Azərbaycan-Çin münasibətləri, qarşılıqlı əməkdaşlıq 30 ildir ki, yüksələn xətt üzrə inkişaf edir. Dövlətimizin rəhbəri cənab İlham Əliyev dünyanın ən böyük və inkişaf edən ölkələrindən biri olan Çin Xalq Respublikası ilə əlaqələrin möhkəmləndirilməsinə böyük önəm verir.
Bu gün Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir və enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahəsində əməkdaşlığın gücləndirilməsinə ümidlər bəslədiyini nümayiş etdirir. Digər tərəfdən Şərq və Qərb arasında ənənəvi İpək Yolu coğrafiyasında yerləşməyimiz ölkəmiz üçün yeni imkanlar yaradır və Çin nəqliyyat sektorunun genişləndirilməsi sahəsində mühüm rol oynaya bilər.
Azərbaycanın Xəzər dənizində ən böyük ticarət limanını inşa etməsi, dəmir yolu infrastrukturunun genişləndirilməsi, yeni tranzit nəqliyyat layihələrinin hazırlanması və həyata keçirilməsi hər iki ölkə üçün faydalıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Davosda Çinin CÇTN televiziya kanalına verdiyi müsahibəsində Azərbaycan - Çin münasibətlərinin yaxşılaşdırılmasının faydalarından və gələcək perspektivlərindən ətraflı söz açmışdır. O bildirmişdir ki, “Çin və Azərbaycan yaxşı dostlardır. Mənim sədr Si Çinpinlə dəfələrlə görüşmək imkanım olub... Bizim gələcək əməkdaşlığımız haqqında çox məhsuldar müzakirələrimiz oldu”.
Özünün iqtisadi və sosial inkişafı ilə dünyada öncül dövlətlərdən olan, uğurlarını müvəffəqiyyətlə davam etdirən Çinlə əlaqələrin yaxşılaşdırılması sözsüz ki, Azərbaycanın milli maraqlarına xidmət edir və dövlətimizin beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsinə yönəldilmişdir.
Tahir Rzayev,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri