17 yanvar 2023 11:09
11674

Xalqın müstəqilliyinin bərpası yolunda qanla yazılmış tarix

Azərbaycan xalqının təqvimimdə elə bir gün vardır ki o gün məhz Azərbayycan xalqının təqvimində qara haşiyəynən işarələnib. O gün həmdə biz Müstəqilliyimizin təməlinin atıldığı gün deyə bilərik.

1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədib.

1990-cı il yanvarın 16-da Bakı şəhərinin girəcəklərində və Bakı qarnizonu hissələrinin ətrafında vətəndaşlar yük və minik avtomaşınlarını yan-yana qoyaraq piketlər təşkil etdilər (bilavasitə şəhərdə 60 qoşun hissəsindən 34-nün yolu kəsilmişdir). Piketlərin ətrafında daim şəhər sakinlərinin böyük dəstələri olurdu.

 1990-cı il yanvarın 18-də Bakıda və Azərbaycanın on bir başqa rayonunda keçirilən izdihamlı mitinqlərdə ümumi tətilin başlandığı elan olundu. Tələb edilirdi ki, qonşu respublikanın ərazi iddialarına son qoyulsun. Bakı ətrafında cəmləşən qoşunlar çəkilib aparılsın və Dağlıq Qarabağa, Ermənistanla sərhədyanı rayonlara göndərilsin. Xəbərdarlıq edilirdi ki, qadağan saatının qoyulması ağır nəticələr verə bilər. Mitinqçilər Azərbaycan KP MK-nın binasını mühasirəyə almışdılar

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda  günahsız insanların gülləbaran edilməsi əməliyyatı  SSRİ Müdafiə Nazirliyi, DİN xüsusi təyinatlıları və SSRİ DTK-nın təxribat qrupları tərəfindən təşkil olunmuşdu. Bu, Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi MixailQorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusiqəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “erməni kartından” məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, imperiyanın növbəti qəddarlığını örtbasdır etmək üçün qabaqcadan hazırlanmış iftiralar və böhtanlar idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11 min 500 əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

Beləliklə, SSRİ DTK-nın “Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. M.Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərdən çox idi. Halbuki, M.Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır.

Kəşfiyyat generalı V.A.Kirpiçenko isə Heydər Əliyevə etdiyi telefon zəngində vicdan əzabı çəkdiyini etiraf edir. V.A.Kirpiçenko 1990-cı il yanvarın 22-də Azərbaycan xalqına ünvanladığı məktubda bildirirdi: “...Baş verənlərə görə, bir rus zabiti kimi həmişə əzab çəkəcəyəm. Çünki mən bu xalqı, onun ədəbiyyatını, tarixini, adət-ənənəsini çox sevirəm. Azərbaycan xalqı tarixdə yeri olan bir xalqdır...” Ümummilli lider Heydər Əliyev haqlı olaraq qeyd edirdi ki, 20 Yanvar faciəsi totalitar kommunist rejimin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayəti idi.

Ümummilli lider Heydər Əliyev xalqının fəlakətə düçar olduğu, təqib və təzyiqlərə məruz qaldığı bir dövrdə ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi numayəndəliyinə gəlib brifinq keçirir və Qanlı Yanvar cinayətinin günahkarlarını, SSRİ rəhbərliyini ittiham edir.

Heydər Əliyevin brifinqdə çıxışı və Kreml rəhbərliyini ittiham etməsi bütün dünyada sensasiya doğurdu. Onun ittiham nitqi qan içində boğulan Qorbaçov “yenidənqurması” üçün rekviyem oldu. Həmin gün bütün xarici radiosəslər Əliyevdən sitatlar gətirirdi, daimi nümayəndəliyin qarşısına yığılmış xarici müxbirlər isə müsahibə almaq üçün Əliyevi mühasirəyə almışdılar.

Bu hadisəni Adilə xanım Abbasova belə nəql edir: “... 1990-cı ilin 20 yanvarında Bakıda baş verən faciədən xəbər tutan kimi biz dərhal Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin qarşısına getməyi qərara aldıq. Yanvarın 21-də yəqin ki, Moskvada yaşayan bütün azərbaycanlılar daimi nümayəndəliyin qarşısına gəlmişdilər. Çoxlu adam var idi. Elə həmin vaxt mən Mixail Qorbaçov tərəfindən sanksiyalaşdırılan insanlığa zidd aksiyaya qarşı hiddət və etirazını bildirmək üçün daimi nümayəndəliyə gələn Heydər Əliyevi ikinci dəfə gördüm. O, bizim qarşımızda çıxış etdi. Onun yaxınlığında durmuşdum. Kəskin danışırdı, bildirdi ki, mərkəz Azərbaycana hərbi təcavüz etmişdir. O, heç kimdən və heç nədən çəkinməyərək danışırdı”. Xalq onu çox yaxşı, mehriban qarşıladı. Sonra o, binaya keçdi, biz isə onun cəsarətindən ürəklənib əvvəlcə SİTA-nın binası qarşısına, oradan isə mərkəzi televiziyaya gedib bəyanatı ötürmək və efirdən səslənməsini tələb etmək qərarına gəldik. Hava çox soyuq idi, haradasa 18-20 dərəcə şaxta vardı. Bax, o vaxt mən başa düşdüm ki, dərd insanları necə birləşdirir. Şaxtaya, yolların buz bağlamasına fikir verməyərək, insanlar əl-ələ tutub gedirdilər-bir-birini tanıyan və tanımayanlar da, qocalar və cavanlar da – hamı hakimiyyətə öz ağrı və hiddətini bildirmək üçün gedirdi.

Heydər Əliyev hadisələri ürəkağrısı ilə izlədiyini qeyd etdi: “Artıq iki ildir ki, Azərbaycan və Ermənistan arasında millətlərarası münaqişə gedir. Qarabağ və onun ətrafında baş verən hadisələr cinayətdir. Azərbaycan və Ermənistan, eləcə də, ölkənin ali siyasi partiya rəhbərlərinə bu məsələni tənzimləmək, daxili müharibəyə, millətlərarası münaqişəyə son qoymaq və milli mənsubiyyətindən asılı olmayaraq hər bir adamın ümumi federativ ittifaq olan SSRİ-də azad yaşamasına şərait yaratmaq üçün iki illik müddət kifayət idi. Hesab edirəm ki, ötən iki ildə bu istiqamətdə lazımi səviyyədə iş aparılmamışdır. Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı. ...Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”.

Heydər Əliyevin Azərbaycan KP MK-ya, Respublikanın Ali Sovetinə və Nazirlər Sovetinə teleqramında deyilirdi: “Azərbaycan xalqına! Bakı şəhərinə sovet ordusu hissələrinin yeridilməsi ilə əlaqədar xalqımızın başına gəlmiş faciədən - dinc əhalinin qırılmasından böyük ürək ağrısı ilə xəbər tutdum. Bu matəm günündə həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Mən bu düşünülmüş aksiyanı pisləyir, onu antihumanist, antidemokratik, qanunazidd hesab edirəm. Bu ağır gündə sizi ağıllı-kamallı olmağa, həmrəyliyə və birliyə çağırıram. Mənim teleqramımın respublika mətbuatında dərc olunmasını, radio, televiziya ilə verilməsini, matəm mitinqində oxunmasını xahiş edirəm.”

Los Ancelesin “Times” qəzeti yazırdı: “Yanvarın 20-də və 21-də təşkil edilən yürüşlər, 22-də keçirilən kütləvi dəfn mərasimi hər cür mitinqləri qadağan edən fövqəladə vəziyyətə qarşı açıqdan-açığa meydan oxumaqdır. Şəhidlər xiyabanında keçirilən dəfn mərasimi “Moskva” mehmanxanasının yuxarı mərtəbələrində yerləşdirilmiş xüsusi nəzarətçilər və snayperlər tərəfindən diqqətlə izlənilirdi. Bütün sərt maneələrə və təhlükəli nəzarətə baxmayaraq, qeyrətli insanlar şəhidlərin xatirəsinə layiq dəfn mərasiminin keçirilməsinə nail oldular”.

Kim idi bu qanlı hadisələrin təşkilatçısı? Cavab birdir. Sovet imperiyası! Bu dəhşətli imperiya 1920-ci ildə olduğu kimi, Azərbaycan xalqının azadlıq və müstəqilliyə qovuşmaq əzmini qırmaq istəyirdi.

Şəhidlər. 1990-cı ilin qanlı yanvar gecəsində, Sovet ordusunun tankları və texnikası altında həlak olan həmvətənlərimizə xalq belə ad verdi. Şəhidlər Bakı Dağüstü parkın bir xiyabanındadır. Indi, bu xiyaban «Şəhidlər xiyabanı» adlanır. Xiyabanda dəfn olunan şəhidlər, əbədi olaraq xalqın yaddaşında, Vətənin azadlığı uğrunda canlarını fəda etmiş qəhrəmanları kimi yaşayacaqlar. Onları hamı yad edir və edəcək: böyüklər və uşaqlar, cavanlar və qocalar. Şəhidlər xiyabanına şəhərimizin müxtəlif yerindən gəlmiş qonaqlar, bizim millətin and yeri kimi ziyarət edirlər. Şəhidlərin məzar lövhələri üzərini, həmişə matəm rəmzi olan al-qırmızı qərənfillər boyayır.

Ruslan QASIMOV,
YAP üzvü, Qərbi Azərbaycan icmasının Gənclər birliyinin sədr müavini,
"Cəmiyyətin və Medianın İnkişafı" İB İdarə heyətinin üzvü,
Qeyd İB Sosial Tədbirlər Şöbəsinin direktoru, Türkiyədə Atatürkçü düşüncə birliyinin Fəxri üzvü