KÖŞƏ

Mahir Rəsuloğlu

Qorxudan yaranan etiraf, yoxsa etiraf qorxusu...

29 dekabr 2022 02:15
1372

Künc zərbəsi

Separatçılar hansı “güzəştə” hazırlaşırlar?

Qarabağdakı milli sərvətlərimizin erməni quldurları tərəfindən talanmasına, ekologiyamıza qarşı törədilən barbarlıq aktlarına etiraz məqsədilə Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) və ictimaiyyət nümayəndələrinin, ekofəalların, könüllülərin iştirakı ilə keçirilən aksiyalar artıq 18-ci gündür fasiləsiz davam edir. Xalqımızın birliyinin və əzmkarlığının ifadəsi olan bu aksiyanın mahiyyəti humanitar xarakterli olduğu üçün ermənilərin yalandan hay-küy salmalarına rəğmən Laçın yolunda nəqliyyatın hərəkətinin dinc məqsədlərlə istifadəsinə hər hansı problem yaratmır. Necə ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin təminat avtomobillərinin,  Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) müşayiəti ilə ağır xəstələrin daşınmasını həyata keçirən təcili tibbi yardım avtomobillərinin, ərzaq və dərman daşıyan maşınların Xankəndidən Ermənistana və əks istiqamətdə hərəkəti üçün heç bir maneə yoxdur. Dekabrın 28-də də aksiya iştirakçıları gün ərzində bir neçə dəfə rus sülhməramlılarının və BQXK-nın yoldan istifadəsinə şərait yaratdılar.

Qeyd edək ki, dünən BQXK tərəfindən Xankəndi xəstəxanasındakı 3 nəfər ağır xəstənin Ermənistana təxliyəsi ilə bağlı müraciət daxil olub.

Müraciətdə xəstələri 2 nəfər ailə üzvünün və 2 nəfər tibb heyətinin müşayiət edəcəyi, onlardan əlavə BQXK-ya məxsus 3 ədəd avtomobildən ibarət karvanda 3 nəfər sürücü və sözügedən beynəlxalq təşkilatın 1 nəfər nümayəndəsinin olacağı bildirilib.  Razılaşdırıldığı kimi, karvan səhər saatlarında aksiya yerindən keçib və onların keçidinə heç bir maneə törədilməyib. Aksiya iştirakçılarına həmin avtomobillərin elə həmin gün Ermənistandan Xankəndinə qayıdacağı və qayıdarkən baqaj hissəsində Xankəndi xəstəxanası üçün dərman və tibbi ləvazimatlar daşınacağı haqqında da bilgi verilib.

Bütün bu faktlar bir daha göstərir ki, əslində Laçın yolu bağlanmayıb, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur və hər hansı “humanitar böhran”dan söhbət belə gedə bilməz. Ermənistan rəhbərliyinin və Qarabağdakı separatçıların yalançı hay-küylərinin, çoxsaylı müraciətlərinin beynəlxalq səviyyədə cavabsız qalması da bununla bağlıdır. Azərbaycana hər zaman qərəzli münasibəti ilə seçilən bir neçəsi istisna olmaqla beynəlxalq təşkilatlar və dövlətlər məsələnin əsl mahiyyətindən xəbərdardırlar. Ona görə də ermənilərin boş yerə şou düzəltmək cəhdləri nəticəsiz qalıb.

Günlərdir “Azərbaycan Laçın yolunu bağlayıb!” “Qarabağda humanitar böhran yaşanır!” kimi yalan xəbərlərlə dünya ictimaiyyətini aldatmağa çalışan Ermənistan KİV-i də artıq yoldan ermənilərin dinc məqsədlərlə keçidi haqqında məlumatları yaymağa məcbur olub. Erməni mətbuatında Qarabağdakı separatçıların çıxılmaz vəziyyətdə qaldığı, onların “müəyyən güzəştlərə getmək” haqqında müzakirələr aparıldığı da etiraf edilir. Düşmən ölkənin “Hraparak” nəşri Rusiya sülhməramlıları arasında olduğunu iddia etdiyi mənbələrinə əsasən Laçın yolundakı vəziyyətlə bağlı aparılan danışıqlardan yeni məlumatlar yayıb. Qəzet etiraf edir ki, ilk günlər erməni tərəfi beynəlxalq ictimaiyyətin Azərbaycana təzyiq göstərəcəyinə, BMT Təhlükəsizlik Şurasının, Avropanın müxtəlif strukturlarının və rəsmilərinin bəyanatlar verəcəyinə və nəticədə Azərbaycanın “yolu açacağına” ümid bəsləyib. Lakin bu, baş vermədi, heç kim ermənilərə görə Azərbaycana təzyiq göstərmək, sanksiya tətbiq etmək və ya “güc göstərmək” istəmir. Nəticədə Qarabağdakı separatçılar anladılar ki, kənardan, hətta Ermənistandan kömək olmayacaq və onlar tək qalıblar. Ona görə də Qarabağdakı qondarma “qurum”un rəhbərliyi bütün təmaslar zamanı Azərbaycan tərəfinin tələb etdiyi kimi “Dəmirli” və “Qızılbulaq” yataqlarında azərbaycanlı mütəxəssislərin “kiçik bir qrupunun” monitorinq  keçirməsinə razılaşmaq məsələsini müzakirə edir: “Təklif hazırda “artsax”ın (Qarabağ iqtisadi rayonunun müəyyən ərazisi) “hökumət dairələrində” müzakirə olunur. Onlar başa düşdülər ki, bir neçə ay dözə bilərlər, ərzaq, yanacaq və digər malların ehtiyatı kifayətdir, lakin “yolun bağlanması”, ilk növbədə, psixoloji problemlər yaradır. Uzunmüddətli “blokada” səbəbindən insanlar ailələrini “artsax”dan köçürmək istəyə bilərlər.”

Qərbin sanksiyalarından yayınmaq məqsədilə Rusiyadan qeyri-qanuni Azərbaycan ərazisinə gələrək Qarabağda gizlənən cinayətkar Ruben Vardanyan da dekabrın 28-də Xankəndidə topdan və pərakəndə ticarətlə məşğul olan sahibkarlıq subyektləri, habelə restoran və ictimai iaşə obyektlərinin sahibləri ilə görüşündə vəziyyətin onlar üçün yaxşı olmadığını etiraf edib: “Mübaliğəsiz deməliyəm ki, biz kifayət qədər çətin vəziyyətdəyik.”

Vardanyanı və Qarabağdakı digər cinayətkarları qorxuya salan səbəb bəllidir. Onlar yaxşı başa düşürlər ki, Laçın yolunda tətbiq edilən məhdudiyyətlərin Qarabağın mülki erməni əhalisinə heç bir aidiyyəti yoxdur. Çünki milli sərvətlərimizi talayan, təxribat törətməyə, revanşizm meyillərini yaymağa çalışan dinc ermənilər deyil, məhz onlardır. Odur ki, Azərbaycan qanunlarının sərt üzünü də elə vardanyanlar, arutyunyanlar və digər “yan”lar görəcək. Özü də lap yaxın vaxtlarda...