10 yanvar 2023 14:36
539

Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır

Azərbaycanda dövlətinə sadiq, Vətənini canından da artıq sevən cəsur və mənəvi-əxlaqt dəyərlərə malik gənc nəslin yetişməsi Prezident İlham Əliyevin gənclər siyasətinin əsas qayəsidir. Bu keyfiyyətlər isə idmansevər gənclərdə daha çox biruzə verir. Məhz bu amili daim diqqətdə saxlayan dövlətimizin rəhbəri  idman sahəsinin inkişafına önəm verir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan dövlətinin idmana xüsusi diqqət yetirməsi artıq öz bəhrəsini artıqlaması ilə vermişdir. Belə ki, bu istiqamətdə ciddi uğurlarımız var  və biz dünyada idman ölkəsi kimi tanınırıq. Bəli məhz əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan idmanının inkişafı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, regionlarda idman infrastrukturlarının sayı gündən-günə artır. Xüsusilə son bir neçə ildə dünyanın ən mötəbər beynəlxalq idman tədbirlərinin təşkili ölkəmizə böyük nüfuz qazandırmışdır. İlk Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, «Formula-1» Bakı Qran-pri yarışlarının, müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarının Azərbaycana həvalə edilməsi son illər bu sahədə görülən işlərə verilən ən yüksək qiymətdir. Təkcə ötən il ölkəmizdə onlarla beynəlxalq turnir keçirilmişdir.

Qeyd edək ki, 2023-cü ilin yanvarın 9-da ötən ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərkən Prezident İlham Əliyev bildirdi ki, hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Ölkə başçısı vurğuladı ki, bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşıya qoyulmuş bütün vəzifələr icra edilmiş və Azərbaycanın dinamik inkişafı təmin olunmuşdur. Qazanılmış uğurları təhlil edərkən Prezident İlham Əliyev dünya, Avropa çempionatlarında idmançılarımızın ölkəmizi ləyaqətlə təmsil etdiklərini diqqətə çatdırdı.

Bizi müasir və güclü dövlət kimi fərqləndirən cəhətlərdən biri də ondan ibarətdir ki, ölkəmiz ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlərə, o cümlədən də idman yarışlarına böyük məsuliyyətlə yanaşır və özünün yüksək standartlarını tətbiq edir. Birinci Avropa Oyunlarının standartlarının Bakıda müəyyənləşməsi, eləcə də ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə təşkil etməsi mütərəqqi nümunələr yaratmaqla yanaşı, ölkəmizin imkanları və nüfuzunu nümayiş etdirmiş oldu. İdmançılarımızın hər dəfə beynəlxalq arenalarda qazandıqları qalibiyyətlər, bayrağımızı ucaltmaları dövlətimizə şərəf gətirən amillərdir.

Azərbaycanın bölgələrində 50-yə yaxın müasir Olimpiya İdman Kompleksinin tikilməsi, Bakıda ən müasir idman infrastrukturunun mövcudluğu, əvvəlki illərdə tikilmiş idman obyektlərinin əsaslı təmir olunması, eyni zamanda, son illərdə bir neçə böyük stadion, idman zalının inşa edilməsi bu sahədə uğurların təməlində durur. Bunların arasında təxminən 70 min tamaşaçı yeri olan Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəzinin tikintisini xüsusi vurğulamalıyıq.

Hazırda Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Ötən ildə idmançılarımızın istər kütləvi, istərdə fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirmişdir. Azərbaycanda bədən tərbiyəsi və idman hərəkatının idarə olunması prosesi günün tələbləri səviyyəsində inkişaf etdirilir. Təkmilləşdirilən idman yönümlü qurumların sayı artırılır, bələdiyyələrin, yerli və regional qeyri-hökumət orqanlarının bu sahə üzrə fəaliyyətləri gücləndirilir.

Bir sözlə, Prezident-İlham Əliyevin idmanın inkişafı üçün göstərdiyi diqqət və qəbul etdiyi qərarlar imkan verir deyək ki, qarşıdakı illərdə də Azərbaycan idmanı yeni zirvələri fəth edəcək və idmanın kütləviləşməsi prosesi özünün inkişafında yeni mərhələyə qədəm qoyacaqdır.

Elnur Əmiaslanov,
YAP Hacıqabul rayon təşkilatının sədri