13 yanvar 2023 00:45
665

Sonuncu şans

Prezident İlham Əliyev: Ermənistanın hakimiyyət orqanları məsuliyyəti tamamilə öz üzərinə götürməli və sülh müqaviləsi imzalanmasına hazır olmalıdır

Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe səbəbindən iki ölkə arasında münasibətlərinin normallaşması istiqamətində müxtəlif platformalarda aparılan danışıqlarda fasilə və qeyri-müəyyənlik hökm sürür. Hətta iki tərəf rəsmilərinin yaxın günlər üçün görüşəcəyi də qeyri-real görünür və bununla bağlı hər hansı məlumat hələ ki yoxdur. Baxmayaraq ki, Ermənistanın baş naziri Nikol Paşinyan 2022-ci ilin oktyabrında ilin sonuna kimi Azərbaycanla sülh müqaviləsinin imzalanmasının mümkünlüyünü bildirmişdi. İlin sonuna doğru isə tamam fərqli mənzərənin şahidi olduq –  həm Paşinyan, həm də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bir-birinin ardınca müxtəlif bəhanələrlə danışıqlar prosesinin kobud şəkildə pozulmasına səbəb olan addımlar atmağa başladılar. Əvvəlcə erməni baş nazirin Fransanın da vasitəçi kimi iştirakında israr etməsi səbəbindən Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin təşəbbüsü ilə dekabrın 7-də keçirilməsi nəzərdə tutulan növbəti Brüssel görüşü təxirə salındı. Halbuki sözügedən platformada aparılan danışıqlarda ciddi irəliləyişlərə nail olunmuşdu. Hətta Ermənistanın baş naziri məhz Brüsseldə 1991-ci il Alma-Ata Bəyannaməsinə istinad edərək ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını da rəsmi şəkildə bildirmişdi.

Bundan bir neçə gün sonra – dekabrın 23-də isə Moskvada Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə danışıqları da baş tutmadı. Məlum olduğu kimi, hər iki ölkənin liderləri Moskva görüşünə razılıq vermişdilər. Ancaq Nikol Paşinyanın tapşırığına əsasən, xarici işlər naziri Ararat Mirzoyan heç bir əsas gətirmədən səfərini son anda ləğv etdi və bununla da danışıqlarda qeyri-müəyyən müddətə fasilə yarandı.

Bəs yeni başlayan 2023-cü ildə Azərbaycan-Ermənistan münasibətlərində nə kimi irəliləyişlər mümkündür? Nikol Paşinyan nəhayət ki, siyasi iradə nümayiş etdirərək sülh müqaviləsi imzalamaq üçün danışıqlar masasına oturacaqmı?

Əvvəlcə qeyd edək ki, iki ölkə arasında münasibətlərinin normallaşması ilə bağlı aparılan danışıqların dayanması birmənalı olaraq Ermənistan rəhbərliyinin günahıdır, Paşinyan hökuməti danışıqların kobud şəkildə pozulması üçün əlindən gələni etdi. Düşmən ölkə rəsmilərinin qeyri-konstruktiv davranışı o dərəcədə diqqətçəkəndir ki, belə olmasa da adətən bu mövzuda neytral mövqe nümayiş etdirdiyini göstərməyə çalışan Rusiya da Cənubi Qafqazda sülh prosesi istiqamətində aparılan danışıqlar prosesinin məhz Ermənistanın günahı ucbatından dalana dirəndiyini etiraf etməli oldu. Yanvarın 12-də ənənəvi brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova son görüşlərin Ermənistan rəhbərliyinin günahı ucbatından baş tutmadığını bildirib.

Rəsmi Moskvanın İrəvan-Bakı münasibətlərində yaranan mənfi tendensiyadan narahatlığını dilə gətirən M.Zaxarova Rusiyanın tərəfləri kompromis həll yolları axtarmağa çağırdığını və bunun üçün yardım göstərməyə hazır olduğunu deyib. O, həmçinin ölkəsinin Azərbaycan, Rusiya və Ermənistan nümayəndələrinin üçtərəfli görüşünün keçirilməsi ilə bağlı təklifinin hələ də qüvvədə olduğunu bildirib: “İrəvan, təəssüf ki, dekabrda Moskvada Azərbaycan tərəfi ilə danışıqlar aparmaq fürsətini əldən verdi. Amma təklif hələ də qüvvədədir. Moskva görüş üçün platforma təqdim etməyə hazırdır.”

Rusiya Xarici İşlər Nazirliyi sözçüsünün son açıqlamaları bir tərəfdən Ermənistanda geniş vüsət almış anti-Rusiya əhval-ruhiyyəsinə verilmiş cavabdırsa, digər tərəfdən Şimal qonşumuzun mövqeyində Azərbaycanın lehinə müəyyən korrektələr etməsi baxımından diqqət çəkir.

Üçüncü qüvvələrin təsir və təzyiqlərindən qurtula bilməyən Ermənistanın baş naziri Nikol Paşinyan isə yanvarın 10-da keçirdiyi mətbuat konfransında növbəti dəfə ürəyində başqa niyyət tutsa da dilində sülh çağırışları səsləndirib. Maraqlıdır ki, Paşinyan bir tərəfdən danışıqları kobud şəkildə pozaraq sülh müqaviləsinin imzalanmasına mane olur, digər tərəfdən ara-sıra həm beynəlxalq ictimaiyyəti çaşdırmaq, həm də erməni cəmiyyətində fikir formalaşdırmaq məqsədilə “sülhə sadiqliyindən” danışır. Erməni baş nazir mətbuat konfransında “Azərbaycanla sülh müqaviləsi sənədinin imzalanmasının yaxşı xəbər olacağını” bildirib və əlavə edib ki, bu, tərəflərin öz maraqlarını balanslaşdıra bildiklərini ifadə edəcək: “Ermənistan saziş bağlamağa hazırdır və bunun üçün əlindən gələni edəcək.” N.Paşinyanın sözlərinə görə, Ermənistan Moskvanın təklifləri əsasında Azərbaycanla sənəd imzalamağa hazırdır: “İrəvan, həmçinin Qərb ölkələrinin təkliflərini nəzərdən keçirməyə hazırdır. Lakin əsas məsələ gələcək sənədin məzmunundadır”.

Göründüyü kimi, Ermənistanın baş naziri yenə də sözlərinin sonunda əvvəlki fikirlərindən hər an imtina etməyə bəhanə verən fikirlər səsləndirib. Məlum məsələdir ki, sülh sənədinin məzmunu ilə razılaşmamaq üçün bəhanə tapmaq qarşı tərəf üçün adi haldır.

Azərbaycan isə Ermənistandan fərqli olaraq sülh danışıqlarına hər zaman sadiqlik nümayiş etdirir. Bunu danışıqların bütün formatlarının təşəbbüskarları, vasitəçiləri görürlər və başa düşürlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Cənubi Qafqazda yeni sülh erasının başlanmasının, mehriban qonşuluq münasibətlərinin yaradılmasının, iki ölkə arasında kommunikasiyaların bərpasının, sərhədlərin delimitasiyasının və demarkasiyasının həyata keçirilməsinin Azərbaycan üçün prioritet istiqamətlərdən olduğunu növbəti dəfə bəyan etdi. Dövlətimizin başçısı Ermənistanın baş nazirinə onun görməli olduğu işləri də xatırlatdı: “Ermənistan görməli olduğu işlərin heç birini görməyib. Əgər ritorikanı, bu şikayət intonasiyasını kənara qoysaq, praktiki olaraq xarici dövlətlərin başçıları ilə hər bir görüşdə sadəcə xəbərçilik edir. Mən buna başqa ad tapa bilmirəm. Bu, sadəcə cılız qeybət, xəbərçilikdir. Bunu anonim adlandırardım, lakin anonim deyil, hər şey konkret adamların adından səslənir. Buna görə də düşünürəm ki, bu kontekstdə Ermənistanın hakimiyyət orqanları məsuliyyəti tamamilə öz üzərinə götürməli və sülh müqaviləsi imzalanmasına hazır olmalıdır. Xüsusən ona görə ki, mən əvvəlcədən demişəm, biz bu beş prinsipi irəli sürəndə də demişdim ki, bu, hansısa çoxcildlik olmamalıdır. Bu, çox sadə bir kağız, əsas prinsipləri əks etdirən sadə sənəd olmalıdır. Əlbəttə, orada bizim daxili problemlərimiz və Qarabağ ilə bağlı bütün məsələlər barədə söhbət də ola bilməz.”

Azərbaycan Prezidenti Ermənistanın 30 il ərzində işğalda saxladığı ərazilərimizdə törətdiyi dağıntıları, xalqımızın keçirdiyi iztirabları, ağrıları xatırlatdı. Bildirdi ki, buna baxmayaraq, biz sülh barədə danışırıq. Lakin bu təkliflər masa üzərində çox qalmayacaq və əgər Ermənistan Sülh çağırışlarından yenə də yayınarsa, sülh istəmirlərsə, heç lazım da deyil: “Delimitasiyanı istəmirlər – heç lazım da deyil. Deməli, sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək. Lakin mən artıq belə terminlərdən istifadə etməyə məcburam. Sərhəd delimitasiya edilməyib, bəs kim deyir ki, sərhəd buradan deyil, oradan keçir. Mən hesab edirəm ki, buradan keçir. Mənim bunu demək üçün əsaslarım var – tarixi, kartoqrafik əsaslar. Buna görə bu məsələ bizdən çox onları maraqlandırmalıdır. Biz uzun müddət belə yaşaya bilərik, sülh müqaviləsi olmasa heç lazım da deyil. Amma sonra nə olacaq? Sonrasına baxarıq. Buna görə də düşünürəm ki, onlar mənim mesajlarımı eşidəcək və düzgün nəticə çıxaracaqlar.”

Prezident İlham Əliyev müsahibəsində 2023-cü ilin Ermənistan üçün sonuncu şans olduğu ilə bağlı da xəbərdarlıq etdi: “Bu il sonuncu şans olacaq. Ona görə ki, sonra 2024-cü il gəlir, sonra 2025-ci ildə Rusiyanın sülhməramlı missiyası başa çatır. Onlar burunlarının ucundan bir qədər irəli barədə düşünməlidirlər.”

Beləliklə, 2023-cü il Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalandığı, münasibətlərin normallaşması istiqamətində əsaslı addımların atıldığı il olmalıdır. Və göründüyü kimi, buna Ermənistanın daha çox ehtiyacı var. Əks halda, itirən son illərdə olduğu kimi, yenə elə Ermənistanın özü olacaq. Özü də çox şey itirəcək...

Mahir Rəsuloğlu, “İki sahil”