bu mötəbər tədbir geniş ictimaiyyətin diqqət mərkəzindədir. Bu baxımdan dövlət başçısı İlham Əliyevin Forumda iştirakı və keçirdiyi görüşlər ölkəmiz üçün xüsusilə əhəmiyyətlidir.

Azərbaycan artıq Dünya İqtisadi Forumunda mütəmadi olaraq iştirak edən ölkələrdən biri kimi tanınır. Davos Forumunda Azərbaycanın təcrübəsi cənab Prezident İlham Əliyev tərəfindən uğurla təqdim olunub. Azərbaycan Davos Forumunu ona görə seçib ki, ölkəmizin əldə etdiyi iqtisadi nailiyyətləri orada öz tərəfdaşları ilə birlikdə müzakirə predmetinə çevirsin. Bu nailiyyətləri Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlı olan ölkələrə çatdırsın. Biz görürük ki, əvvəllər – təxminən 15 il bundan qabaq Azərbaycan Davos Forumunda ilk addımlarını atırdı. Forumun panellərində müzakirələr əsasən neft-qaz sektoru üzərində fokslaşırdısa, artıq Azərbaycanla olan təmaslar ölkəmizin qeyri-neft, nəqliyyat sektoru və digər dövlətlərlə neft gəlirlərinin şaxələndirilmiş iqtisadiyyatın başqa sahələrinə investisiya maraqları üzərində qurulub. Ən böyük əhəmiyyət bunun dünya ictimaiyyətinə və iqtisadiyyatı neftdən asılı olan ölkələrin Azərbaycan təcrübəsindən yararlanması aspektində çatdırılmasıdır.

Böyük maraqla qarşılanan təqdimat mərasiminin iştirakçıları arasında dövlət və özəl sektorları təmsil edən nümayəndələr, o cümlədən diplomatlar, təhsil və media qurumlarının əməkdaşları, müxtəlif şirkətlərin rəhbərləri təmsil olunub. Dövlət başçısı İlham Əliyev Forum çərçivəsində keçirdiyi görüşlərdə həm ölkəmiz, həm də region və dünya üçün müstəsna əhəmiyyətə malik olan çox mühüm məsələlərlə bağlı fikirlər söyləyib. Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında uzun illərdir davam edən əməkdaşlığın yaxşı perspektivlərə malik olduğu bildirilib. Eyni zamanda, Azərbaycanın iqtisadi inkişafı, beynəlxalq nüfuzu və ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi islahatların əhəmiyyəti diqqətə çatdırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Çinin CGTN televiziyasına müsahibəsində də qeyd etdiyi çox maraqlı məqamlardan biri ondan ibarətdir ki, nəqliyyat layihələrinə necə münasibət göstərməsi ölkələrin strategiyasından asılıdır: “Bizim üçün bu, iqtisadiyyatımızı şaxələndirmək və neft-qaz gəlirlərindən asılılığımızı azaltmaq üçün əsas amillərdən biri idi. Deyə bilərəm ki, ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görə artmışdır. Görülmüş tədbirlər bizə yükdaşımanı sürətləndirməyə, bürokratik əngəlləri aradan qaldırmağa və bunu fiziki olaraq cəlbedici etməyə imkan verir.” 
Ümumiyyətlə, biz neft-qaz sektorundan əldə etdiyimiz gəlirləri heç vaxt hədər yerə xərcləməmişik və onlardan mümkün qədər daha çox faydalanmağa çalışmışıq. Onları hətta neft sektoruna yatıranda belə bunların faydalılıq əmsalının daha da yüksək olmasına səy göstərmişik. Bunlara misal kimi neft-qaz infrastrukturuna yönəldilən xərcləmələrdir ki, bu, hətta bizim özümüzün karbohidrogenlərimiz tükənsə belə, qonşu ölkələrin ehtiyatlarının dünya bazarlarına çıxarılmasında istifadə edilərək Azərbaycana dividendlər gətirəcək.

Həmçinin Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı və orada söylədiyi fikirlər böyük maraq doğurub. Mütəxəssislər Azərbaycan Prezidentinin təhlillərinə və irəli sürdüyü fikirlərə xüsusilə diqqət yetiriblər. Dövlət başçısının səsləndirdiyi fikirlər beynəlxalq mətbuatın da diqqət mərkəzindədir.

Hazırkı reallıqlar onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət sayəsində qarşıdakı dövrdə Azərbaycanın uğurlu və dayanıqlı inkişafı təmin ediləcək. Şübhəsiz ki, postpandemiya dövründə yeni islahatlar davam etdiriləcək. Bu isə maliyyə və iqtisadi sabitliyin qorunub saxlanması, qeyri-neft sektorunun davamlı inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, əhalinin sosial rifahının yüksəldilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri