Hər zaman olduğu kimi, bu gün də, Azərbaycanda idmana olan münasibət digər ölkələrə nümunə kimi göstərilməkdədir. Ölkəmizin nüfuzlu idman yarışlarına və tədbirlərinə ev sahibliyi etməsi, təmsilçilərimizin mötəbər yarışlarda medallar qazanması, Azərbaycanı dünyada inkişaf etmiş idman ölkəsi kimi tanıdıb. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın dünya miqyasında idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət kimi idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir. Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi - “Hər bir idman qələbəsi, xüsusilə, mötəbər beynəlxalq yarışlarda qazanılmış qələbə ölkəmizdə milli qüruru, milli ruhu yüksəldir. Ona görə idmanın hər bir ölkənin həyatında çox önəmli rolu var”.
Ölkədə həyata keçirilən uğurlu idman siyasəti bu sahədə intensiv nailiyyətlər qazanmağa imkan verir. Nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi gənc idmançılara təhvil verilir. Ölkəmizin idman uğurlarını təmin edən əsas amillərdən biri müasir standartlara cavab verən idman infrastrukturunun yaradılmasıdır. Bu vaxta kimi bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi, son vaxtlar isə Bakı şəhərinin parklarının bir neçəsində açıq havada idmanla məşğul olmaq üçün şərait yaradılıb. Bir sözlə, ölkəmizdə idmanla məşğul olmaq üçün bütün imkanlar var.
Bu gün idmançılarımızı yüksək nailiyyətlərə ruhlandıran ən vacib amillərdən biri də, onların artıq qalib ölkənin təmsilçiləri olmalarıdır. Artıq azad edilmiş ərazilərimizdə də beynəlxalq idman yarışları - Şuşada beynəlxalq şahmat, Suqovuşan gölündə beynəlxalq avarçəkmə, Zəngilanın Ağalı kəndi ətrafında triatlon üzrə yarışlar keçirilib. Bu da Azərbaycan idmançılarını böyük qələbələrə ruhlandırır. İdman arenasına qalib xalqın təmsilçisi kimi çıxıb bu qələbə uğrunda canını fəda etmiş şəhidlərimizi, torpaqlarımızı düşməndən təmizləmiş qəhrəmanlarımızı tərənnüm edən Azərbaycan idmançıları fəxrlə, qürurla üçrəngli bayrağımızı dalğalandırırlar. İdmançıların uğurlarını hər zaman yüksək dəyərləndirən Prezident İlham Əliyev bildirib ki, idmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Doğrudan da böyük nailiyyətdir. Çünki dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil.
2023-cü ilin yanvarın 9-da ötən ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərkən Prezident İlham Əliyev bildirdi ki, hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşıya qoyulmuş bütün vəzifələr icra edilmiş və Azərbaycanın dinamik inkişafı təmin olunmuşdur. Qazanılmış uğurları təhlil edərkən Prezident İlham Əliyev dünya, Avropa çempionatlarında idmançılarımızın ölkəmizi ləyaqətlə təmsil etdiklərini diqqətə çatdırdı. Beynəlxalq yarışlar arasında V İslam Həmrəyliyi Oyunlarını xüsusilə qeyd edən ölkə başçısı 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın tarixi qələbə qazanaraq komanda hesabında birinci olduğunu, bu dəfə isə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımızın 99 medalla 4-cü yerə layiq görüldüklərini xatırlatdı. Prezidentimiz çıxışında vurğuladı ki, görkəmli idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnək olmalıdır. Çünki sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmlidir. Bir halda ki, idman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsini təşkil edir. İdman gənc nəslin sağlam mühitdə yetişməsi baxımından da çox önəmlidir. Gənclərin zərərli vərdişlərdən, mənfi çevrələrdən qorunması, onların asudə vaxtlarının səmərəli təşkili bu gün qlobal dünyamızda aktual problemdir. Azərbaycanda idmanın prioritet hesab edilməsində bu amilin böyük rolu var.
İdmana və idmançılarımıza Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərdiyi diqqət və qayğı idmançılarımızı yeni qələbələrə səsləyir. Cənab Prezident idmançıların yaxın dostu və dəstəkçisidir.
Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı
Bişkekdə ŞƏT sammiti: Azərbaycanın diplomatiyası müstəqil seçim siyasəti kimi
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir
Kamran Bayramov: Azərbaycan Avrasiyada siyasi və iqtisadi mövqelərini gücləndirir