10 yanvar 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibə verərək gündəmdə olan bir sıra məsələlərlə əlaqədar açıqlama vermiş, ölkəmizdə 2022-ci ildə sosial, iqtisadi sahələrdə görülən işlərə, Azərbaycan-Ermənistan arasındakı münasibətlərə, postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə, Azərbaycanın xarici siyasətinə və digər məsələlərə dair ilin yekunlarını şərh etmişdir.
Müsahibə zamanı Prezident İlham Əliyev ilk növbədə iqtisadi nailiyyətlərimiz haqqında fikirlər səsləndirmişdir. Bildirilmişdir ki, son dəqiqləşdirilmiş məlumata görə, ümumi daxili məhsulumuz 134 milyard manata çatıb. Bu da təxminən 80 milyard dollara bərabər olan rəqəmdir. Həm də xarici ticarət artıb, 50 milyard dolları ötüb. Xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir. Eyni zamanda bizim xarici borcumuz azalıb. Həm mütləq rəqəmlərlə - 7 milyard dollardan aşağıdır, həm də ümumi daxili məhsula nisbətdə təbii ki, kəskin azalıb. Əgər keçən ilin əvvəlində xarici borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edirdisə, keçən ilin yekunlarına görə bu, 9,5 faizə düşüb. Bir çox inkişaf etmiş ölkələrdə isə bu, 100 faiz, hətta 130-150 faizdir. Prezident İlham Əliyev həmçinin bildirib ki, iqtisadi və sosial sahə həmişə paralel getməlidir. O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər. Bizim isə məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir.
Müsahibədə diqqət çəkən başlıqlardan biri inflyasiya ilə bağlı cənab Prezident İlham Əliyevin söylədiyi fikirlər idi. Prezident İlham Əliyev bildirib ki, inkişaf etmiş Qərb ölkələrində ki, orada adətən inflyasiya bir faizdən, yəni, bir və maksimum 1,5 faizdən yüksək olmurdu, bu gün infyasiya 10 faizi üstələyir. Azərbaycandakı inflyasiya idxal edilmiş inflyasiyadır. Çünki biz əlbəttə, dünya iqtisadiyyatının bir parçası olduğumuz üçün bir çox malları idxal edirik və bu istiqamətdə də çalışırıq ki, idxalı əvəzləyən yerli istehsal daha geniş vüsət alsın. Amma hələ təbii ki, idxaldan asılıyıq. Ona görə, əgər belə demək mümkündürsə, inflyasiya Azərbaycana idxal edilib. Keçən ilin nəticələrinə görə, 13,9 faiz təşkil edib. Yəni, bu idxal edilmiş inflyasiya ilə bizim mübarizə imkanlarımız kifayət qədər məhduddur. Halbuki keçən il aparılan islahatlar nəticəsində, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, sağlam rəqabətin təşviqi, inhisarçılığa qarşı mübarizə, həmçinin gömrük sistemində olan pozuntuların aradan qaldırılması, kadr islahatları, əlbəttə ki, burada da müsbət rol oynayacaq. Minimum əməkhaqqının 15 faiz artması inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıbdır və minimum əməkhaqqı artıq 345 manata çatıbdır. Eyni zamanda, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya da 16,7 faiz artırıldı, 280 manata çatdı və bu proses davam etdiriləcək.
Bir istiqamət də şəhid ailələri və müharibə əlillərinə dəstəklə bağlıdır. Keçən il bu istiqamətdə də önəmli addımlar atılmışdır, bu kateqoriyadan olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verildi.
Qeyd edək ki, ölkəmizdə iqtisadi və sosial siyasət daima bir-birinin tamamlayıcısı olan iki sahə olaraq nəzərə çarpmaqdadır. Təkcə son 2 ildə Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətə diqqət etsək deyilənlərin düzgünlüyünü təsdiq etmək üçün kifayət etdiyini görmək mümkündür. Belə ki, bütün dünyanı sarsıdan, hətta ən güclü iqtisadiyyata malik ölkələri belə təlatümə salan, vətəndaş yoxsa iqtisadiyyat seçimi qarşısında qoyan pandemiya dövründə Azərbaycan daima vətəndaş amilini üstün tutdu. Bununla yanaşı, 2 il əvvəl ölkəmiz ərazi bütövlüyünü bərpa etmək, 30 illik işğalı sona çatdırmaq üçün böyük bir savaş verdi.Bu gün müharibədən çox qısa bir müddət keçməsinə baxmayaraq, artıq müharibənin izlərinin silinməsi, bölgənin canlanması və 30 ildir ki, öz doğma torpağından didərgin düşmüş 1milyona yaxın məcburi köçkünün evlərinə qayıtması üçün sürətli bərpa və yenidənqurma işləri görülməkdədir. Əlavə olaraq, müharibə zamanı şəhid olmuş qəhrəmanlarımızın ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində böyük işlər görülür, Vətən uğrunda öz sağlamlığından keçən qazilərimizin də həm sağlamlığının bərpası, həm də onların sosial rifahının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır.
Bütün bunlar Azərbaycan xalqının daha yaxşı gələcəyinin təminatı məqsədilə həyata keçirilən vacib addımlardır və cənab Prezident İlham Əliyevin siyasətinin təməlində vətəndaşların rifahının dayandığının göstəricisidir.
Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı
Bişkekdə ŞƏT sammiti: Azərbaycanın diplomatiyası müstəqil seçim siyasəti kimi
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir
Kamran Bayramov: Azərbaycan Avrasiyada siyasi və iqtisadi mövqelərini gücləndirir