13 yanvar 2023 14:39
728

Azərbaycan dünyada müstəqil siyasət yürüdən azsaylı dövlətlərdən biridir

İşğalçı Ermənistanın ölkəmizə qarşı törətdiyi siyasi və hərbi təxribatların heç bir nəticəsi olmayacaq

Prezident İlham Əliyevin istər xarici jurnalistlərə, istər yerli mediaya, istərsə də dünyanın beyin mərkəzlərinin mütəxəssislərinə verdiyi müsahibələrində Azərbaycan dövlətinin region ölkələri ilə yanaşı, dünya dövlətlərinin də tərəqqisi və inkişafına xidmət edən siyasət yürütdüyünü bəyan edir. Yanvarın 11-də dövlətimizin başçısı yerli televiziya kanallarına müsahibəsində bu fikri bir daha vurğuladı.

Artıq əminliklə söyləyə bilərik ki, şanlı ordumuzun Vətən müharibəsində qazandığı Zəfərdən sonra dünya ictimaiyyəti Azərbaycanın yaratdığı yeni reallığı və ölkəmizin ədalət uğrunda mübarizə apardığını qəbul edib.

Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində beynəlxalq təşkilatlar, böyük dövlətlər Azərbaycanı etibarlı və dost dövlət kimi qiymətləndirirlər. Azərbaycan dünyada müstəqil siyasət yürüdən azsaylı dövlətlərdən biridir. Müharibədə qazandığımız şanlı Qələbə bütün dünyaya Azərbaycanın iqtisadi və siyasi cəhətdən güclü bir dövlət olduğunu sübut etdi. Sözügedən müsahibəsində Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müharibə bitsə də, mübarizəmiz hələ də davam edir. Ermənistan və onun havadarları başa düşməlidirlər ki, Azərbaycan dünya üçün çox əhəmiyyətli bir dövlətdir. Bu gün Azərbaycanın böyük, güclü dövlətlərlə tərəfdaşlıq və dostluq əlaqələri mövcuddur. Hazırda dünyada baş verən ərzaq qıtlığı və bunun nəticəsində yaranan kəskin bahalaşma Azərbaycandan da yan keçməyib. Dövlətimizin başçısı tərəfindən həyata keçirilən uğurlu sosial layihələr bu böhranlı vəziyyətin Azərbaycan vətəndaşlarına təsirini mümkün qədər azaldıb. Azad edilmiş əraziləri yenidən qurmaqla, eyni zamanda bu cür böyük sosial layihələrin reallaşdırılması onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı və möhkəm təməllər üzərində qurulub. Bu gün Azərbaycanla dünyanın ən böyük maliyyə institutlarından olan Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı arasında böyük iqtisadi əlaqələr qurulub, nəhəng layihələr başa çatdırılmaqdadır və yeni istiqamətlər barədə də müzakirələr aparılır. Bu, Azərbaycana olan inam və etibarın ən uğurlu nümunələrindəndir.

Sübut olunmuş bir faktdır ki, iqtisadi və sosial layihələri paralel apara bilməyən ölkələrdə insanlar iqtisadi islahatlardan əziyyət çəkirlər. Prezident İlham Əliyev tərəfindən iqtisadi və siyasi layihələr paralel aparılır. Həyata keçirilən layihələrin uğurlu icrasının nəticəsidir ki, ölkə əhalisinin qiymət artımından əziyyət çəkməsinin qarşısı alınır.

Bu gün bütün inkişaf etmiş Qərb ölkələrində inflyasiya səviyyəsi 1,5 faizdən 10 faizə qədər yüksəlmişdir. Azərbaycan iqtisadiyyatı da dünya iqtisadiyyatının bir parçası olduğundan ölkəmizdə də inflyasiya səviyyəsi yüksəlmişdir. İnfilyasiya Azərbaycana idxal olunan malların üzərindədir. Azərbaycan dövləti ölkəyə idxal olunan malların səviyyəsini aşağı salmaq üçün zəruri addımlar atır. Əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırması istiqamətində ölkəmizdə minimum əmək haqqı, pensiyalar, sosial müavinətlər artırılmışdır. Minimum əmək haqqının miqdarı 15 faiz artırılaraq 345 manata çatdırılmışdır. 2023-cü ildə ilk dəfə olaraq Azərbaycanda orta əmək haqqı 900 manatdan çox olacaq.

Şəhid ailələri və müharibə əlillərinə hər zaman dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir. Bu kateqoriyadan olan minlərlə insan dövlət tərəfindən mənzillərlə təmin olunub və bu proses davam etdirilir.

Rusiya-Ukrayna müharibəsi həm Orta Dəhliz, həm də Şimal-Cənub nəqliyyat dəhlizinin əhəmiyyətini artırmışdır. Bu dəhlizlərin Azərbaycan ərazisindəki bütün işləri yekunlaşmışdır. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yol xətti məhz Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində reallaşmışdır. Beş il bundan əvvəl icrası başa çatdırılan bu nəqliyyat xətti vasitəsilə yükdaşımaların həcmi hər il artmaqdadır.

Zəngəzur dəhlizi region dövlətləri ilə yanaşı bütün dövlətlər üçün çox səmərəli bir nəqliyyat xəttidir. Bu dəhliz Azərbaycan üçün tək iqtisadi nəqliyyat layihəsi deyil, həmçinin strateji bir dəhliz sayılır. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən Zəngəzur dəhlizi açılmalı və Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında maneəsiz nəqliyyat xətti yaranmalı idi. Təəssüf ki, Ermənistan bu günə qədər Zəngəzur dəhlizinin açılmasına maneələr törədir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistanın istəyindən asılı olmayaraq Zəngəzur dəhlizi mütləq açılacaq. Ermənistan rəhbərliyi başa düşməlidir ki, Zəngəzur dəhlizinin açılması bu ölkənin iqtisadi inkişafına böyük töhfə verəcək.

Dövlətimizin başçısı çıxışında həmçinin Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların hüquqlarının təmin edilməsi barədə də öz fikirlərini bildirdi. Tarix boyu yüz minlərlə soydaşımız zorla öz doğma torpaqları olan Qərbi Azərbaycandan qovulmuşdur. Bu gün onların hüququdur ki, öz doğma torpaqlarına qayıtsınlar. Vaxt gələcək Qarabağa qayıdan soydaşlarımız kimi Qərbi Azərbaycandan olan soydaşlarımız üçün də bu ərazilərə Böyük Qayıdış prosesi reallaşacaq.

Prezident İlham Əliyev Ermənistan və ona havadarlıq edən qüvvələrə və dövlətlərə də mesaj ünvanladı. Ermənistan rəhbərliyi başa düşməlidir ki, Azərbaycana qarşı törədilən siyasi və hərbi təxribatların heç bir nəticəsi olmayacaq. Müharibədən sonra Azərbaycan Ermənistanın hərbi təxribatına tutarlı cavab verməklə bir daha onlara başa saldı ki, heç bir qüvvə bizim qarşımızda dayana bilməz. Ermənistan rəhbərliyi bütün bunları nəzərə alıb  Azərbaycanla sülh müqaviləsi imzalamağa məcbur olacaq. Ermənistanın sülh müqaviləsinə imza atmasına mane olan dövlətlərdən birincisi Fransadır. Fransa dövləti Azərbaycana qarşı apardığı qərəzli və düşmən xarakterli hərəkətlərinin sonunda ağır məğlubiyyətə uğrayacaq.

Bu gün Azərbaycan dövlətinin nüfuzu durmadan artır. Beynəlxalq aləmdə o qədər də nüfuzu olmayan Qoşulmama Hərəkatı məhz Azərbaycanın sədrliyi dövründə dünya siyasətinə təsir edə biləcək bir təşkilata çevrilmişdir. Azərbaycan artıq iqtisadi, siyasi, hərbi cəhətdən dünyanın öndə gedən dövlətlərindən sayılır.

Kamilə Əliyeva,
Milli Məclisin deputatı, professor