13 yanvar 2023 15:52
755

İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir

Dövlətin uğurlu idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı. Dövlətin gənclər və idman siyasətinin həyata keçirilməsi üçün dahi Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli fərmanının böyük tarixi əhəmiyyəti var idi.  Ulu Öndər Heydər Əliyev fəaliyyəti dövründə idmançıların cəmiyyətdə rolunun və nüfuzunun artması, özlərinə layiqli pillələrdə təmsil olunmaları üçün əlindən gələni əsirgəməmişdir. Bu mənada 1994-cü ili ölkəmizin idman həyatında dönüş ili adlandırmaq olar. Sevindirici hal ondan ibarətdir ki, məhz bu gün Prezident, Partiyamızın Sədri İlham Əliyev ənənəyə sadiq qalaraq, Ulu Öndərin bütün sahələrdə olduğu kimi idman sahəsində də aparılmış uzaqgörən və düzgün siyasətini layiqincə davam etdirir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 19 ildə çoxsaylı uğurlara və əlçatmaz hesab olunan böyük nailiyyətlərə imza atmışdır. Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.  Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışında çox mühüm məsələlərə toxunub. Sözsüz ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi ötən il idman sahəsində də uğurlu olub. İdman sahəsində də qarşıya qoyulan bütün vəzifələr uğurla icra olunub. Bu eyni zamanda Azərbaycanın dinamik inkişafı ilə xarakterizə olunan bir haldır. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edərək, öz çıxışında idmançılarımıza xüsusi ruh yüksəkliyi verən fikirlər səsləndirməsi ümumilikdə gənclər və idman sahəsində çalışan hər kəsə güclü stimul vermişdir. Məlumdur ki, Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunlarını qeyd etmək olar. Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur.İdman tarixinə öz imzasını atmış və beynəlxalq aləmdə lazımı nüfuzunu qazanmış ölkəmiz 2017-ci ildə ilk dəfə Bakıda qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə və digər yarışlara da ev sahibliyi etmişdir.Bu gün paytaxtla yanaşı bölgələrimizdə də idmana, idman yarışlarına böyük maraq var. Atılan ardıcıl addımlar bölgələrimizdə də gənclərin, uşaqların, yeniyetmələrin idmana cəlb edilməsini təşviq edəcəkdir. Fiziki cəhətdən sağlam nəslin formalaşması qarşıda duran mühüm vəzifələrdən biridir. Ölkəmizdə idmana, idmançılara olan diqqət və qayğı bu sahənin inkişafını təmin edir. Bu da öz növbəsində ölkəmizdə ən müasir standartlara cavab verən idman komplekslərinin və mərkəzlərinin tikilib istifadəyə verilməsi ilə xarakterizə olunur. Artıq Azərbaycanın bölgələrində 50-yə yaxın Olimpiya İdman Kompleksi tikilib gənclərin, idmançıların istifadəsinə verilib. Bu proses təbii ki, davam edir. 2022-ci ildə də idmançılarımız qarşılarına qoyulmuş məqsədə çatmış, 300 dəfəyə yaxın ölkəmizin himninin dünyanın ayrı-ayrı arenalarında səsləndirilməsinə nail olmuşlar. İdmançılarımız qatıldığı beynəlxalq yarışlardan 800-dən çox medal əldə edib. Bu medalların 300-ə yaxını qızıldır. Nəzərə almaq lazımdır ki, yeni idmançıların hazırlanması üçün məqsədyönlü iş aparılmalıdır. Bu işi isə ölkəmizdəki təcrübəli məşqiçilər korpusu uğurla icra edirlər. Ölkəmizdə idmanın inkişaf tempini müxtəlif kriteriyalarla təhlil etmək olar. Lakin bunun üçün əyani misal Azərbaycan idmançılarının Olimpiya Oyunlarındakı çıxışlarının yüksəliş tempidir. Nəzərə almalıyıq ki, Olimpiya Oyunlarında davamlı olaraq nailiyyətləri yüksəltmək o qədər də asan deyildir. Müxtəlif idman sahələrində böyük nailiyyətlər qazanmış idmançılarımızın uğurları bütün gənc idmançılar üçün bir örnəkdir. Ölkə idman ictimaiyyətinin əsas hədəfi isə Yay Olimpiya Oyunlarıdır. Bununla bağlı Azərbaycanda idman sahəsi ilə bağlı olan bütün strukturlar öz səylərini artırıblar. Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev hər zaman deyir ki, bizim idmançılarımız həyatda, cəmiyyətdə, məişətdə də özlərini ləyaqətlə aparırlar və idman arenalarında qazanılmış uğurları adi həyatda da öz hərəkətləri ilə təsdiqləməyi bacarırlar. Təbii ki, xüsusi olaraq qeyd etməliyik ki, ölkə Prezidenti və dövlət tərəfindən idmana, idmançılara diqqət, qayğı, hörmət olan yerdə, nəticələr də olacaqdır. İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir.   

Tarixi Zəfərimizdən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işlərinə başlanmışdır  və  o bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var.  Şuşada beynəlxalq şahmat yarışı,  Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı keçirilmişdir. Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir. Azad edilmiş şəhərlərin baş planları təsdiq edilərkən burada idman komplekslərinin tikintisinə  xüsusi yer verilir. Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənib hazırlanır. Bununla yanaşı 2022-ci ildə Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin əsası qoyulub. İşğaldan azad olunmuş digər kənd, rayon və şəhərlərimizdə də idman obyektlərinin yaradılması planlaşdırılır. Azərbaycan bu gün dünyada idman, multikulturalizm ölkəsi kimi tanınır.

Ölkəmizin idman siyasəti bundan sonra da uğurla davam edəcəkdir. Sağlam gənclik, sağlam gələcəkdir prinsipinə uyğun olaraq yetişməkdə olan gənc nəslin milli, vətənpərvər ruhda formalaşmasına hər zaman böyük önəm verilib.  II Qarabağ müharibəsində məhz Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə doğulan, böyüyən, formalaşan gənclik böyük rəşadət göstərdi, düşməni məhv edərək şanlı bayrağımızı ucaltdı. Əminik ki, bundan sonra formalaşacaq gənclik də Vətən Müharibəsində böyük qəhrəmanlıq göstərən igidlərin yolu ilə gedəcəkdir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri