Azərbaycan müstəqillik qazandıqdan sonra ötən əsrin 90-cı illərində ölkədə mövcud olan böhran bir çox sahələrin, o cümlədən idmanın inkişafına da mənfi təsir etmiş, idman dövlət qayğısından kənarda qalmışdı. Ümummili lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət və qayğı tam dəyişdi. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi və bununla da idman sahəsində yüksəlişin bünövrəsi qoyuldu.
Azərbaycanın bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar. İlk dəfə 1996- il Atlanta Olimpiadasına 23 nəfər idmançı ilə qatılan Azərbaycanın 197 ölkə arasında 61-ci yeri tutması idmanımızın beynəlxalq olimpiya hərəkatında ilk nailiyyəti idi. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu Öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu mənada 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev yeni bir fərman imzaladı. Həmin fərmana əsasən, Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün fond yaradıldı.
Ulu Öndər Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahə ilə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoymuşdu. İdmanın inkişafı üçün həyata keçirilməli əsas tədbirlər sırasına mövcud idman bazalarının, stadionların, meydança vəzalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi,yeni idman bazalarının, meydançalarının, stadion və zalların tikilməsi, zəruri avadanlıqlarla təchizatı, idman klublarının açılması, mütəxəssislərin yetişdirilməsi, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlbolunması daxil edilmişdi.
Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar, üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı. Qeyd etdiyimiz kimi Ulu Öndərin Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı gənclər və idman siyasətini ölkənin prioritet inkişaf istiqamətlərindən birinə çevirdi. Cənab İlham Əliyevin Prezident seçilməsindən sonra isə Azərbaycanda idman sahəsi özünün intibah dövrünə qədəm qoydu. Ulu Öndərin açdığı cığırdan heç bir zaman sapılmadı və ölkədə idman siyasəti yeni mərhələyə keçid etdi. Cənab İlham Əliyevin idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün atdığı addımlar ölkəmizin bütün idman ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. Ölkə başçısı, Milli Olimpiya Komitəsinin sədri İlham Əliyevin hakimiyyətə gəlişindən qısa müddət sonra “Azərbaycan Respublikasında 2004-2008-ci illər ərzində bədən tərbiyəsi və idmanın inkişafı” dövlət proqramı qəbul edildi.
Ölkəmizdə bu istiqamətdə fəaliyyət göstərən bütün qurumlar idmanın Azərbaycanda inkişaf etməsi, kütləviliyin geniş vüsət alması, eləcə də idmançılarımızın respublikamızı daha yaxşı təmsil etməsi məqsədlərini güdür. Bakı şəhərində ən müasir idman infrastrukturu mövcuddur. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanın bölgələrində 50-dən çox müasir standartlarla ayaqlaşan Olimpiya İdman Kompleksi istifadəyə verilmişdir. Əvvəlki illərdə tikilən komplekslər əsaslı təmir olunub və eyni zamanda son illərdə bir neçə böyük stadion, idman qurğusu inşa edilib. Əlbəttə, təxminən 70 min tamaşaçı tutumuna malik olan Olimpiya Stadionunu xüsusi qeyd etmək lazımdır. Ondan əlavə Milli Gimnastika Arenası, Su İdman Sarayı və Bakı Atıcılıq Mərkəzinin tikintisi üçün dövlət büdcəsindən böyük vəsait ayrılmışdır. Bunlarla yanaşı, Bakıda idman şəhərciyi fəaliyyət göstərir. Ümumilikdə, son illər ərzində həm bölgələrdə, həm də Bakıda idmanın inkişafına xüsusi diqqət yetirilməsi öz bəhrəsini verməkdədir.
Ölkəmiz sadəcə beynəlxalq idman yarışlarında uğurlu iştirakla deyil, həm də kütləvi turnirlərin keçirilməsi sahəsində əldə etdiyi təcrübə və yüksək təşkilatçılıq örnəyi ilə dünyanın aparıcı idman mərkəzlərindən birinə çevrilib. Təsadüfi deyil ki, ölkəmizdə hər il nüfuzlu beynəlxalq idman yarışları keçirilir. Azərbaycan müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarına ev sahibliyi edir. Bütün bu turnirlər ölkəmizin nüfuzunun artmasına, ölkəyə turist axınına, turizm və onunla əlaqəli sektorların inkişafına xüsusi töhfələr verir. Turizm sektorunda yaşanan canlanma bilavasitə iqtisadiyyatın da inkişafına təkan verir.
2015-ci ildə ölkəmizdə birinci Avropa Oyunları həyata keçirildi. I. Avropa Olimpiya Oyunları qısa müddət ərzində görülən hazırlıq işləri ilə Yay Olimpiya Oyunları səviyyəsində keçirildi. Bu bir daha sübut etdi ki, Azərbaycan digər nüfuzlu idman ölkələrindən geri qalmır və ölkəmiz ən böyük idman tədbirlərinə yüksək standartlara uyğun ev sahibliyi etmək iqtidarındadır.
Dünya idman tarixinə öz imzasını atmış və beynəlxalq aləmdə lazımı nüfuzunu qazanmış ölkəmiz 2017-ci ildə ilk dəfə Bakıda qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə və digər yarışlara da ev sahibliyi etmişdir.
Həmçinin, 2017-ci ildə paytaxtımızda keçirilən IV İslam Həmrəyliyi Oyunları da belə idman yarışlarındandır. Burada 54 ölkə 3 mindən çox idmançı ilə təmsil olunmuşdur. Bu yarışlarda isə Azərbaycan komanda hesabına birinci yeri tutmuşdur.
2016-cı ildən etibarən F-1 mövsümünün qran prilərindən biri ölkəmizdə keçirilir. Ölkəmizdə keçirilən birinci Formula 1 Qran prisindən sonra Azərbaycana kütləvi turist axını olmuşdur. Aydın məsələdir ki, bu sadəcə turizm sektorunun deyil, həm də bir çox digər sahənin canlanması deməkdir. Onu da qeyd etmək yerinə düşər ki, F-1 dünyada ən çox izlənən idman yarışlarından biridir. İzləyici kütləsi 1-2 milyard arasında dəyişən bu yarışlar dünyanın bütün ölkələrində çılğın azarkeşlərə sahibdir.
Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Respublikamızın qısa müddət ərzində idman sahəsində əldə etdiyi nailiyyətlər Beynəlxalq Olimpiya Komitəsinin və Avropa Olimpiya Komitəsinin rəhbərliklərinin diqqətindən yayınmamışdır. Bu gün, idmanla yanaşı bütün sahələrdə Azərbaycan Respublikası öz tarixinin çox şərəfli, sürətli inkişaf və tərəqqi dövrünü yaşamaqdadır.
Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı
Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək - TƏHLİL
Bişkekdə ŞƏT sammiti: Azərbaycanın diplomatiyası müstəqil seçim siyasəti kimi
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir
Kamran Bayramov: Azərbaycan Avrasiyada siyasi və iqtisadi mövqelərini gücləndirir