11 dekabr 2022 19:10
531

Ulu öndər Heydər Əliyev milli ideologiyanın, azərbaycançılıq məfkurəsinin banisidir

Azərbaycan xalqı Ümummilli Liderə inanırdı  və yaxşı bilirdi ki, məhz dahi şəxsiyyətin zəkası, müdrikliyi ölkəmizi xoşbəxt gələcəyə aparacaq

Bütün ömrünü canından artıq sevdiyi xalqına fəda edən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1923-cü il mayın 10-da qədim diyarımız olan Naxçıvanda anadan olub. Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini, 1967-ci ildən isə sədr vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. 1969-cu ildən Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub.

1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin siyasi bürosunun və Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz edərək tutduğu vəzifədən istefa verib. 1970-1980-ci illərdə Heydər Əliyev Sovet Azərbaycanının inkişafında müstəsna rol oynayıb. 1969-cu ilə qədər Azərbaycan Sovet İttifaqının respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra respublikada sənaye, kənd təsərrüfatı sürətlə inkişaf etməyə başladı, çətin sosial vəziyyətdə yaşayan azərbaycanlıların həyat səviyyəsi, rifahı yüksəldi. SSRİ-nin müttəfiq respublikaları arasında Azərbaycan sosial-iqtisadi cəhətdən ön sıralara yüksəldi.

1990-cı il yanvarın 20-də Sovet qoşunları Bakı şəhəri və bir sıra rayonlarımızda azərbaycanlılara qarşı qətliam törətdilər. Səhərisi gün – yanvarın 21-də həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev hadisənin təşkilatçılarını ittiham edərək cəsarətli bəyanatla çıxış etdi. Dağlıq Qarabağla bağlı Sovet rəhbərliyinin ikiüzlü, riyakar siyasətinə etiraz əlaməti olaraq ulu öndər Heydər Əliyev 1991-ci ilin iyul ayında Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi.

1990-cı ildə Azərbaycana qayıdan ulu öndər həmin il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. YAP-ın Naxçıvanda keçirilən təsis qurultayında Heydər Əliyev partiyanın sədri seçilir. Məhz Heydər Əliyevin siyasi peşəkarlığı sayəsində YAP ölkənin ən böyük və güclü bir partiyasına çevrildi. Ulu öndər Heydər Əliyevin dahi şəxsiyyət, güclü siyasətçi olması, öz xalqına olan sadiqiyi, Azərbaycanın görkəmli ziyalılarını onun ətrafında birləşdirdi. 1990-cı ilin əvvəlində Azərbaycanda ictimai-siyasi vəziyyət çox ağır durumda idi. Ölkə parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Azərbaycan xalqı bilirdi ki, ölkəni bu çətin durumdan ancaq ulu öndər Heydər Əliyev çıxara bilər. Xalqın haqlı tələbi ilə Heydər Əliyev Bakıya gəldi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi və iyunun 24-də Milli Məclisin qərarı ilə  Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən Prezident seçkilərində xalqımızın mütləq əksəriyyətinin səsi ilə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu hadisə xalqı rifaha aparan yolun başlanğıcı oldu. Bundan sonra güclü Azərbaycan dövlətinin təməli qoyuldu, ölkəmiz bütün sahələrdə böyük inkişaf mərhələsinə qədəm qoydu. 

Azərbaycanın uğurlu inkişafını davam etdirmək, insanların rifahını daha da yüksəltmək üçün xalqımız 1998-ci il oktyabrın 11-də Heydər Əliyevi növbəti dəfə Prezident seçdi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti öz müstəqilliyini qorudu, böyük iqtisadi islahatlara başlanıldı. Azərbaycan xalqı Heydər Əliyevə inanırdı və yaxşı bilirdi ki, məhz dahi şəxsiyyətin zəkası, müdrikliyi ölkəmizi xoşbəxt gələcəyə aparacaq. Ulu öndər Heydər Əliyev milli dövlətçilik ənənələrini də bərpa etdi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilib.

Heydər Əliyev Prezident seçildikdən sonra bütün silahlı dəstələri bir komandanlıq altında birləşdirdi. Ulu öndərin rəhbərliyi ilə Azərbaycan Ordusu uğurlu hərbi əməliyyat keçirərək Füzuli rayonunun bir neçə yaşayış məntəqəsini işğaldan azad etdi. Hərbi uğursuzluqla üzləşdiyini görən təcavüzkar Ermənistan rəhbərliyi 1994-cü ilin mayında atəşkəs haqqında protokola imza atdı. Atəşkəsin əldə edilməsi ilə Azərbaycan iqtisadi, siyasi, hərbi sahələrdə böyük inkişaf mərhələsinə qədəm qoydu.

1994-cü il sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 nəhəng neft şirkəti arasında bağlanan Əsrin müqaviləsi Azərbaycanın gələcək iqtisadi inkişafına, ölkəmizin siyasi nüfuzunun artmasına şərait yaratdı. 1993-2003-cü illərdə ölkəmizin sürətli inkişafı bugünki güclü Azərbaycan dövlətinin bünövrəsini qoydu.

Ulu Öndər fenomenal şəxsiyyət, universal biliyə, qeyri adi yaddaşa malik rəhbər idi. Dünya liderləri Heydər Əliyevin dünyanın ən güclü siyasətçilərindən biri olduğunu etiraf edirdilər. Ümummilli Lider eyni zamanda idarəetmənin ustadı və dünya siyasətinin kamil bilicisi, uzaqgörən mahir diplomat idi. Heydər Əliyev milli ideologiyanın, azərbaycançılıq məfkurəsinin banisidir.

Bugünki güclü Azərbaycan Ordusunun əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. 1971-ci ildə Heydər Əliyev Çəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına nail oldu. Bununla da Azərbaycanda milli hərbi kadrların hazırlanmasına başlanıldı. 1999-cu il yanvarın 20-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında Heydər Əliyev tərəfindən imzalanmış Fərman hərbiçi zabitlərin yetişdirilməsində böyük addım oldu.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümumilli lider Heydər Əliyev xalqımızın yaddaşında, qəlbində əbədi yaşayacaq. 2003-cü il dekabrın 12-də dünyasını dəyişən Heydər Əliyevin anım günü milyonlarla azərbaycanlı ulu öndərin qəbrini ziyarət edir və ən böyük azərbaycanlıya öz sonsuz məhəbbətini nümayiş etdirir.

Kamilə Əliyeva,
Milli Məclisin deputatı, professor