Yerli televiziya kanallarına müsahibəsində tərəddüdlər içərisində çabalayan İrəvanın mifoloji təxəyyüldən ayılmasının vaxtının çatdığını bildirən Prezident İlham Əliyevin bu sözləri işğalçını dəstəkləyənlər üçün «qırmızı xətt»dir
Qarabağda, eyni zamanda sərhədlərdə təxribat törətməkdə davam edən, «Fərrux», «Qisas» əməliyyatlarından dərs almayan Ermənistan hələ də mifik xəyallarından əl çəkmir. Artıq tarixə qovuşmuş «Dağlıq Qarabağ münaqişəsi»nin davam etdiyi müddətdə belə məsələnin sülh yolu ilə həlli üçün qətiyyət göstərən, İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran Azərbaycanın üçüncü müharibənin başlanmasında maraqlı olmadığını bildirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev onu da diqqətə çatdırır ki, ölkəmizə qarşı siyasi, hərbi təxribatların, feyk informasiyaların qarşısı qətiyyətlə alınacaq.
Bu günlərdə yerli televiziya kanallarına müsahibəsində Azərbaycan üçün yaddaqalan 2022-ci ilin uğurlarından bəhs edərkən «Global Firepower» portalında 57-ci pillədə olan, ən müasir hərbi texnikaların tətbiqi, yeni yaradılan komando hissələri ilə daha da möhkəmlənən Azərbaycan Silahlı Qüvvələrinin rəşadətindən bəhs edən, bu əminliyi «Mən yenə də deyirəm, əgər görsək ki, bizə qarşı hər hansı bir təhlükə varsa və Ermənistan öz havadarları ilə bizə qarşı hansısa təxribat planlaşdırırsa, biz dərhal əlimizdə olan bütün imkanlarla bu təhlükəni aradan götürəcəyik və bəri başdan onları və onların arxasında dayananları da xəbərdar edirik» sözləri ilə diqqətə çatdıran dövlət başçımızın vurğuladığı kimi, Vətən müharibəsi zamanı Ermənistan, onun havadarları dəmir yumruğun nəyə qadir olduğunu unutmamalıdırlar.
Ölümə getdiklərini bilsələr də Ermənistanın yaratdığı müdafiə xətlərini qətiyyətlə dağıdan, beşinci nəsil döyüş sursatları ilə təmin olunan Milli Ordumuzun hərbçilərinin döyüş təcrübələrinin dünyanın müxtəlif hərbi məktəblərində öyrədilməsi yuxarıda adı çəkilən statistikadakı rəqəmin reallığını göstərir. Qalib olsa da, hələ tam arxayınlaşmayan ölkəmizdə Silahlı Qüvvələrimizin daha da möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılır. Hadrutda, Kəlbəcərdə yeni yaradılan komando qüvvələri artıq tam formalaşıb. Müsahibəsində yeni komando birləşmələrinin, Xüsusi Təyinatlı Qüvvələrimizin sayının artırılmasına, hərbi avadanlıqlarla təchizata diqqətin artırılacağını bildirən dövlət başçımız bu gücün qarşısına çıxa biləcək imkanları olmayan Ermənistanı düşünməyə çağırdı: «Onu da bildirməliyəm ki, Sərhəd Xidmətinin xüsusi təyinatlılarının sayını artırmışıq, Daxili Qoşunların xüsusi təyinatlıları, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları, dəstələri, qrupları yaradılmışdır. Dəniz piyadalarının sayını bir neçə dəfə artırmışıq. Naxçıvan Əlahiddə Ordunun xüsusi təyinatlılarının sayını artırmışıq» söyləyən dövlət başçımız İlham Əliyev qalib ordunun Müzəffər Ali Baş Komandanı kimi Ermənistana bildirib ki, bizimlə zarafat etmək işğalçıya baha başa gələcək. Ermənistanın fərari ordusu bu dəfə daha sarsıdıcı yumruqla üzləşəcək. Hərbi sənayesini, yerli istehsalı inkişaf etdirməklə Türkiyə və İsrail şirkətləri yeni müqavilələr bağlayan Azərbaycanın müdafiə qüdrəti əvvəlkindən qat-qat güclüdür.
Dünyanın enerji xəritəsini yeniləyən, geosiyasi imkanları genişlənən təbii resurslarından xalqın maraqlarına, dövlətin mənafeyinə uyğun istifadə olunan Azərbaycanda mövcud olan birlik, həmrəylik ordu qədər qüvvətlidir. Bölgədə yaratdığı reallıqları heyrətlə izləyən bütün dünya ictimaiyyəti ölkəmizdə baş verən hadisələri alternativi olmayan təcrübə kimi dəstəkləyir. Bu reallıqları görən Ermənistan Fransa da daxil olmaqla artıq kənar müdaxilələrə arxayınlaşmayaraq taleyi ilə barışmalıdır.
«Fransa bu prosesdə, bu mənfur işdə, bu xoşagəlməz prosesdə sanki bütün imkanlarını çalışır istifadə etsin ki, Ermənistanı inandırsın: məsələ bitməyib, siz gərək ayaq üstə durasınız və düşmənə qarşı, - yəni, bizi nəzərdə tutaraq. Biz görürük ki, onlar BMT səviyyəsində, BMT Təhlükəsizlik Şurası səviyyəsində iflasa uğradılar. Çünki çalışdılar anti-Azərbaycan qətnaməsini qəbul etdirsinlər, ancaq bir şey alınmadı. Digər tərəfdən, Frankofoniya klubunu çalışdılar Azərbaycanın üzərinə qaldırsınlar, halbuki bu, humanitar təşkilatdır, siyasiləşdirmək istədilər və Makron bir daha, necə deyərlər, iflasa uğradı. Nəhayət, açıq-aşkar onların bizə həm mətbuatlarında, həm siyasi dairələrində təpkiləri və hücum mövqeyi» sözləri ilə gedən qatarın arxasınca baxan Ermənistan rəsmilərini hadisələri sağlam düşüncə ilə təhlil etməyə, Azərbaycanın gücü ilə müqayisədə özünün rəzilliyini götür-qoy etməyə dəvət edən Prezident İlham Əliyev şaxtalı günlərə baxmayaraq azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdikləri aksiyanı nümunə göstərir. Azərbaycan xalqının ürəyinin hazırda Laçın yolunda döyündüyünü, aksiyada iştirak edən gənclərlə qürur duyduğunu «İlk növbədə, o gənclərə «Eşq olsun!» sözləri ilə bildirir. Laçın-Xankəndi yolunda baş verən hadisələri blokada kimi qələmə verənləri Azərbaycanın humanizmindən ibrət almağa dəvət edir. Bütün bunların məntiqi nəticəsi dəyişilməzdir: Ermənistanın bölgədə hansısa geosiyasi dəyişiklikləri gözləməsi xəyaldır. Hazırda Laçın-Xankəndi yolunda baş verən hadisələrə dünyanın məntiqli, müsbət reaksiyası onu göstərir ki, suda batanların xilas edilməsi onların öz işidir. Havadarlarının bataqlığa düçar etdiyi Ermənistanı yalnız Azərbaycan xilas edə bilər. Bunun yeganə yolu isə sülh sazişinin imzalanmasıdır.
Mütərəqqi fikirləri, düşünülmüş siyasəti ilə dünyada böyük hörmət, etimada sahib olan Prezident İlham Əliyev daha yüksək nailiyyətlər qazanmağın hədəflərini dünya siyasətinə uyğun dəqiqləşdirir: Qlobal hadisələrin gərginləşdiyi, ikili standartların və gücün dünya siyasətinə təsirinin artdığı indiki zamanda bölgədə yeni reallıqlar yaradan Azərbaycan yerini düzgün seçməli, qarşıya qeyri-real xülyalarla dolu hansısa bir hədəf qoymamalıyıq: «Bizim real maraqlarımız təmin edilməlidir. Maraqları təmin etmək üçün bizdə imkanlar var, həm siyasi, həm iqtisadi, həm hərbi, həm diplomatik, istənilən imkanlar var. Biz öz gücümüzdən çox ehtiyatla istifadə edirik. Uzun məsafəyə qaçan atletlər adətən öz qaçış tempini elə nizamlayırlar ki, nəticədə birinci olsunlar, biz də elə ona bənzəyən bir stayerik, amma lazım olanda sprinti də işə salırıq.»
Sivil düşüncəsi ilə həmkarlarını qabaqlayan, informasiya bolluğunda qıtlığı hər an hiss olunan həqiqət yolu ilə respublikamızı sayılıb –seçilən nəhənglər arasında tanıdan Prezident İlham Əliyev müasir dövrümüzün yeni reallıqlarını əks etdirən çağırışları ilə ölkəmizi sınaqlardan qətiyyətlə, mətanətlə çıxaracaq. Hələ də yolunu müəyyənləşdirməyən Ermənistan bilməlidir ki, başqalarının mümkünsüz hesab etdiklərini reallaşdıran, pozulmuş ədaləti bərpa etmək qətiyyətini Vətən müharibəsində göstərən Azərbaycan xalqı nikbindir. Bu nikbinliyi, inamı təfəkkürümüzdə möhkəmləndirən isə birliyimizi, qətiyyətimizi, sabaha inamımızı parlaq düşüncəsi ilə vahid güc kimi formalaşdıran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderlik qətiyyəti, yenilməz siyasi iradəsi, xalqına, torpağına bağlılığı, milli-mənəvi dəyərlərimizə sadiqliyidir.
Xuraman İsmayılqızı, «İki sahil»
Bişkekdə ŞƏT sammiti: Azərbaycanın diplomatiyası müstəqil seçim siyasəti kimi
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir
Kamran Bayramov: Azərbaycan Avrasiyada siyasi və iqtisadi mövqelərini gücləndirir