12 yanvar 2023 11:30
658

Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələr sırasındadır

Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünya ölkələri arasında aparıcı ölkə olaraq tanınır. İdmançılarımızın istər kütləvi, istərdə fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirir. Azərbaycan respublikasının yürütdüyü idman siyasəti nəticəsində idman sahəsində olan uğurlarımızın qarşıdakı ildə də davam edəcəyinə inanırıq.

Ümummilli lider Heydər Əliyevin xalqın təkidilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra idmanın inkişafı da digər sahələr kimi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Elə həmin dövrdən Azərbaycanın idman ölkəsinə çevrilməsi, beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması prosesi başladı. Qısa zamanda həyata keçirilən tədbirlər nəticəsində idmançılarımızın uğurları artmağa başladı və Azərbaycan tədricən güclü idman ölkələrinin sırasına daxil oldu. Onu da qeyd etmək lazımdır ki, 1997-ci il cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsindən sonra ölkəmizdə Olimpiya hərəkatı, bədən tərbiyəsi və idmanın inkişafı yeni mərhələyə qədəm qoydu. Ölkəmiz beynəlxalq Olimpiya hərəkatına fəal qoşulması sayəsində ölkəmiz böyük idman potensialına malik olduğunu nümayiş etdirdi.

İdman sahəsində qazanılan uğurlar həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi gücünü müəyyənləşdirən vacib amillərdən biri hesab olunur. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla həmahəngdir. 

Bu gün Prezident İlham Əliyevin davam etdirdiyi inkişaf strategiyasının nəticəsi olaraq ölkəmiz bir çox sahələrdə regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin ­iqtisadi qüdrətinin ildən-ilə artması idmanın inkişafında da müsbət təsir göstərmişdir. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilmiş, maddi-texniki baza möhkəmləndirilmişdir. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynamışdır. İdmanda böyük nəticələr güclü hazırlıq tələb edir və hazırlıq prosesi fasiləsiz olmalıdır. Ən əsası, yüksək hazırlıq keçmək üçün əlverişli, müasir tələblərə cavab verən infrastuktur yaradılmalıdır. Hazırda ancaq bölgələrdə 45 dən çox Olimpiya İdman Mərkəzi var.

Sağlam cəmiyyət hər bir dövlətin əsas məqsədidir. Əlbəttə ki, dövlət vətəndaşların ­idmanla məşğul olmaları üçün xüsusi siyasət həyata keçirir. Bu mənada hər bir azərbaycanlının idmana maraq göstərməsi və müntəzəm olaraq idmanla məşğul olması dövlətin diqqət mərkəzindədir. Təbii ki, dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsil formalaşdırılır. Bu formalaşdırılırmış nəsil də Vətənimizin sağlam gələcəyi deməkdir. Müasir gənclərin hərtərəfli formalaşmış, rəqabətədavamlı yetişdiriliməsi məhz dövlətin uğurlu gənclər siyasətinin davamıdır.

İdman hər yaşda insanların sağlamlığı ilə bərabər, harmonik inkişafına da şərait yaradır. Şagirdlərdə doğma məktəbin, tələbələrdə ali təhsil ocaqlarının, ümumilikdə isə Vətənin şərəfini müdafiə etmək kimi müsbət keyfiyyətlər tərbiyə edir. Buna görə də, idmanın kütləviliyi gənc nəslin mənəvi və fiziki inkişafı üçün vacib amildir. Ümummilli lider Heydər Əliyev fiziki tərbiyə və idmanın inkişafına çox böyük diqqət ayırmış və öz çıxışlarının birində bu barədə belə demişdir: “İdmanın və bədən tərbiyəsinin inkişafı üçün görülən işlər, gələcəkdə görəcəyimiz işlər, dövlətin və hökumətin siyasətinin əsas istiqamətlərindən biridir”. 

Rövşanə Abbasova,
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşı