Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri də Birləşmiş Ərəb Əmirlikləri olmuşdur. Torpaqlarımızın bir hissəsinin işğal altında olduğu zamanlarda, Vətən müharibəsində, eləcə də postmüharubə dövründə Birləşmiş Ərəb Əmirlikləri hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyərək, Ermənistanın hərəkətlərini pisləyən bəyanatlarla çıxış etmişdir. Azərbaycanla ikitərəfli əməkdaşlıq əlaqələri olan ölkələrdən biri də Birləşmiş Ərəb Əmirlikləridir. Ölkələrimiz arasında mövcud olan münasibətlər strateji əhəmiyyətə malikdir.
Xatırladaq ki, Birləşmiş Ərəb Əmirlikləri neft ixracına, ilk olaraq 1962-ci ildən etibarən başlayıb və neft ixracından gələn gəlir səhiyyəyə, təhsilə və milli infrastrukturun inkişafına yatırılaraq, bütün Əmirliklərin inkişafı təmin edilib. Biznes və turizmin inkişafı Əmirlikdə geniş tikintilərə səbəb olub ki, bunun da nəticəsi bu günkü möhtəşəm mehmanxanalar və göydələnlər şəhərləri olan Əbu-Dabi və Dubaydır. Ölkə, Fars körfəzi ölkələri içərisində digər mədəniyyət və inanclara qarşı tolerantlıq nümayiş etdirən ən liberal ölkədir. Bir çox iqtisadi parametrlərə görə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında bənzərliklər var. Bizim ölkəmiz də BƏƏ kimi neft və qaz istehsalçısı olan, azad edilmiş ərazilərimizi tikinti meydançasına çevirən və həm bu, həm də digər ərazilərimizdə turizmin inkişafı üçün zəruri infrastrukturun yaradılması hədəfləri olan, liberal dəyərlərə üstünlük verən, bərpaolunan enerji ilə bağlı nəhəng potensialı olan və məqsədyönlü şəkildə bu potensialdan istifadə proqramları həyata keçirən ölkədir. Bu layihələrin reallaşmasında BƏƏ-nin təcrübə və potensialından geniş istifadə edilir.
Prezident İlham Əliyev 16 yanvar tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu - Dabidə Dayanıqlıq Həftəsinin rəsmi açılış mərasimində çıxış edərək Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolundan, ölkəmizdə bərpa olunan elektrik enerji istehsalında həyata keçirdiyi layihələrdən Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud münasibətlər haqqında məlumat verdi. Ölkəmizin iqtisadi inkişafının əsas göstəricilərindən biri enerji sektorunda əldə edilən uğurlardır. Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət və uğurlu enerji strategiyası nəticəsində ölkəmizdə enerji təhlükəsizliyi hələ bir neçə il əvvəl təmin olunub. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Artıq ölkəmiz bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi üçün çox mühüm konsepsiyalar həyata keçirməkdədir. Birləşmiş Ərəb Əmirliklərinə məxsus və dünyanın ən böyük şirkətlərindən olan Masdar şirkəti Azərbaycanda bərpa olunan elektrik enerjisi istehsal edən stansiya inşa edir. Artıq iki ildir ki, Azərbaycandan Avropaya uzunluğu 3500 km olan Cənub Qaz Dəhlizi vasitəsilə təbii qazın ixracı həyata keçirilir. Bu boru xətti vasitəsilə Avropaya təbii qazın həcmi hər il artırılır. Ölkəmiz quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanlarına sahibdir. Azərbaycanda yaradılmış müsbət investisiya mühiti də BƏƏ-nin təcrübə və imkanlarından yararlanmaq üçün geniş perspektivlər açır.
Prezident İlham Əliyevin BƏƏ səfəri çərçivəsində "Masdar" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında külək və günəş enerji stansiyalarının yaradılmasına dair Saziş imzalanıb. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın bərpaolunan enerji ilə bağlı proqramı tamamilə fərqli gündəliyə malikdir və bu ölkəmizin ixracını şaxələndirməyə şərait yaradacaqdır və bildirdi ki, əgər Azərbaycanın təbii qaz ixracı 2021-ci ildə 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaqdır. Artım gələcəkdə də davam edəcəkdir. Bununla da Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə vermiş olacaqdır. Ölkə başçısı onu da bildirdi ki, ölkəmizin bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi kifayət qədər ixrac marşrutlarına da ehtiyac yaradır. İxrac marşrutlarının da yaradılması üçün paralel olaraq tədbirlər həyata keçirilir.
Belə ki ,2022-ci ilin dekabr ayının 17-də Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya arasında Azərbaycanda istehsal olunan elektrik enerjisinin Avropaya ixrac edilməsi üçün Qara dənizin dibindən kabel çəkilməsinə dair saziş imzalanıb. Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaqdır. Həmçinin ölkəmizin beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər Azərbaycana 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaqdır.
Planetimizin gələcəyində maraqlı olan dövlət və hökumət başçılarınının, siyasətçilərin, sənaye liderlərinin, sərmayəçilərin, iş adamlarını və gənclərin aktual məsələlərin müzakirəsi üçün bir araya gəldiyi və dünyanın 150 ölkəsindən 30 minədək nümayəndənin iştirak etdiyi “Dayanıqlılıq Həftəsi” kimi mötəbər bir beynəlxalq tədbirə Azərbaycanın da dəvət alması, şübhəsiz ki, Prezidentimizin apardığı uzaqgörən siyasi kurs sayəsində ölkəmizin mühüm beynəlxalq layihələrin müəllifi və təşəbbüskarına çevrilməsinin və artan nüfuzunun göstəricisidir. #YAP #YeniAzerbaycanPartiyasi #IlhamAliyev
Ayaz Cəbrayılov,
YAP Kürdəmir rayon təşkilatının sədri