«Bir kəmər, bir yol»: Ölkəmizi beynəlxalq, logistika və nəqliyyat mərkəzinə çevirən layihə
Davos Dünya İqtisadi Forumu çərçivəsində «Yeni enerji reallığının istiqamətləndirilməsi» mövzusundakı keçirilən dəyirmi masada iştirak edən, Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində hər iki ölkə arasında möhkəmlənən əlaqələrdən söz açan Prezident İlham Əliyev Azərbaycanın nəqliyyat və enerji sahəsində qazandığı uğurlardan ətraflı bəhs edib
Davosda biri-birindən maraqlı görüşlər keçirən, məntiqli çıxışları ilə diqqəti cəlb edən Prezident İlham Əliyevin beynəlxalq aləmdə baş verən hadisələr barədə açıqlamaları böyük maraqla qarşılandı. İkili standartların hələ də mövcud olduğu, qüvvələr nisbətinin dəyişildiyi dünyamızda baş verən hadisələri təcrübəli lider kimi təhlil edən dövlət başçımız İlham Əliyevin ölkəmizin qlobal hadisələr fonunda dünya siyasətindəki rolu ilə bağlı açıqlamaları Azərbaycan həqiqətlərinin təqdimatı idi.
Maraqla qarşılanan müsahibəsində əsasən Çin Xalq Respublikası ilə Azərbaycan arasında davam edən və son 30 ildə möhkəm platforma üzərində formalaşan əməkdaşlığı bütünlükdə dünya birliyi üçün önəmli adlandıran Prezident İlham Əliyev beynəlxalq təsisatlar çərçivəsində də diqqətçəkən münasibətləri, yeni çağırışlara uyğun inkişaf edən iqtisadi əməkdaşlığı yüksək dəyərləndirib: «Biz Orta Dəhlizlə bağlı Sədr Si Cinpinin təşəbbüslərini tam dəstəkləyirik. Azərbaycanda biz artıq öz ev tapşırığımızı yerinə yetirmişik. Biz nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurmuşuq. Həmçinin biz enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edirik. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir. Beləliklə, bizim həqiqətən də çoxşaxəli münasibətlərimiz var.» Ölkəmizin infrastruktur, enerji və tikinti sahələrində fəaliyyət göstərən Çin şirkətləri ilə əmkdaşlığın qarşıdakı illərdə daha geniş coğrafiyada davam edəcəyini bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanda mövcud olan siyasi sabitlik, müsbət investisiya mühitinin təhlükəsizliyi üçün lazımi şəraitin yaradılması xarici iş adamlarının diqqətini ölkəmizə cəlb edir. Onlar arasında çinli iş adamlarının çoxluq təşkil etməsi qarşılıqlı əlaqələrin hər iki ölkənin maraqlarına uyğun tənzimlənməsinin ifadəsidir. Qeyd olunduğu kimi, sürətlə dəyişən müasir dünyamızın çağırışlarına uyğun hədəflərə çatmaq üçün dövlətlərarası münasibətlərin dünya siyasətinə uyğunlaşdırılması ilə iqtisadi böhranın yaratdığı çətinliklərin birgə səylə aradan qaldırılması daha önəmlidir. Ölkəmizə qoyulan sərmayələrin əsasən neft - qaz sektoruna yönəldilməsinə, Azərbaycan iqtisadiyyatının şaxələndirilmə siyasətinə uyğun inkişafına baxmayaraq qeyri-enerji sektoruna, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə ayrılmış investisiyalardan səmərəli istifadə ölkəmiz üçün prioritetlərdən sayılır. «Bu da təbiidir və biz bunu anlayırıq. Lakin indi bizim şaxələnmə barədə düşünmək yox, hərəkət etmək vaxtıdır» söyləyən Prezident İlham Əliyev bildirib ki, Ələt azad iqtisadi zonanın istifadəyə verilməsi ilə Çin şirkətləri üçün də yaxşı imkanlar yaranacaq.
İki ölkə arasındakı səmərəli münasibətlərin ən yaxşı nümunəsi çox böyük coğrafiyanı əhatə edən, bu il 10 ili tamamlanacaq «Bir kəmər, bir yol» layihəsində hər iki dövlətin eyni mövqedən çıxış etmələridir. Çinin təşəbbüsü ilə həyata keçirilən bu layihəyə ilk qoşulanlardan olan Azərbaycan təklif kimi irəli sürülən, mövcud olmayan infrastruktura investisiya yatırmaqla kifayətlənmədi. Xəzər dənizində regionun ən böyük infrastrukturunu, 15 milyon ton yükdaşıma gücünə malik Ələt Beynəlxalq Ticarət Limanı inşa olundu. Bu dənizlə yükləri daşımaq üçün gəmiqayırma zavodu tikildi. Regional dəmiryollarının inşasına sərmayə ayrıldı. Avtomagistrallar, hava limanları kimi layihələr həyata keçirildi. Nəticədə açıq dənizə çıxışı olmayan Azərbaycan beynəlxalq, logistika və nəqliyyat mərkəzinə çevrildi. «Bir kəmər, bir yol»” təşəbbüsü müxtəlif marşrutlar, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı. «İndi isə biz Şimal-Qərb marşrutu haqqında da danışırıq. Bu, uğurla inkişaf edən qlobal layihədir. Marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər» söyləyən dövlət başçımız bildirdi ki, bu beynəlxalq əhəmiyyətli nəqliyyat infrastrukturunun idarəedilməsinə göstərilən diqqətin, tərəfdaş ölkələrin səylərinin birləşdirilməsinin nəticəsidir.
Müasir dövrün başlıca tələbi olan müştərək faydanı görmək təcrübəsinə nümunə kimi rəsmi Pekinin yeni dəmir yolu layihəsi olan və Xəzər dənizinə yönələn Çin-Qırğızıstan-Özbəkistan layihəsini göstərən, təşəbbüsün regional əhəmiyyətini «Orta Dəhlizin parlaq gələcəyi var!» sözləri ilə ifadə edən Prezident İlham Əliyev mütərəqqi ideyalara tərəfdar olmaqla, onların reallaşmasına dəstək verib. Çünki yaşıl, ekoloji cəhətdən təmiz və daha yüksək keyfiyyətə malik «Bir kəmər, bir yol»” layihəsinin əsas mahiyyəti dövlətlərarası münasibətləri möhkəmləndirməkdir. Bəllidir ki, Azərbaycanda yaşıl enerji üçün böyük potensial, Çində müasir dövrün tələblərinə uyğun texnoloji nailiyyətlər mövcuddur. Bu səylərin birləşdirilməsi ilə Azərbaycanın enerji ixracı artacaq. Əvvəllər olduğu kimi, bu il də Dünya İqtisadi Forumunda dünya siyasətinin aktual mövzularından olan enerji böhranı ilə bağlı fikirlərin real faktlar əsasında diqqətə çatdırılması Davos müzakirələrinin əhəmiyyətini artırıb. Daha çox diqqətçəkən amil dünyanın enerji xəritəsini dəyişən Azərbaycanın təşəbbüsləri ilə bağlı açıqlamalar oldu. Bəllidir ki, ulu öndər Heydər Əliyevin hazırladığı neft strategiyasının bəhrəsi olan «Əsrin müqaviləsi»nin imzalandığı dövrdə də tranzit dövlətlər və istehlakçılar arasında balansı qoruyan Azərbaycanın enerji siyasəti hazırda dünya dövlətlərinin daha çox maraq göstərdiyi sahədir. Yeddi ölkəni, ondan çox şirkəti birləşdirən, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Avropa İnvestisiya Bankı və Asiya İnkişaf Bankı kimi aparıcı maliyyə institutlarının dəstəyi ilə ərsəyə gələn, texniki cəhətdən çox mürəkkəb və bahalı layihə olan Cənub Qaz Dəhlizinin bütün seqmentləri üzrə istifadəyə verilməsi ölkəmizə marağı daha da artırıb. «Biz komanda işini qurmağa nail olduq. Biz bu işi məhz belə qura bildik. İndi - bütün bu infrastruktur layihələrinin hazır olduğu bir vaxtda belə alındı ki, bizim qazımıza indiyədək olduğundan daha çox ehtiyac var. Çünki Avropada qaz çatışmazlığı var və bizim Avropaya kəmərimiz enerji təhlükəsizliyinə töhfənin elementlərindən biridir. Ötən il biz Avropa bazarına qaz ixracını iki dəfə artırmaq üçün Avropa Komissiyası ilə sənəd imzaladıq. Biz 5 il ərzində bu hədəfə nail olacağıq, bu, mümkündür, baxmayaraq ki, asan olmayacaq. Azərbaycan sözsüz ki, təbii qazın çox böyük təchizatçısı deyil, lakin bizim Şərqi və Cənubi Avropada bazarımız var və gələcəkdə daha çox qaz hasil etdikcə, coğrafiyamızı genişləndirəcəyik» söyləyən Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun əsas mövzusu olan «Parçalanmış dünyada əməkdaşlıq!» çağırışını xatırlatmaqla bildirdi ki, bəzi ölkələrin ambisiyaları, regionda və ya dünyada bir növ liderlik uğrunda mübarizə istəkləri , malik olduqları potensialı düzgün dəyərləndirməmələri, opponetlərin potensialının mövcud olduğundan aşağı qiymətləndirilməsi dövlətlərarası etimadsızlığa, gərginliyə və regional müharibələrə səbəb olur. Artıq dünyada özünü təsdiqləyən bir həqiqət vardır: «Azərbaycanın daxili və xarici siyasəti sözün əsl mənasında, əməkdaşlığa əsaslanıb.» Ölkəmizin təşəbbüsləri ilə həyata keçirilən enerji layihələrinin reallaşmasında birgə fəaliyyət də göstərdi ki , yalnız əməkdaşlıq sayəsində uğur qazanmaq mümkündür: «Nə qədər çox versəniz, nə qədər çox yardım etsəniz, bir o qədər çox əldə edəcəksiniz. Dünya bunun üzərində qurulub.» Çin tərəfindən təklif edilmiş «Vahid Gələcək Birliyi»” ideyası da bu cür humanist, xeyirxahlıq kimi bəşəri dəyərlərə əsaslanır, dostluğun, səmimi münasibətlərin dünyada sülh təminatı üçün başlıca amil olduğunu təsdiqləyir. Dünya dövlətlərinə çağırışların əsasını da bu hədəflər təşkil etməlidir.
İstər fərd olsun, istərsə dövlət, əsas odur ki, vədləri yerinə yetirmək cəsarətini əməlinlə təsdiqləyəsən. Bunun üçün isə özünəinam fəlsəfəsini təcrübədə, həyatda işinlə doğrultmalısan.
«Verdiyim bütün sözlər yerinə yetirilib. Digər tərəfdən, mən çox söz vermirəm, çünki nəticəni nümayiş etdirməyi üstün tuturam. Siz tamamilə haqlısınız ki, çoxlu sözlər danışılır, çoxlu bəyanatlar, açıqlamalar verilir, sonra isə onlar tamamilə yoxa çıxır və bu açıqlamaları, vədləri verənlər, onları ya unudur, ya da özlərini elə aparırlar...» söyləyən Prezident İlham Əliyev xalqla birlikdə olub, insanların rəy və təklifləri əsasında formalaşan idarəçiliyi, həmrəyliyi təcrübə məktəbi adlandırır və başqalarına da tövsiyə edir.
Xuraman İsmayılqızı, «İki sahil»