Azərbaycanın cüdo üzrə milli komandası Avstriyanın Miteşil şəhərində təşkil olunan Olimpiya təlim düşərgəsində iştirak edir. Yanvarın 17-dək keçiriləcək təlim-məşq toplanışına böyüklərdən və gənclərdən ibarət kişi milli yığma komandadan 27 idmançı qatılıb. Qadınlardan ibarət milli yığma komandadan isə 10 cüdoçu iştirak edir.
Azərbaycan Cüdo Federasiyasından "İki sahil"ə bildiriblər ki, 1993-cü ildən bəri keçirilən təlim-məşq toplanışına dünyanın 45 ölkəsindən 700-dən çox idmançı qatılıb. Onların arasında reytinq cədvəlinə düşən ilk 7 idmançı, 14 Olimpiya çempionu, 5 dünya çempionu və digər nüfuzlu turnirlərin qalibləri və mükafatçıları var.
“Yeni təqvim ilinin başlanğıcıdır və bu təlim-məşq ilin ilk rəsmi toplanışı olduğu üçün buraya çoxlu sayda reytinqli idmançı qatılıb. İdmançılarımızın Miteşil Olimpiya idman düşərgəsində iştirakları Portuqaliyada keçiriləcək Qran-Pri və Paris Böyük Dəbilqə turnirlərinə hazırlıq məqsədi daşıyır. Həmçinin bu təlim yeni strategiyalar və texnikalar üzərində işləmək üçün müsbət şərait yaradacaq”, - deyə böyüklərdən ibarət milli yığmanın baş məşqçisi Riçard Trautman vurğulayıb.