Bu il yanvar ayının 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilmişdir. Əbu-Dabi Dayanıqlılıq Həftəsi dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini, bu məqsədə çatmaq üçün öz proqramını qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, innovasiya prinsipləri üzrə həyata keçirən beynəlxalq platformadır. 2008-ci ildə təsis edilmiş Əbu-Dabi Dayanıqlılıq Həftəsi aktual məsələlərin müzakirəsi məqsədilə dünyanın inkişafında xüsusu rolu olan dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, sərmayəçiləri, iş adamlarını və gəncləri toplantıda cəmləyir. Yanvar ayında keçirilən bu tədbirdə Dayanıqlılıq Həftəsində dünyanın 150 ölkəsindən 30 minədək nümayəndə iştirak etdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisi kimi Azərbaycan da bu mötəbər beynəlxalq tədbirə dəvət olunmuşdur. Azərbaycan zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
Cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanın öz enerji tələbatlarını təmin etməklə yanaşı xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac etdiyini bildirdi. Bərpaolunan enerji ilə bağlı proqram nəhəng potensial və onun sayəsində ixracın şaxələndirilməsi üzərində qurulmuşdur. Bunun nəticədə iqtisadiyyatda yeni ekoloji təmiz sektoru yaranacaqdır. Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurulmuşdur.
Təbii qaz ixracında da artımlar müşahidə olunur. Ölkə Başçısı bildirdi ki, “Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil, belə ki, biz həmin işləri artıq söylədiyim başqa səbəblərə görə aparırıq”.
Cənab Prezident İlham Əliyev çıxışında bəzi rəqəmləri tədbir iştirakçılarının diqqətinə çatdıraraq quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcudluğunu bildirmişdir. “Bütövlükdə, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər bizə 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq”.
Bahar Məmmədova,
Bakı şəhəri, Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri