13 yanvar 2023 00:56
799

Azərbaycan dünyada nüfuzlu idman ölkəsi kimi tanınır

Müasir dünyada beynəlxalq mədəniyyət və idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyi edən Azərbaycan, bütün sahələrdə olduğu kimi, bu sahədə də əsl yüksəliş dövrünü yaşayır. Azərbaycan Prezidenti İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin mötəbər nəticəsidir ki, Azərbaycan dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Dünyada ən sürətli inkişaf edən ölkəyə çevrilən Azərbaycanda dünyanın idman ictimaiyyətinin diqqətini çəkən ən irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunur. Bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarının Bakı şəhərində təşkili ölkəmizin iqtisadi gücünü də ortaya qoymuş olur.

Belə ki, ölkəmizdə yeniyetmə cüdoçuların Avropa çempionatı, bədii gimnastika üzrə 27-ci dünya çempionatı, sərbəst güləş və yunan-Roma güləşi üzrə 24-cü dünya çempionatı, görmə qüsurlu paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı, gənclər arasında boks üzrə dünya çempionatı, boks üzrə dünya çempionatı və s. keçirilib. Azərbaycan xalqı bir daha dünyaya göstərdi ki, müstəqil və dinamik inkişaf edən Azərbaycan hər şeyə qadir olan ölkədir. Bu, Azərbaycanın dünyada təbliğ olunması baxımından da, olduqca böyük əhəmiyyət kəsb edir.

“Hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olub. Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar”.

Bu fikirləri Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan tədbirdəki çıxışında söyləyib.

Ötən ilin əvvəlində qarşıya qoyulan bütün vəzifələrin icra edildiyini bildirən dövlətimizin başçısı deyib ki, keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu. İdman da həyatımızın tərkib hissəsi olduğu üçün əlbəttə ki, ümumi tendensiya çərçivəsində inkişaf etmişdir. Bunu həm idmançılarımızın qələbələri göstərir, eyni zamanda, ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Bütövlükdə son illərdə aparılan siyasət bu gün öz gözəl nəticələrini verməkdədir.

İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Doğrudan da böyük nailiyyətdir. Çünki dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil.

Ülkər Məmmədzadə,
6 saylı Bakı “ASAN xidmət” mərkəzinin əməkdaşı