12 yanvar 2023 23:41
731

Böyük Qayıdışın sürətli inkişaf mərhələsi başlanır

Azərbaycan xaricdən hər hansı bir borc almadan, heç bir asılılıq olmadan öz daxili imkanları hesabına Şərqi Zəngəzurda və Qarabağda müasir infrastruktur formalaşdırır

Yanvarın 10-da Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib ki, artıq biz bu il Böyük Qayıdışın sürətli inkişaf mərhələsinə başlayırıq. Dövlətimizin  başçısı qeyd edib: “Əlbəttə, istəyirəm ki, tezliklə bütün keçmiş köçkünlər qayıtsınlar dədə-baba torpaqlarına və biz əlimizdən gələni edəcəyik ki, bunu tezləşdirək. Laçında hazırda yüzlərlə ev yenidən qurulur, təmir edilir, o cümlədən ictimai binalar. İlin sonuna qədər dediyim kimi, laçınlıların birinci qrupunu biz artıq yerləşdirəcəyik. Zabux və Sus kəndlərində də məncə, 200-dən çox ailə məskunlaşacaq.”

Məskunlaşma və Böyük Qayıdış proqramı uğurla icra olunur. Çünki infrastrukturun formalaşması Böyük qayıdışın bir mərhələsidir. Ümumiyyətlə, məskunlaşma 4 mərhələdə həyata keçiriləcək. Birincisi, minadan təmizlənmə və dəymiş ziyanın qiymətləndirilməsidir. Bununla bağlı işlər davam etdirilir. İkinci istiqamət infrastrukturun formalaşmasıdır. Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının işə düşməsi ondan xəbər verir ki, intensiv şəkildə infrastruktur formalaşdırılır. Nəqliyyat və logistika layihələri infrastrukturunun formalaşdırılması intensiv şəkildə və kifayət qədər sürətlə həyata keçirilir. Formalaşdırılmış infrastruktur da müasir standartlara uyğun olaraq reallaşır. Digəri isə təbii ki, sosial obyektlərin, inzibati binaların və eləcə də yaşayış evlərinin inşasıdır. Dördüncü mərhələ isə məskunlaşmadır. Bu baxımdan prosesin intensiv şəkildə həyata keçirilməsi bir daha göstərir ki, məskunlaşma proqnozlaşdırıldığından və ya bizim gözlədiyimizdən daha tez baş verəcək. Xüsusən də artıq Zəngilanda “ağıllı kənd” istifadəyə verilib. Bu da onun göstəricisidir ki, artıq “ağıllı kənd” tam formalaşandan sonra paralel olaraq məskunlaşma prosesinə də başlanılacaq. Amma təbii ki, məskunlaşma mərhələli şəkildə həyata keçirilən bir prosesdir. Azərbaycanın mövcud gücü, iqtisadi potensialı imkan verir ki, müasir standartlara uyğun infrastrukturu formalaşdırmaqla məskunlaşma prosesini daha intensiv şəkildə, gözləniləndən qısa müddətdə həyata keçirə bilsin. 

Dövlət başçısı sözügedən müsahibəsində, həmçinin qeyd edib ki, biz bir çox kəndlərdə artıq inşaat işlərinə başlamışıq: “Təqribən birinci mərhələdə 100-ə qədər yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İndi Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də başlamışıq. Bir neçə kəndin təməli qoyuldu. Yəni, 2023-cü il artıq Böyük Qayıdışın ilk addımlarından biri olacaq. Əlbəttə, Ağalı kəndi birinci addım idi. Amma biz bu il bunu, inşallah, daha kütləvi surətdə görəcəyik. Bununla paralel olaraq, Şuşada, Ağdamda, Füzulidə məktəblər, xəstəxanalar hazır olacaq.”

Bütövlükdə, bu gün Qarabağda, eləcə də Şərqi Zəngəzurda reallaşdırılan işlər ancaq daxili mənbələr hesabına həyata keçirilir. Azərbaycan xaricdən hər hansı bir borc almadan, heç bir asılılıq olmadan öz daxili imkanları hesabına Şərqi Zəngəzuru və Qarabağı yenidən qurur və müasir, beynəlxalq standartlara uyğun infrastruktur formalaşdırır. Azərbaycanın haqq işinə dəstək olan ölkələr də bu prosesdə iştirak edirlər. Təbii ki, Azərbaycan şirkətləri də bu prosesdə fəallıq nümayiş etdirirlər, infrastruktur layihələrinin formalaşmasında və icrasında yaxından iştirak edirlər. Qardaş Türkiyəni təmsil edən şirkətlər bu prosesin fəal üzvüdür. İtaliya şirkətləri isə enerji şəbəkəsinin formalaşmasında iştirak edirlər. Bu baxımdan Azərbaycan elan etdiyi kimi, dövlətimiz məhz birmənalı şəkildə savaş zamanı haqq işinə dəstək olan ölkələrin bərpa və yenidənqurma prosesinin daha fəal şəkildə iştirakında maraqlıdır və bu istiqamətdə intensiv işlər həyata keçirilir.

Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsidir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapan vəzifələrin ardıcıl olaraq yerinə yetirilməsi bu istiqamətdə qarşıda duran hədəflərə çatmağa imkan verəcək. Böyük Qayıdış proqramı çərçivəsində görüləcək işlər həmin ərazilərdə iqtisadi fəallığın təmin olunması və ekoloji vəziyyətin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyətə malik olmaqla yanaşı, sosialyönümlü iqtisadiyyatın inkişafına, o cümlədən məşğulluğun artmasına, əhalinin rifahının yüksəlməsinə əlavə təkan verəcək. İşğaldan azad edilmiş ərazilərdə tarixi, dini və mədəni abidələrin bərpası da quruculuq və Böyük Qayıdış prosesinin mühüm tərkib hissəsidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən mədəni quruculuq tədbirləri də istər Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə və intibahına, istərsə də milli yaddaşımızın bərpasına, Azərbaycanın zəngin tarixi ənənələrinin və milli-mənəvi dəyərlərimizin dünyaya təqdim olunmasına müstəsna töhfədir.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 2022-2026-cı illər üçün qarşıya qoyulan hədəflərə çatmaq məqsədilə 6 prioritet istiqamət müəyyənləşdirilib. Bu Dövlət Proqramına uyğun olaraq görülən işlər əsasən “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyası əsasında həyata keçiriləcək. Sözügedən Dövlət Proqramı üzrə nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı ilkin mərhələdə bərpa olunacaq 100 yaşayış məntəqəsindən (8 şəhər, 8 qəsəbə və 84 kənd) 7 şəhər və 36 qəsəbə və kənd olmaqla – ümumilikdə 43 yaşayış məntəqəsinin ərazi planlaşdırılması sənədləri hazırlanmaqdadır. Həmin kəndlərdən üçünün – Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin cənab Prezident tərəfindən 2022-ci il oktyabrın 4-də təməli qoyulub. Qalan 57 yaşayış məntəqəsi üzrə isə 2023-cü ildə 38 yaşayış məntəqəsinin, o cümlədən Laçın şəhərinin, eləcə də 37 qəsəbə və kəndin, 2024-cü ildə isə 19 yaşayış məntəqəsinin layihələndirilməsi, ikinci mərhələdə bərpası nəzərdə tutulan yaşayış məntəqələrindən isə 37 ədədinin 2025-2026-cı illərdə layihələndirilməsi planlaşdırılır. Ümumilikdə Dövlət Proqramı ilə 2022-2026-cı illər ərzində yaşayış məntəqələrində çoxmənzilli binaların və fərdi yaşayış evlərinin inşası ilə bağlı mərhələli şəkildə tədbirlərin görülməsi və 34 min 500 ailənin doğma torpaqlarına köçməsi nəzərdə tutulur.

Böyük Qayıdış 30 il ərzində Ermənistanın işğalçı siyasətindən əziyyət çəkən Azərbaycan xalqının ən böyük arzularından idi. Bu gün iftixarla qeyd edirik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər nəticəsində soydaşlarımızın arzuları gerçəkliyə çevrilir. Azərbaycan tarixi Qələbəni diplomatiya meydanında, quruculuq müstəvisində möhkəmləndirir. Bu, istər ölkədə, istərsə də regional miqyasda keyfiyyətcə yeni mərhələnin başlanğıcı və yeni perspektivlər deməkdir. Əminliklə söyləmək olar ki, 30 illik işğala 44 gündə son qoyan və hazırda Zəfər yürüşünü bərpa-quruculuq meydanında inamla davam etdirən Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirməklə, Böyük Qayıdışı ən yüksək səviyyədə təmin etməklə bir daha öz qüdrətini bütün dünyaya nümayiş etdirəcək.

Cavid Əkbərov, “İki sahil”