"Dünyanın əksər regionlarında sosial, iqtisadi və siyasi problemlər qabarıq şəkildə özünü büruzə verməkdədir. Azərbaycan da beynəlxalq aləmdə söz sahibi olan, dünya iqtisadiyyatına inteqrasiya edən dövlət kimi qlobal miqyasda cərəyan edən bir sıra proseslərdən kənarda deyil. Bununla belə dünyada gedən dərin iqtisadi və maliyyə böhranına baxmayaraq Azərbaycan öz iqtisadiyyatını bu böhranın yaratdığı mənfi meyillərdən maksimum dərəcədə qorumağa çalışaraq sosial sahədə nəzərdə tutulan lazımi islahatları həyata keçirir. Azərbaycan Prezidenti cənab İlham Əliyev əhalinin sosial təminatının gücləndirilməsi üçün yeni sərəncam və fərmanlar imzalayıb. Bütövülkdə, son sərəncam və fərmanlar 2023-cü ildə yeni sosial islahat paketi üzrə 1,9 milyon vətəndaşı əhatə edəcək."
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, sosial məsələlərin həlli ilə bağlı ortaya qoyulan siyasi iradə deməyə əsas verir ki, Azərbaycan sosialyönümlü dövlət modeli formalaşdırıb. Bazar iqtisadiyyatının möhkəmlənməsi üçün kompleks tədbirlər sistemi əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarına xidmət edir. Bu siyasət postmüharibə dövründə xüsusilə geniş vüsət alıb. Dövlət başçısının imzaladığı Fərman və sərəncamlarla, artıq, yanvarın 1-dən etibarən bir sıra dövlət sektorlarında çalışan vətəndaşlarımızın əməkhaqları, eləcə də, sosial müavinət və təqaüdlərin artımı reallaşdı. 2023-cü ildə büdcə xərclərinin 46.0 faizi sosial sferaya yönəldiləcək. Bu müstəqillik illərində sosial sahədə ən böyük ayırmadır. Ölkəmiz post müharibə dövrünün və pandemiyanın ağır şərtlərinə baxmayaraq, dövlət büdcəsindən sabitliyi qoruyub saxlaya bilmişdir. Yaradılmış rifah səviyyəsinin əlverişsiz qlobal mühitdə dayanıqlı saxlanılması və daha da yüksəldilməsi üçün milli iqtisadiyyatımızın beynəlxalq rəqabət qabiliyyəti gücləndirilməsi, iqtisadiyyatın neft gəlirlərindən asılılığının minimuma endirilməsi, ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması qarşıda duran başlıca strateji çağırışlardan biridir.
Deputat diqqətə çatdırıb ki, ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə, hərbiçilərə və veteranlara göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Dövlət başçısının qeyd etdiyi kimi, bu kateqoriyadan olan insanlar bundan sonra da yüksək dövlət qayğısı ilə əhatə olunacaqlar. Prezident İlham Əliyevin imzaladığı yeni Fərman və Sərəncamlar 2023-cü il üzrə yeni sosial islahat paketi çərçivəsində əhalinin rifahının yaxşılaşdırılması, bir sıra kateqoriyalara, o cümlədən şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə və b. yönələn sosial ödənişlərin artırılması istiqamətində növbəti mühüm addımların atılmasını təmin edir. Bununla da son beş ildə artıq dördüncü sosial islahat paketi reallaşır. Göründüyü kimi, dövlətin həyata keçirdiyi antiböhran və iqtisadi inkişaf tədbirləri sistemli hal alır. Bütün bunlar həm də, təsdiq edir ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində iqtisadi inkişaf və insan amili dayanır. Qarşıya qoyulan ən ümdə vəzifələrdən biri dövlətin və vətəndaşların baş verən neqativ halların mənfi təsirlərindən qorunmasıdır. Bu məqsədlə qarşıdan gələn dövrdə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu, həm Azərbaycanın davamlı iqtisadi inkişafını təmin edəcək, həm də, özündə əks-böhran tədbirlərini əks etdirməklə milli iqtisadiyyatı, sosial sferanı neqativ təsirlərdən sığortalayacaq.
Bişkekdə ŞƏT sammiti: Azərbaycanın diplomatiyası müstəqil seçim siyasəti kimi
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir
Kamran Bayramov: Azərbaycan Avrasiyada siyasi və iqtisadi mövqelərini gücləndirir