Prezident İlham Əliyev: Məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir
Bu gün Azərbaycan bölgənin ən sürətlə inkişaf edən dövlətidir. Xüsusilə ötən il Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) rekord həddə-134 milyard manata çatması (bu təxminən 80 milyard dollara bərabərdir) bir daha təsdiq edir ki, iqtisadi inkişafımız davamlıdır və ölkəmizdəki sosial inkişaf proqramları uğurla icra edilməkdədir.
Ötən il xarici ticarəti dövriyyəmiz 50 milyard dolları ötüb. Eyni zamanda, dövlətimizin xarici borcu azalaraq 7 milyard dollara enib. Yəni bu, o deməkdir ki, əgər əvvəlki ilin əvvəlində xarici borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edirdisə, ötən ilin sonunda bu rəqəm 9,5 faizə düşüb.
Düzdür, ötən il Azərbaycanda inflyasiyanın həddi 13, 9 faiz olub ki, bu da əvvəlki ildəkilərdən xeyli çoxdur. Təbii ki, son dövrlərdə beynəlxalq aləmdə baş verən müharibələr və hərbi qarşıdurmalar dünya iqtisadiyyatına da mənfi təsirlərini göstərib. Hətta ən qabaqcıl ölkələrin iqtisadiyyatı bu hadisələrdən zərər görüb. Xüsusilə həmin ölkələrin bəzilərində inflyasiya 20-25 faizdən yuxarı olub. Məhz Prezident İlham Əliyevin sosialyönümlü siyasəti nəticəsində inflyasiyanın vətəndaşların həyat şəraitinə mənfi təsirlərinin aradan qaldırılması üçün ciddi addımlar atılıb. Belə ki, 2023-cü ilin yanvarın 5-də ölkə başçısının Sərəncamı ilə minimum əməkhaqqı 15 faiz artırılaraq 345 manata, eyni zamanda, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya da 16,7 faiz artırılaraq 280 manata çatdırıldı.
Bundan başqa, minimum əməkhaqqının artırılması ilə ünvanlı sosial yardımın həcminin artırılması da reallaşıb. Ölkəmizin başçısı yanvarın 10-da yerli televiziya kanallarına musahibəsində bildirib ki, bu gün 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır və ildən-ilə bu yardımın məbləği artır: « Yəni, bu il bir ailəyə düşən müavinət təqribən 460 manat səviyyəsindədir və əlbəttə ki, il ərzində artacaq, o cümlədən orta aylıq əməkhaqqı da. Biz gözləyirik ki, bu il Azərbaycanda orta aylıq əməkhaqqı 900 manatdan çox olacaq. Beləliklə, sosial sahədə bu addımları ataraq həm ehtiyacı olan insanlara arxa-dayaq oluruq, eyni zamanda, biz öz siyasətimizə sadiqliyimizi göstəririk.»
Təbii ki, bu iqtisadi inkişafın bir məqsədi var. Xalqın sosial güzəranını daha da yaxşılaşdırmaq.Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu barədə bildirib: «O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər. Bizim isə məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir.»
Azərbaycan dövlətinin sosial siyasətində şəhid ailələri və müharibə əlillərinə dəstək də xüsusi çəkiyə malikdir. Məhz bunun nəticəsidir ki, 2022-ci ildə bu kateqoriyadan olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verilib. 2023-cü ildə isə daha 1500 mənzil verilməsi planlaşdırılır. Keçən il İkinci Qarabağ müharibəsində əlil olmuş 379 hərbçi ən müasir protezlərlə təmin edilib. Eyni zamanda, bu gün 60 min ailə özünüməşğulluq proqramına cəlb edilib ki, onun təxminən 25 -30 faizi şəhid ailələrinə və qazilərə aiddir.
Prezident İlham Əliyev sözügedən müsahibəsində bu sosial siyasətin davam etdiriləcəyini bildirib: «Cəmi iki il keçməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsinə aid olan proqram tam yerinə yetirilib. Bu da müharibə yaşamış ölkələr arasında, belə demək mümkündürsə, bir bizim yeniliyimizdir. Çünki bir çox ölkələrdə belə praktika yoxdur. Biz bunu nə üçün edirik? Çünki bu, o ailələr qarşısında bizim mənəvi borcumuzdur və bu borcu imkan daxilində yerinə yetirməyə çalışırıq.»
Göründüyü kimi, bütün bu iqtisadi və sosial uğurlara nail olmaqda ölkənin güclü, dayanıqlı iqtisadiyyatı mühüm rol oynayıb. İlk növbədə Azərbaycan dövləti iqtisadi müstəqilliyini təmin edib. Biz bu gün bir ölkə olaraq kənar amillərdən asılı deyilik. Prezident İlham Əliyev müsahibəsində iqtisadi müstəqilliyimiz haqqında bunları bildirib: «… İqtisadi müstəqilliyini çoxdan təmin edən Azərbaycan üçün istənilən sahədə islahatlar aparmaq çətin deyil. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil. Eyni zamanda, Azərbaycan sosial dövlətdir və əminliklə demək olar ki, iqtisadi müstəqilliyini təmin edən ölkəmizdə heç bir sosial layihə təxirə salınmayıb.»
Elçin Zaman, «İki sahil»
Bişkekdə ŞƏT sammiti: Azərbaycanın diplomatiyası müstəqil seçim siyasəti kimi
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir
Kamran Bayramov: Azərbaycan Avrasiyada siyasi və iqtisadi mövqelərini gücləndirir