Bir neçə gün əvvəl Müzəffər Ali Baş komandan İlham Əliyev yerli televiziya kanallarına müsahibə verərək ötən ilin yekunlarını qiymətləndirdi, xüsusən Qarabağ mövzusu ətrafında gedən danışıqlara aydınlıq gətirdi, müharibədən sonrakı dövrdə görülən işlərdən danışdı, ümumən gündəmdə olan bir çox məsələlərlə bağlı açıqlama verdi.
Prezidentin Ermənistanla aparılan danışıqlar, münasibətlərin perspektivləri, sülhməramlıların fəaliyyəti, yeni dünya düzənində Azərbaycanın rolu və daha bir çox məsələlərlə bağlı fikirləri nəinki ölkəmizdə hətta bir çox ölkələrdə diqqətlə izləndi. Çünki artıq əksər ölkələrin liderləri cənab İlham Əliyevin hər kəlməsinin, verdiyi sözün imzası qədər etibarlı və etimadlı olduğunu anlayır.
Prezident müsahibəsinin əvvəlində xatırladır: - 2023-cü ilin uğurlu olması üçün biz hamımız fəal çalışmalıyıq. Keçən ilin əvvəlində də mən Azərbaycan media nümayəndələri ilə görüş zamanı fikir bildirmişdim ki, ümid edirəm 2022-ci ildə qarşıda duran vəzifələr yerinə yetiriləcək və biz bütövlükdə buna nail olduq. Bu gün - 2023-cü ilin əvvəlində bu görüş zamanı da əlbəttə ki, bu məsələlər haqqında danışacağıq. Yenə də ümidliyəm və ümidimin səbəbləri var. Çünki Azərbaycanın postmüharibə dövründə göstərdiyi mövqe və beynəlxalq miqyasda əldə etdiyi uğurlar bunu deməyə əsas verir.”
Bəli 2020-ci ilin sentyabrında Ermənistanın təxribatlarından sonra baş verən və tarixdə 44 günlük müharibə kimi qalan Vətən müharibəsi göstərdi ki, heç kim Azərbaycan xalqının iradəsi ilə oynaya bilməz . Cənab President də postmüharibə dövründən sonra dövlətimizin göstərdiyi mövqeyi yada salaraq xatırladır ki, biz qalib ölkə olmağımıza baxmayaraq səbrlə və inamlı istəklərimizə nail oluruq.
İkinci Qarabağ müharibəsindən sonra bizim əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi deyən Müzəffər Ali Baş komandan bu gün bataqlıqda çabalayan, məğlub duruma düşən lakin hələ də kiminsə onlara kömək əli uzadacağını gösləyən Ermənistanla bağlı məsələyə münasibət bildirir.
Dövlət başçısı deyib: “Ermənistanı nə gözləyir? Yəqin ki, hansısa geosiyasi dəyişikliklər, ola bilsin ki, kiminsə ona vəd etdiyi nələrisə gözləyir. Çünki belə təəssürat yaranır ki, ona kimsə nə isə vəd edib. Ona görə ki, regionda vəziyyətin obyektiv təhlili, qüvvələr balansı və iki il bundan əvvəl baş vermiş hadisələrə, eləcə də keçən ilin sentyabr ayında baş vermiş və ya hazırda Laçın-Xankəndi yolunda baş verən hadisələrə dünyanın reaksiyası onu göstərir ki, suda batanların xilas edilməsi onların öz işidir. Biz kömək edə bilərik”.
Təsadüfi deyil ki, bu günlər dünyanın bir çox ölkələrini xüsusən Ermənistan və onun “bacılarını” narahat edən, gecə yuxularını ərşə çəkən Laçın-Xankəndi yolunda keçirilən ekoaksiyalardır. Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti məskunlaşdıqları ərazilərdə ermənilər tərəfindən təbii sərvətlərimizə qarşı qanunsuz istismarın həyata keçirilməsi hər bir vətəndaşımızı eləcə də xaricdə yaşayan soydaşlarımızı ciddi narahat etməyə bilməz.
Məhz Prezidentin yerli televiziyalara müsahibəsindən sonra xarici ölkə televiziya əməkdaşlarının da bu əraziyə baş çəkməsi bir daha onu göstərir ki, Azərbaycanın haqq səsi dünyada eşidilir və dinlənilir.
Prezident vurğulayıb ki, Ermənistanın azərbaycanofobiya və isteriya bataqlığında tamam boğulmamasına yalnız biz kömək edə bilərik. “Nə ilə? Onunla ki, biz deyirik “hə”, biz deyirik, gəlin sülh bağlayaq. Özü də, inanın ki, bunu demək mənə çox çətindir, həm Prezident kimi, həm də adi insan kimi. Mən işğaldan azad edilmiş ərazilərə gedəndə sizin və hər bir azərbaycanlının keçirdiyi hissləri keçirirəm”, - deyə Prezident İlham Əliyev əlavə edib.
Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır.
- Bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. Bu fikirlər də Prezidentimizə məxsusdur.
Vətən müharibəsi günlərində ordumuz ön cəbhədə düşmənə qarşı mərdliklə müharibə apararkən Ali Baş Komandan dünyanın bir çox kütləvi informasiya vasitələrinə müsahibələr verir və həqiqətləri onların diqqətinə çatdırırdı. Əslində əsl döyüş elə məhz mətbuat aləmində gedirdi desək yanılmarıq. Çünki İlham Əliyev xalqın sarsılmaz iradə və inamından ruhlanaraq bütün həqiqətləri deyir və yeri gələndə dövlərimizin gücünü görməzdən gələnlərə, haqq və ədalətə kar, kor olanlara qarşı məntiqli cavabları ilə susdururdu.
Keçirdiyi görüş və müzakirələrdən sonra Dövlətimizin başçısı əminliklə bu qənaətə gəlir ki, müharibədən sonra Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı, yəni, bizə olan rəğbət daha da artdı. Çünki dünyanın siyasi elitası yaxşı başa düşür ki, biz bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq.
Müharibə bitsə də, mübarizə hələ davam edir. Prezidentin növbəti fikirlərinin altını qızıl hərflərlə çəkərək xatırlatmaqda fayda var. “ Müharibə bitsə də, mübarizə hələ davam edir və əminəm ki, biz qalib gələcəyik. Çünki biz haqq yolundayıq və bizim həm hərbi, həm siyasi gücümüz, o cümlədən iqtisadi müstəqilliyimiz gücümüzü əlbəttə ki, artırır”. Bu fikirlər həm də bizim gələcəyimizə hesablanmış , sabahımıza işıq salan bir yolun necəliyindən xəbər verir.
Bu fikirləri ancaq qəlbi Azərbaycanla, Azərbaycan vətəndaşı ilə döyünən bir lider ifadə edə bilərdi ki, onu da Müzəffər Komandan diqqətə çatdırır. Xüsusən burada xalqın birlik və bərabərliyi əks olunur, kimliyindən aslı olmayaraq hər kəsin vahid bir məqsədə xidmət etdiyi aydın əksini tapır.
Prezident müsahibəsində bir məqamı da diqqətdə saxlayaraq bildirir ki, əgər biz siyasi sahədə Vətən Müharibəsindəki qələbəni təsdiqləməsək, bu Qələbəni dünya ictimaiyyətinə qəbul etdirməsəydik, müəyyən problemlərlə üzləşə bilərdik. Dərhal fəal işə başladıq və hesab edirəm ki, bu gün - artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Azərbaycanın haqlı olması bir daha təsdiqlənib və müharibənin sonunda yaranmış vəziyyəti biz daha da möhkəmləndirməliyik, yəni, öz mövqelərimizi daha da gücləndirməliyik. Son iki il ərzində həm beynəlxalq əlaqələr müstəvisində, həm ölkə daxilində biz istədiyimizə nail ola bilmişik. Bizim məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir.
Əlbəttə xalqın və dövlətin idarə olunması, xarici qüvvələrə qarşı mübarizə onun iqtisadi və siyasi gücündən bilavasitə aslıdır. Bu mənada İlham Əliyevin bütün müsahibələrində, çıxışlarında “Ölkəni gücləndirmək və vətəndaşlara xidmət” əsas qayəni , ana xətti təşkil edir. Heç də uzaq olmayan 2020-ci ilin sentyabr ayında yəni Vətən Müharibəsi başlayan və sonrakı noyabr, dekabr , yanvar, fevral və. s aylarda xarici düşmənlər daxilimizdə hansısa bir neqativ axtarıb tapmağa, təxribatlara çəkməyə çalışsalar da bir cüzi ipucu belə tapa bilmədilər. Çünki ilk növbədə xalqın bütün sahələr üzrə istəkləri nəzərə alınmış, ehtiyatlar görülmüş və düşmən təxribatlarına tutarlı cavab verilirdi.
Bu mənada Prezident jurnalistlərlə son müsahibəsində qeyd edir ki, iqtisadi və sosial sahə həmişə paralel getməlidir. O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər. Bizim isə məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir- deyir, Dövlət başçısı .
Bu gün əminliklə demək olar ki, Azərbaycan həssas təbəqəyə göstərilən diqqət və qayğıya görə bütün dünyaya nümunə olacaq bir siyasət sərgiləyir. Onu da vurğulamaq istərdim ki, ötən ili son günləri də sosial siyasətin Azərbaycan xalqı üzərindəki təzahürlərinin görünməsi baxımından əlamətdar idi. Belə ki, ölkəmizdə minimum əməkhaqqı, minimum pensiya , müavinətlər, təqaüdlər və sosial müavinətlər artırıldı. Bütün bunlar Azərbaycan xalqının sosial rifahının gücləndirilməsi və daha yaxşı gələcəyinin təminatı məqsədilə həyata keçirilən vacib addımlardır.
Tofiq Salmanov,
Bakı şəhər, Xətai rayon Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru
Bişkekdə ŞƏT sammiti: Azərbaycanın diplomatiyası müstəqil seçim siyasəti kimi
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir
Kamran Bayramov: Azərbaycan Avrasiyada siyasi və iqtisadi mövqelərini gücləndirir