19 yanvar 2023 18:17
687

Xalqımızın qəhrəmanlıq salnaməsi

Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 33 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecənin faciəsinin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə, xəyanətin  səbəbkarlarına öz dərin nifrətini bildirir. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçalada, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.

Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvarda onların xatirəsini dərin ehtiramla yad edir. Hər il dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir, qanlı qırğının ildönümü respublikanın bütün şəhər və rayonlarında qeyd olunur. Yanvar hadisələrinin əsl mahiyyətinin indiki və gələcək nəsillərə çatdırılması əsas vəzifələrimizdəndir.

Azərbaycan xalqı daim yenilməzlik, məğrurluq nümunəsi nümayiş etdirib. Zəngin və qürurverici tariximiz var. Tariximizi öyrənmək və gələcək nəsillərə çatdırmaq əsasdır. Dövlət başçısı İlham Əliyev daim çıxışlarında bu çağırışı edir ki, müstəqillik tariximizin ayrı-ayrı dövrləri arasında tarixi paralellər aparılmalı, müstəqillik yolumuzun heç də hamar olmadığını gələcək nəsillərə çatdırmalıyıq.

20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Bu mənada 20 Yanvarın Azərbaycanın tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi kimi böyük əhəmiyyəti var. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər. Vətənin azadlığı, suverenliyi uğrunda özlərini qurban verən şəhidlərin xatirəsi həmişə qəlbimizdə yaşayacaq.

Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir məkan var- Şəhidlər xiyabanı. 20 Yanvar hadisələrinin ildönümlərində paytaxt və bölgələrdən vətəndaşlarımız Vətən oğul və qızlarının unudulmaz xatirəsinə hörmət və ehtiram olaraq   Şəhidlər xiyabanını ziyarət edirlər.

Bu gün böyük qürurla tarixi Zəfərimizdən danışırıq. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra inkişaf yoluna çıxan Azərbaycan illər keçdikcə daha da gücləndi, qüdrətləndi, hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Azərbaycanın diplomatik mübarizədə qələbəsi 44 günlük İkinci Qarabağ müharibəsində  tarixi Zəfərimizdə öz sözünü dedi. Azərbaycan nəinki döyüş meydanında, informasiya cəbhəsində üstünlüyünü dünyaya nümayiş etdirdi. Dövlətimizin ədalətə və beynəlxalq hüquqa əsaslanan təbliğatı bu gün də uğurla davam edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin  bildirdiyi kimi, biz Qərbi Azərbaycana qayıtmalıyıq.

Uğurlarımız bu reallığa əsas verir ki, dövlətinin gələcəyini, xalqının azad, firavan yaşayışını istəyən, bunun üçün fədakarlıq göstərən Lider daim milyonların sevgisini və etimadını qazanacaq. Dahi şəxsiyyət Heydər Əliyev bu sevgisini Azərbaycanın müstəqilliyini daimi və sarsılmaz etməkdə, Prezident İlham Əliyev torpaqlarımızın xilaskarı kimi tanınmaqda təsdiqlədi.

30 illik işğala, eyni zamanda,  Vətən oğullarımızın qanı, canı bahasına son qoyduq. Silaha sarılaraq dövlət başçısı, Ali Baş Komandan  İlham Əliyevin “Hücum!” əmrini yüksək əhval-ruhiyyə ilə cavablandıran gənclərimiz qanları, canları ilə tarix yazdılar.

Azərbaycanın müstəqilliyinin təmin edilməsi, ərazi bütövlüyümüzün bərpası yolunda şəhid olan Vətən övladlarımızın  ruhu qarşısında baş əyirik. Onların xatirəsi hər zaman xalqımızın qəlbində yaşayacaq, vətənpərvərlik məktəbinə çevrilən həyat yolları daim vərəqlənəcək, neçə-neçə nəsil bu məktəbdən bəhrələnəcək.

Gülər Kərimova,
YAP Şabran rayon təşkilatının məsləhətçisi