21 yanvar 2023 19:39
824

Azərbaycan beynəlxalq nəqliyyat mərkəzinə çevrilib

Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi siyasətinin tərkib hissəsi olan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici və mühüm rola malikdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu layihələr ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafında müstəsna rolu olan nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə, tranzit imkanlarının genişləndirilməsinə mühüm töhfə verir, Azərbaycanın tranzit potensialını gücləndirir.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla ətraf ərazilərdə azad iqtisadi zonanın yaradılmasıdırki, bu da mühüm nəqliyyat qovşağı kimi limana daha geniş tranzit və daşıma imkanları təmin edəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edərək bildirmişdirki, Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. Hesab edirəm ki, istənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır.

Çin Xalq Respublikası 2013-cü ildə Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” adlı yeni iqtisadi inkişaf strategiyası elan etmişdir.  Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”.

"Kəmər" sözü "İpək Yolu İqtisadi Kəməri"nin qısaltmasıdır. Bu ad Qərb vilayətlərinin Mərkəzi Asiyadan keçən məşhur tarixi ticarət yolları boyunca davam edəcək olan avtomobil və dəmir yolu nəqliyyatı üçün təklif olunan quru yollarına istinaddır. Əlavə olaraq, buradakı "yol" sözü "XXI əsrin Dəniz İpək Yolu"nun qısaltmasıdır. Bu ad Hind və Sakit okeanları üzərindən Cənub-Şərqi Asiyadan Cənubi Asiyaya, Yaxın Şərqə və Afrikaya gedən dəniz yollarına istinaddır.

Preziden İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verərək qeyd etmişdir ki, “Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq.

Beləliklə, bu illər ərzində, daha dəqiq desək son 10 il ərzində biz Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü inşa etdik. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik. Biz əsasən dəmir yolu infrastrukturuna investisiya yatırdıq və bunu təkcə Azərbaycanda yox, regionda da etdik. İndi isə biz bu dəmir yolunu Bakıdan qərb istiqamətində genişləndirmək üçün əlavə sərmayə yatırırıq. Biz bütün digər layihələri - avtomagistrallar, hava limanları kimi layihələri də həyata keçirmişik. Beləliklə, açıq dənizə çıxışı olmayan bir ölkə olan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrildi. Həmçinin “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutlar, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı. İndi isə biz Şimal-Qərb marşrutu haqqında da danışırıq. Bu, uğurla inkişaf edən qlobal layihədir. Marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər. Əlbəttə ki, nəqliyyat layihələrinə necə münasibət göstərməsi ölkələrin strategiyasından asılıdır. Bizim üçün bu, iqtisadiyyatımızı şaxələndirmək və neft-qaz gəlirlərindən asılılığımızı azaltmaq üçün əsas amillərdən biri idi. Deyə bilərəm ki, ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görə artmışdır. Görülmüş tədbirlər bizə yükdaşımanı sürətləndirməyə, bürokratik əngəlləri aradan qaldırmağa və bunu fiziki olaraq cəlbedici etməyə imkan verir

Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində gələcəklə bağlı fikirlərini bildirib. Qeyd edib ki, bizim böyük gözləntilərimiz var və bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Lakin bizim üçün bunun əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır. Bu səbəbdən biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik. Hesab edirik ki, nəqliyyat sahəsi bizə ixracımızı şaxələndirməyə imkan verəcək, çünki biz xidmət ixrac edəcəyik. Bununla yanaşı, Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacaq. Ümidvarıq ki, bu azad zona istehsal yeri və şirkətlərin investisiya yatırması üçün əlverişli yer olacaq.

Sənan Abdullayev,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri,
YAP fəalı