10 yanvar 2023 14:28
1525

Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib

İdman ölkəmizdə prioritet sahədir

 

2022-ci il Azərbaycan idmanı üçün uğurlu il olub. Ölkəmizdə keçirilən müxtəlif beynəlxalq yarışlar, həmçinin idmançılarımızın qazandıqları qələbələr bunu əminliklə deməyə əsas verir. Azərbaycan artıq özünü dünyada güclü idman ölkəsi olaraq təsdiq edib. Baxmayaraq ki, hər il dünyada idman sahəsində rəqabət artır və yeni idman ölkələri meydana çıxır. İdman sahəsində əldə edilən böyük uğurların əsasını isə dövlət tərəfindən, xüsusən də Prezident cənab İlham Əliyev tərəfindən ölkə idmanına, idmançılarımıza göstərilən yüksək səviyyəli diqqət və qayğı təşkil edir.

Yanvarın 9-da ötən ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edən Prezident cənab İlham Əliyev 2022-ci ilin  Azərbaycan idmanı üçün uğurlu il olduğunu, idmançılarımızın ölkəmizi dünya və Avropa çempionatlarında ləyaqətlə təmsil etdiklərini qeyd etdi. Ölkə başçısı Azərbaycan idmanının inkişafı üçün görülmüş işlərdən bəhs edərkən bildirdi ki, bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılıb və bu proses davam etdirilir. Bakı şəhərində ən mötəbər idman yarışları təşkil olunub, həmçinin paytaxtda parklarının bir neçəsində açıq havada idmanla məşğul olmaq üçün şərait yaradılıb. Bu təcrübə bütün bölgələrdə də tətbiq olunacaq və daha çox gəncin idmanla məşğul olmasına şərait yaradılacaqdır. Bölgələrdə keçirilən çoxsaylı tədbirlər gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradır. Yetişən gənc nəslin idmanla məşğul olması gənclərin həm fiziki, həm də mənəvi sağlam olmalarını təmin edir. Məhz ölkəmizdə uzun illər həyata keçirilən bu siyasət nəticəsində sağlam, vətənpərvər gənclər yetişmiş, torpaqlarımızın işğaldan azad edilməsində də belə gənclərimizin əməyi danılmaz olmuşdur. Artıq həmin torpaqlarda bərpa-quruculuq işləri həyata keçirilir, azad olunmuş ərazilərimizə yeni həyat qayıdır. Belə ki, azad edilmiş ərazilərimizdə keçən il bir sıra beynəlxalq idman yarışları da keçirilmişdir. Azad edilmiş ərazilərdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük tarixi əhəmiyyətə malik olduğunu qeyd edən Prezident cənab İlham Əliyev azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılacağını bildirdi. Azad edilmiş ərazilərdə bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və idman obyektləri yaradılacaq. Hazırda Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir. Həmçinin Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin yaradılması üçün işlər həyata keçirilir.

 Ümumiyyətlə, idman ölkəmizdə prioritet sahədir və dövlət tərəfindən göstərilən dəstək nəticəsində ölkəmizdə davamlı olaraq tanınmış idmançılar yetişir. Bir sözlə, aparılan uğurlu idman siyasəti nəticəsində Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib. Bundan sonra da ölkə idmanına və idmançılarımıza dövlətin dəstəyi yüksək səviyyədə olacaq,  2023-cü il bir çox parametrlər üzrə həlledici il kimi yadda qalacaq. Ölkəmizdə  dünya və Avropa çempionatları keçiriləcək, Olimpiya Oyunlarının təsnifat turnirləri baş tutacaqdır. Azərbaycan həmçinin Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləyəcəkdir.

Anar Şahmuradov,

YAP Ağdaş rayon təşkilatının əməkdaşı