23 yanvar 2023 10:35
486

Azərbaycan Çinlə əlaqələrin inkişafına böyük əhəmiyyət verir

1991-ci ilin dekabrın 27-də Çin Xalq Respublikası tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması və 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulması ilə Azərbaycan-Çin münasibətlərinin müasir mərhələsi başlayıb. Azərbaycan-Çin dövlətlərarası münasibətlərində iqtisadi aspekt ön plandadır. Ümumən məlumdur ki, Çinin xarici siyasəti daha çox ölkənin iqtisadi maraqlarını qlobal miqyasda təmin etməyə yönəlib. Azərbaycan tərəfindən həyata keçirilən Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi nəqliyyat-infrstruktur layihələri Transxəzər Şərq-Qərb Nəqliyyat Dəhlizini formalaşdırır, bu isə Çindən Avropaya yük daşımaları üçün yeni marşrutdur. Azərbaycan hesab edir ki, bu nəqliyyat marşrutu malların Çindən Avropaya, Avropadan isə Çinə gətirilməsi üçün ən qısa yoldur. Azərbaycan hökuməti BMT Təhlükəsizlik Şurasının daimi üzvü, dünyanın ikinci böyük iqtisadiyyatına malik Çin Xalq Respublikası ilə ikitərəfli siyasi əlaqələrin inkişafına böyük əhəmiyyət verir.

2023-cü ilin yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirakı zamanı Çinin CGTN (China Global Television Network) televiziya kanalına öz müsahibəsində qeyd edib ki, hazırda Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Hazırda ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Lakin indi şaxələnmə istiqamətində hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir. Azərbaycanın tranzit ölkə kimi imkanlarına gəldikdə bildirilib ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır. Bu gün Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsi icra olunur. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcəklər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində qeyd edib ki, ümid edirik ki, qeyri-enerji sektoruna daha çox investisiyalar olacaq, çünki ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Bu da təbiidir və biz bunu anlayırıq. Lakin indi bizim şaxələnmə barədə düşünmək, düşünmək yox, hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpa olunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir.

Ülkər Məmmədzadə,
6 saylı Bakı “ ASAN xidmət” mərkəzi