09 yanvar 2023 23:12
791

Döyüş meydanlarında əldə edilmiş Qələbə idman yarışlarında da özünü ifadə edir

Dövlət başçısı İlham Əliyev ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə bir daha bildirdi ki, sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır

«Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır. Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında. İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi - bizim siyasətimiz əsasında yetişən, həm cəmiyyətdə, həm də ailələrdə gözəl tərbiyə alan gənclər idi. Bu amil əlbəttə ki, bütün sahələrdə özünü göstərir. Yəni, artıq iki ildən çoxdur ki, xalqımız müzəffər xalq kimi yaşayır və bu qürurverici amil bizimlə bundan sonra əbədi olacaq. Sadəcə olaraq, bizim hər birimiz də öz sahəmizdə, öz fəaliyyətimizdə bu müqəddəs Zəfərə layiq olmalıyıq.» Prezident İlham Əliyev ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə bu mühüm məqamı da xüsusi qeyd etdi ki, azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilmişdir. Bunun çox böyük tarixi əhəmiyyəti var. Çünki azad edilmiş ərazilər indi canlanır,  insanlar qayıdır. Tarixi Zəfərimizdən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işlərinə başlandı və o bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var: «Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı keçirilmişdir. Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir. Mən bunu çox yüksək qiymətləndirirəm və bu il də bu işlər davam etdirilməlidir.»

Son iki ildən artıq dövrdə dövlət başçısı İlham Əliyevin bütün çıxışlarında tarixi Zəfərimizin reallıqları fonunda qalib Azərbaycanın uğurlarından böyük qürur hissi ilə bəhs edilir, hədəflər açıqlanarkən işğaldan azad edilmiş ərazilərimizin hərtərəfli inkişafının bütün sahələrdə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan kimi bərpası, yenidən qurulması qarşıya mühüm vəzifə kimi qoyulur. Əsas çağırışlar sırasında gələcəyimiz olan gənclərin daha vətənpərvər, milli ruhda tərbiyəsi vacib amil kimi önə çəkilir.

Tarixi Zəfərimizin reallıqlarından biri budur  ki, rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müzəffər Ali Baş Komandan İlham Əliyev  bildirir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.” Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.

44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı Qələbəsi yeni reallıqlar yaratdı. Dövlət başçısı İlham Əliyev Zəfərimizi şərtləndirən amillərdən, hazırlıq dövrü kimi xarakterizə etdiyi 2003-2020-ci illərdə görülən işlərdən bəhs edərkən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsini, torpağa bağlılığını, Vətən sevgisini xüsusi diqqətə çatdırır: «Bax, bu reallığı biz yaratmışıq və yenə də deyirəm, mənəvi hazırlıq həlledici rol oynamışdır. Gənc nəsil yetişdi, Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişdi və bu gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Mən demişəm ki, torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə mən hakimiyyətə gələndə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.»

Ölkə Prezidenti İlham Əliyev tarixi paralellər fonunda Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadığı duruma nəzər salaraq bu reallığı diqqətə çatdırır ki, ölkəmiz AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı: «O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.» Müstəqililk tariximizin 1993-cü ildən, yəni ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlanan mərhələsində yaradılan möhkəm bünövrə bugünkü reallıqlarımızda öz əksini tapıb. «Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq» söyləyən ölkə Prezidenti bildirmişdir ki, 1993-2003-cü illərdə dövlətçiliyin əsasları qoyuldu. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Azərbaycan beynəlxalq təcriddən xilas oldu. Azərbaycan artıq hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başladı. Ölkəmiz böyük investisiyalar məkanına çevrildi. Nizami ordu formalaşdı. Yüksək ixtisaslı kadrların yetişdirilməsi üçün önəmli addımlar atıldı ki, hazırda o kadrlar ölkəmizin müxtəlif sahələrdə inkişafına öz töhfələrini verirlər.

Bunları sadalamağımız səbəbsiz deyil. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, müstəqillik tariximizin ayrı-ayrı mərhələləri barədə gəncləri məlumatlandırmalıyıq. Azərbaycanın son 19 ildə keçdiyi inkişaf yolu hər kəsə məlumdur. Dövlət başçısı İlham Əliyev Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirərək möhkəm təməl üzərində təkmil islahatları ilə Azərbaycana möhtəşəm uğurlar qazandırır. Zəfərimiz bu uğurların zirvəsində dayanır. Bu Qələbəmiz Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, illərdir ermənilərin, ermənipərəst qüvvələrin apardıqları təbliğatların nə qədər yanlış, saxta olduğunu da bir daha bilərəkdən susan dünyaya çatdırdı.

Ölkəmiz inkişafın yeni mərhələsindədir. Azərbaycan gəncliyi daim yenilik axtarışındadır. Azərbaycan gəncliyi enerjili, sabaha böyük ümidlərlə addımlayan, qalib ölkənin gəncləridir. Dövlət başçısı İlham Əliyev sözügedən mərasimdə Azərbaycan gənclərinin idman uğurlarından geniş bəhs edərək idman yarışlarında qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın yüksəklərdə dalğalanmasını böyük qürur hissi ilə qeyd etdi. Ölkəmizdə idmanın inkişafı üçün bütün imkanlar yaradılıb. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Bu Oyunlar dünyaya birlik, həmrəylik çağırışlarını ifadə etməklə yanaşı, Azərbaycanın malik olduğu imkanların təqdimatı kimi dəyərləndirildi. Dövlət başçısı İlham Əliyev mərasimdəki çıxışında «Sevindirici hal ondan ibarətdir ki, bu gün idmanla məşğul olmaq üçün bütün imkanlar var» söyləyərək bildirdi ki, bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılıb. Bu proses davam etdirilir: «Eyni zamanda, biz Bakı şəhərində ən mötəbər idman yarışlarını qəbul etmişik və yeni yarışları qəbul edəcəyik. Ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək, Olimpiya Oyunlarının təsnifat turnirləri də əvvəllər keçirilmişdir, gələcəkdə də bu, istisna deyil. Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindəyik. 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır. Ona görə bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri, əlbəttə, əsas istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləsin.»

İki ildən artıqdır ki, idmançılarımız qalib Azərbaycanı təmsil etməkdən qürur hissi keçirirlər. Döyüş meydanlarında əldə edilmiş Qələbənin idman yarışlarında da özünü ifadə etməsi üçün  səylərini daha da artırırlar. Dövlət başçısı ötən ilin idman yekunlarına həsr olunan mərasimdə bu çağırışı da etdi ki, idmanın kütləviliyinə gəldikdə  bölgələrdə təbliğat daha geniş vüsət almalıdır. Son vaxtlar Bakı şəhərinin parklarının bir neçəsində açıq havada idmanla məşğul olmaq üçün şərait yaradılıb. Bu təcrübə bütün bölgələrə aparılmalı, orada tətbiq edilməlidir. Ümumilikdə  sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır.

Yeganə Əliyeva, «İki sahil»