Hər bir dövlətin inkişafında, iqtisadi, hərbi və siyasi uğurlarında cəmiyyətin rolu əvəzolunmazdır. Yüksək əxlaqi və mədəni dəyərlərə sahib olan cəmiyyət isə öz növbəsində bir çox məfhumlar əsasında formalaşır ki, bu məfhumlar arasında da idman böyük əhəmiyyət daşıyır.
Təsadüfi deyil ki, idman ölkəsi deyiləndə, ağla gələn ölkələrdən biri də Azərbaycandır. Həmişə olduğu kimi, 2022-ci il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Keçirilən yarışlarda idmançılarımızın qazandıqları qələbələr, həmçinin ölkəmizdə təşkil olunan müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi adlandırmağa əsas verir. Prezident İlham Əliyev tərəfindən son illərdə idman sahəsində aparılan siyasətin, edilən islahatların, habelə verilən sərəncamların nəticəsi göz önündədir.
Azərbaycanda tez-tez böyük və irimiqyaslı yarışlar keçirilir. Bu yarışların ölkəmizdə təşkil olunmasından əlavə, idmançılarımız da sözügedən yarışlarda məharətlə iştirak edirlər. Bu yarışlar arasında xüsusilə İslam Həmrəyliyi Oyunlarını qeyd etmək lazımdır. 2017-ci ildə Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. 2022-ci ildə Türkiyənin Konya şəhərində keçirilən növbəti eyniadlı yarışda isə idmançılarımız ümumilikdə 99 medal qazanmışdırlar. Olduqca güclü rəqabət müşahidə olunan bu oyunlarda idmançılarımızın əzmkarlıq nümayiş etdirərək nailiyyətlər əldə etməsi böyük qələbədir.
Həmçinin idmançılarımız keçən il ölkəmizdə keçirilən yarışlarda çoxlu ilklərə imza atıblar. Elə idman növləri var ki, keçən il bu idman növü üzrə beynəlxalq tədbirdə, eyni zamanda dünya çempionatlarında ilk medalları qazanmışıq. Qazanılan bu uğurlarda demək olar ki, ölkə üzrə bütün idman federasiyalarının öz payı var.
İdman ölkəsi Azərbaycanda uzun illər boyu yüksək nailiyyətlərə imza atmış peşəkar idmançılarımız, özlərindən daha gənc idmançılar üçün həm görkəmli müəllim, həm də onların motivasiyasını yüksəkdə saxlayan şəxslər olurlar. Respublikada uşaq, yeniyetmə və gənclərin idmana cəlb olunması üçün paytaxt Bakı və regionlarda daima çoxsaylı tədbirlər keçirilir. Gənclərin uşaq yaşlarından etibarən idmana cəlb olunması, onların cəmiyyətdə sağlam fərd kimi formalaşması üçün də önəmli amil hesab olunur. Sağlam bədəndə sağlam ruh olar. Şübhəsiz ki, idmanla məşğul olan və özünü fiziki olaraq güclü hiss edən insanlar eyni zamanda yüksək əxlaqi keyfiyyətlərə sahib olurlar.
Hazırda ölkəmizin hər bir yerində idmanla məşğul olmaq üçün əlverişli şərait təşkil olunub və bu proses davam edir. Bölgələrdə onlarla Olimpiya kompleksi tikilərək istifadəyə verilib. Əhalinin istənilən sosial təbəqəsi üçün idmanla məşğul olmağın daha əlçatan olması məqsədilə paytaxtın bir çox parklarında trenajorlar quraşdırılıb. Prezident İlham Əliyev tərəfindən Gənclər və İdman Nazirliyi və yerli icra orqanlarına verilən tapşırıq əsasında bu təcrübə respublikanın regionlarında da tətbiq ediləcək. Belə ki, ölkənin əksər bölgələrində hava şəraitinin ilboyu müsbət keçməsi açıq havada fiziki məşqlərin edilməsinə imkan verir. Həmçinin, idman zallarının açılmasında, antinarkotik təbliğatının aparılmasında, yeniyetmə və gənclərin idmana cəlb olunmasında sahibkarların da fəaliyyəti diqqətdən qaçmır ki, bu da əhalinin idmana olan marağını bir daha sübut edir.
Artıq azad olunmuş ərazilərdə də bir neçə idman yarışı keçirilib. Bundan başqa azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Yenidənqurma işləri çərçivəsində Ağdamın məşhur "İmarət" stadionunun yeni layihəsi təsdiq olunub, onun yanında böyük Olimpiya İdman Kompleksi, eyni zamanda Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksi tikiləcək.
Respublikada idmanın təbliğatı dövlət qurumlarından da yan keçmir. 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar təşkil edilməsi nəzərdə tutulan bir neçə idman yarışı və gənclər üçün tədbirlər var ki, bunlardan birinə artıq nazirliyin dəstəyi ilə start verilib. Hər həftənin şənbə və bazar günləri dövlət qurumları arasında futbol oyunları keçirilir. Əllidən çox dövlət qurumu bu futbol yarışında iştirak edir. Bu yarışlara bütün təşkilatların çox ciddi yanaşması onu göstərir ki, ölkənin bütün dövlət qurumlarında da idmana diqqət var.
Ümumiyyətlə, idman ölkəsi olaraq paytaxt Bakı şəhərində tez-tez ən mötəbər idman yarışları qəbul edilib və yeni yarışlar qəbul ediləcək. Ölkəmizdə bir sıra idman növləri üzrə həm dünya, həm Avropa çempionatları keçiriləcək. Hazırda 2024-cü il Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindəyik. Azərbaycanın Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləməsi və yüksək nəticələr qazanması naminə bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri var gücü ilə çalışmağa davam edir.
Beləliklə, bütün bu deyilənlər qətiyyətlə deməyimizə əsas verir ki, Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib. İdmançılarımız dünya arenasındakı uğurları daima qazanıb, qazanmağa davam edir və inanırıq ki, həmişə qazanmağa davam etməklə, üçrəngli bayrağımızı dünya arenasında daima uca tutacaqlar.
Əliikram Ələkbərzadə,
Azərbaycan Kikboksinq Federasiyasının nəzdində Milli Qəhrəman Mübariz İbrahimov adına “Gənc Mübarizlər” idman klubunun direktoru,
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Texniki İstehsalat Şöbəsinin aparıcı mühəndisi
Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək - TƏHLİL
Bişkekdə ŞƏT sammiti: Azərbaycanın diplomatiyası müstəqil seçim siyasəti kimi
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir
Kamran Bayramov: Azərbaycan Avrasiyada siyasi və iqtisadi mövqelərini gücləndirir