Azərbaycan Republikası ilə ərəb dövlətləri arasında iqtisadi, ticarət və mədəni əlaqələr inkişaf edir. Prezident İlham Əliyevin ərəb ölkələrinə səfəri, onların Azərbaycana rəsmi səfərləri qarşılıqlı əməkdaşlığın genişlənib inkişaf etdiyinin göstəricilərindəndir. Qeyd edək ki, Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var. Bu da münasibətlərin inkişafına təkan verir.
Qlobal problemlərin yalnız inklüziv iştirak yolu ilə həll oluna biləcəyinə dair möhkəm inam əsasında qurulan bu platforma davamlı inkişafı təmin edəcək iqlim fəaliyyəti və innovasiyaları müzakirə etmək üçün dövlət başçıları, siyasətçiləri, sənaye liderləri, investorlar, sahibkarlar və gəncləri bir araya gətirir. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” energetika şirkəti tərəfindən dəstəklənən bu qlobal təşəbbüs iqtisadi, sosial və ekoloji tərəqqiyə yardım edəcəyi gözlənilir.
Prezident İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib ki, “Masdar” ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 4 qiqavatlıq külək və günəş enerjisinin istehsalına dair razılaşma imzaladılar: "Bu, hələ qısamüddətli layihədir. Ortamüddətli layihələr gücləri 10 qiqavata qədər artıracaq. Bu, tamamilə icraolunandır. Bununla bağlı yol xəritəmiz var. Yalnız həmin layihə nəticəsində “Masdar” ilə apardığımız əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək. Bütövlükdə Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisi istehsal etmək imkanı yaradacaq". Dövlət başçısı Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində oynadığı rola işarə edərək bu istiqamətdə görülən işdən də bəhs edib: "Cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqaenerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdən çoxdur. Təbii qaz ixracımız artır - ötən il 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. Bu rəqəm artmaqda davam edəcək. Buna görə mən bir daha söyləmək istərdim ki, Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil. Belə ki, biz həmin işləri artıq söylədiyim başqa səbəblərə görə aparırıq”.
Yeri gəlmişkən, İlham Əliyev ötən il noyabrın 1-də Əlcəzair Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına da dəvət edilmişdi. Dövlət başçısı fəxri qonaq statusunda tədbirdə çıxış edərək bildirib: "Fransanın yüz ildən artıq müddət ərzində Əlcəzair xalqına qarşı apardığı çox dəhşətli müharibəyə diqqət çəkərək bildirmişdi: “Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik”. Prezident Azərbaycan torpaqlarının işğal altında saxlanılmasından, Ermənistanın Xocalı soyqırımını törətməsindən və başqa məsələlərdən bəhs etmişdi. Dövlət başçısı bu soyqırımın bir sıra dövlət tərəfindən soyqırım olaraq tanınmasını da xüsusi olaraq vurğulamışdı: “Azərbaycan da Əlcəzair kimi işğaldan əziyyət çəkib. Bizim torpaqlarımız otuz il Ermənistanın işğalı altında qalmışdı. Bütün bu işğal illəri ərzində biz həmişə ərəb qardaşlarımızın dəstəyini, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss edirdik”. İlham Əliyev torpaqlar işğaldan azad edildikdən sonrakı mənzərədən də bəhs edərək söyləmişdi: “Bəs qayıtdıqdan sonra biz nə gördük? On min kvadratkilometrdən çox ərazinin tamamilə məhv edildiyini gördük. Bu ərazi bəzi ölkələrin ərazisinə bərabərdir. Hər bir şey yerlə-yeksan edilmiş, dağıdılmışdır - şəhərlər, kəndlər, binalar, tarixi abidələr, hətta bizim əcdadlarımızın qəbirləri. İşğal zamanı 67 məsciddən 65-i Ermənistan tərəfindən tamamilə dağıdılmışdır. Bu isə terrorçu Ermənistan dövlətinin islamofob mahiyyətinin təzahürüdür”. Dövlət başçısı Azərbaycanla Ərəb Dövlətləri Liqasına üzv olan ölkələr arasında ikitərəfli əməkdaşlığa da xüsusi önəm verdiklərini qeyd edib: “Biz aramızda olan qarşılıqlı dəstəyi və həmrəyliyi yüksək qiymətləndiririk”.

Nəcəfağa Rəhimov,
YAP Xətai rayon təşkilatının fəalı,
Beynəlxalq münasibətlər üzrə mütəxəssis,
Politoloq