Prezident İlham Əliyev: …Birinci mərhələdə 100-ə qədər yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur
Prezident İlham Əliyev 2023-cü ildə də Böyük Qayıdış üçün genişmiqyaslı işlərin həyata keçiriləcəyinin anonsunu verdi. Belə ki, ölkəmizin başçısı yanvarın 10-da yerli televiziya kanallarına müsahabəsində bildirdi ki, Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq işləri yenə də dövlətin əsas diqqət mərkəzində olacaqdır. Xüsuilə işğaldan azad edilmiş yurd yerlərimizin bərpası və ordu potensialımızı gücləndiriləcəkdir: «Təqribən birinci mərhələdə 100-ə qədər yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İndi Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də başlamışıq. Bir neçə kəndin təməli qoyuldu. Yəni, 2023-cü il artıq Böyük Qayıdışın ilk addımlarından biri olacaq. Əlbəttə, Ağalı kəndi birinci addım idi. Amma biz bu il bunu, inşallah, daha kütləvi surətdə görəcəyik. Bununla paralel olaraq, Şuşada, Ağdamda, Füzulidə məktəblər, xəstəxanalar hazır olacaq… 2023-cü ildə laçınlılar Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdacaqlar.»
Təbii ki, Böyük Qayıdışın təməli hələ Vətən müharibəsinin davam etdiyi günlərdə qoyulmuşdu. Düşməndən azad edilən Suqovuşan və Talış kəndlərinə gedən yolların çəkilişinə start veriləndə hələ hərbi əməliyyatlar davam edirdi. Tarixi Qələbəmizdən dərhal sonra isə müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə başlanıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş ərazilərə ilk səfəri də Zəfər yolunun təməlinin qoyulması ilə yadda qaldı. Bununla da Qarabağ və Şərqi Zəngəzur əsl tikinti meydançıasına çevrildi.
Ümumiyyətlə, son iki il işğaldan azad edilmiş ərazilərimizdə möhtəşəm layihələrin təməlinin qoyulması və başa çatdırılması ilə əlamətdar oldu. Güləbird Su-Elektrik Stansiyasının, işğaldan azad edilmiş ərazilərdə 7 yarımstansiyanın, Suqovuşan və Talışa gedən yolların istifadəyə verilməsi, Şuşanın su və elektrik təchizatının təmin edilməsi, « Xarıbülbül» və «Qarabağ» hotellərinin açılışı göstərdi ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası həm də kompleks xarakter daşıyır. Qısa dövrdə bu cür iri infrastrukturların yaradılması birmənalı olaraq bütün dünyada heyrət və maraq doğurur. Həm də bütün bu layihələr dövlətimizin öz maddi imkanları ilə həyata vəsiqə almışdır.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad edilmiş bütün əraziləri əhatə edən yol şəbəkəsi qurulur. Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Hadrut, Hadrut-Cəbrayıl-Şükürbəyli, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Bərdə-Ağdam, Toğanalı-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın, Xudafərin-Qubadlı, Laçın, Qubadlı-Eyvazlı, Füzuli-Ağdam yolları ən müasir standartlar səviyyəsində inşa olunur. Bu layihələr üzrə avtomobil yollarının uzunluğu 700 kilometrdən artıq olacaq. Bu yolların bir qismi ən mürəkkəb relyef şəraitində inşa olunur. Prezident İlham Əliyev bildirib ki, məcburi köçkünlərin tezliklə öz doğma yurd-yuvalarına qayıtmaları dövlət üçün prioritet məsələdir: «Onlar Vətən həsrəti ilə, öz torpaqlarının həsrəti ilə yaşamışlar. Biz elə şərait yaratmalıyıq ki, onlar bundan sonra rahat yaşasınlar. Ona görə həm vaxt itirməməliyik, həm də tələsməməliyik. Hər şey əsaslı olmalıdır».
Təbii ki, işğaldan azad olunmuş ərazilərimizdə görülən işlər bununla bitmir. Doğma yurdlarından köçkün düşmüş vətəndaşlarımızın öz evlərinə qayıtması üçün görülən işlər bütün sahələri əhatə edir. Hətta orada yeni iş yerlərinin yaradılması üçün də istehsalat müəssisələrinin- aqroparkların təməlləri qoyulur ki, onlar da yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir.
Bu, bir acı reallıqdır ki, Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi cinayətlərin və vandallığın miqyası çox böyükdür. Belə ki, yağı düşmən xalqımızın mədəniyyətinə, irsinə, respublikamızın təbiətinə qarşı tarixdə görünməmiş vəhşiliklər törədib. Təbii ki, Azərbaycan dövləti güclüdür və düşmənin onilliklər ərzində ölkəmizə, xalqımıza vurduğu maddi yaraların hamısını sağaldacaq. Məhz İkinci Qarabağ müharibəsinin başa çatmasından ötən qısa müddətdə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa - quruculuq işləri Prezident İlham Əliyevin siyasi iradəsinin və qətiyyətinin təsdiqidir.
Elçin Zaman, «İki sahil»
Bişkekdə ŞƏT sammiti: Azərbaycanın diplomatiyası müstəqil seçim siyasəti kimi
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir
Kamran Bayramov: Azərbaycan Avrasiyada siyasi və iqtisadi mövqelərini gücləndirir