06 yanvar 2023 23:29
671

İranın qatı ermənipərəstliyi İslam aləminə xəyanətdir

Azərbaycan - İsrail dostluğu kimləri narahat edir?

İranın molla rejimi hələ də Azərbaycan dövlətinin regionda artan  nüfuzu ilə barışmaq istəmir. Xüsusilə İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmizdən sonra İran ölkəmizə qarşı təhdidlərini artırdı. Belə ki, 2022-ci ildə ölkəmizlə sərhədboyu hərbi təlimlər keçməklə bizi qorxutmağa çalışdı. Ancaq Azərbaycan bu təhdidlərə gözlənildiyindən də sərt reaksiya verərək ordumuzun İranla sərhəddə mükəmməl hərbi təlimlərini keçirdi. Bu təlimlərdə Türkiyə hərbçilərinin iştirakı isə İranı daha çox əndişələndirdi.

Eyni zamanda, ötən il Tehrandan səsləndirilən siyasi təhdidlərə də Azərbaycanın cavabı özünü çox gözlətmədi. Prezident İlham Əliyev bu hədə dolu açıqlamalara tutarlı cavablar verdi. Ölkəmizin başçısı bir neçə dəfə İranda yaşayan 40 milyon azərbaycanlının hüquqlarının müdafiəsi ilə bağlı bəyanat səsləndirdi. Azərbaycan mediası İranın təxribatçı TV-lərindən ölkəmizə ünvanlanan şər-böhtanlara  qarşı özünün məntiqli verilişlərini yayımladı. Hətta molla rejiminin təhdidlərinin artdığı ən gərgin vaxtlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq hava limanının açılış mərasiminə qatılması İran rejiminə sarsıdıcı zərbə oldu.

Molla rejimi 2023-cü ilin ilk günlərindən də ölkəmizə yönəlik təxribatlarını davam etdirir. Belə ki, yanvarın 4-də İran televiziyaları Azərbaycana qarşı növbəti təhdid və təxribatların yer aldığı videoçarx yaymlayıblar. Videoçarxda İran bayrağı daşıyan hərbi formalı uşaqların Xudafərin körpüsünün yanından Azərbaycana doğru addımladıqları göstərilir. Burada diqqətçəkən məqam isə bayrağın üzərində «Qüdsə gedən yol» cümləsinin yazılmasıdır.

Bəs bu videoçarxda Qüdsə gedən yolun Bakıdan «keçməsi» nəyə işarədir? Qeyd edək ki, son bir neçə ildə İsrail- Azərbaycan əməkdaşlığı dostluq səviyyəsinədək yüksəlib. Xüsusilə İkinci Qarabağ müharibəsində İsrailin Azərbaycanın haqq işini ciddi şəkildə müdafiə etməsi İranı hərtərəfli narahat etmişdi. Bundan başqa, ötən il Azərbaycan dövlətinin İsraildə səfirlik açmaq barədə qərar qəbul etməsisı molla rejiminin yuxusunu ərşə çəkdi. Məlum olduğu kimi, Prezident İlham Əliyev ötən ilin noyabrın 25-də «Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat» mövzusunda beynəlxalq konfransda bəyan etmişdi ki, İsraildə səfirlik, Fələstində nümayəndəlik açılacaq. Məhz qısa müddətdə bu fikir reallaşdı.

«Qüdsə gedən yol Bakıdan keçir» videoçarxının  yayımlandığı  günlərdə İran üçün daha bir xoşagəlməz  xəbərlər gəldi. Belə ki, 16-18 yanvar 2023-cü il tarixlərində İsrailin Avrasiya ölkələrindəki səfirlərinin və İsrail Xarici İşlər Nazirliyinin mərkəzi aparatının yüksək vəzifəli məmurlarının iştirakı ilə Bakıda xidməti müşavirəsi keçiriləcək. Aydın məsələdir ki, İranın məlum videoçarxından sonra bu toplantının Bakıda keçirilməsi təsadüfi deyil. O da faktdır ki, indi İsrailin müsəlman ölkələri, xüsusilə də Türkiyə ilə münasibətlərinin normallaşdırmasında Azərbaycan mühüm rol oynayır. Bunun əksinə isə özünü «islam» ölkəsi adlandıran İran Azərbaycan, Pakistan, Əfqanıstan, Körfəz ölkələri, İraq və Səudiyyə Ərəbistanı ilə münasibətləri gərginləşdirib. Halbuki  Azərbaycan dövləti son  30 il ərzində İrana qarşı heç bir koalisiyaya, heç bir sanksiya paketinə qoşulmayıb. Ancaq son dövrlərdə molla rejiminin ölkəmizə yönəlik təhdidləri artdıqca Azərbaycan İrana yönəlik  siyaəsətində haqlı olaraq dəyişiklik etməyə məcbur oldu.

Bu arada onu da qeyd edək ki, İran hakimiyyəti nəinki qonşularına, hətta öz xalqına qarşı da sərt diktatura rejimi qurub. Hətta ötən il  hicab qaydalarını pozan 22 yaşlı Məhsa Əmininin polis əməkdaşları tərəfindən döyülərək öldürülməsi İranda kütləvi etiraz aksiyalarına səbəb oldu. Gənc qızın ölümündən hiddətlənərək küçələrə axışan  etirazçıların əsas tələbi insanların azadlıq hüququnun tanınması, hicab qaydalarının ləğv olunmasıdır. Ancaq bununla belə hələ də İranda edam halları artmaqdadır. Belə ki, 2022-ci ildə İranda edam hökmləri 88 faiz artıb. Ötən il İranda 565 nəfər barəsində ölüm hökmü çıxarılıb. Onlardan 6-nın edamı ictimaiyyətin gözü qarşısında icra olunub. Edam olunanlardan 11-i qadın olub. Eyni zamanda, 2022-ci ildə fəalların və vətəndaşların həbsi əvvəlki illə müqayisədə 13 dəfədən çox artıb. Günü bu gün də İranda demokratiya, azadlıq istəyən minlərlə siyasi fəal həbsxanalarda ən ağır işgəncələrə məruz qalırlar.

Elçin Zaman, «İki sahil»