10 dekabr 2022 15:48
1545

Kamran Bayramov: Ümummilli Lider müstəqil Azərbaycanın xilaskarıdır

Bu gün hər bir azərbaycanlı Ulu Öndəri minnətdarlıqla anaraq,- ruhun şad olsun böyük Xilaskarımız!- deyir

«Ulu öndər Heydər Əliyev, hakimiyyətinin hər iki dövründə ömrünü dövlətinin, xalqının rifahına həsr edərək ölkəmizi böyük bəlalardan, faciələrdən qoruyaraq, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir.  Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda belə, Azərbaycan xalqı əmin idi ki, Ümummilli Lider xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və ölkməmizin inkişafı ilə bağlı ən düzgün qərarları verəcəkdir. Ulu Öndər qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı.»

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə Azərbaycan cəmiyyətinin vahidliyinin, bütövlüyünün təmin olunmasını özünün strateji vəzifəsi saymışdır. Cəmiyyətin birliyini təmin edərək, onun müxtəlif istiqamətlər - sosial bərabərsizlik, regional faktor, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına imkan verməmişdir. Əminliklə demək olar ki, Azərbaycan xalqının milli kimliyinin və özünəməxsusluğunun bariz təcəssümünə çevrilmiş mütərəqqi ənənələrin təkmil ideoloji konsepsiya halına gətirilməsi və konkret dövlət modelində reallaşdırılması, məhz, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.Ulu Öndər qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı aradan qaldırdı. Azərbaycanda qanunun aliliyi təmin olundu, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edildi, müasir idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu, iqtisadi tərəqqini şərtləndirən qlobal layihələr reallaşdırıldı. Ümummilli Liderin müəllifi olduğu neft strategiyası Azərbaycanın qarşısında geniş imkanlar açdı, ölkəmizə inam artdı. Azərbaycan qısa zamanda böyük investisiyalar məkanına çevrildi, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri reallığa çevrildi. Azərbaycan regionun aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini möhkəmləndirdi. Məhz qazanılan bu inam, etimad son 19 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında daha mühüm layihələrin icrasını, eyni zamanda, «Yeni əsrin müqaviləsi»nin imzalanmasını şərtləndirdi. 2014-cü ildə çoxtərəfli əməkdaşlığın əsası olan Cənub Qaz Dəhlizinin təməli qoyuldu və 2018-ci ildə rəsmi açılışı oldu. Həmin ilin iyununda bu layihənin əsas tərkib hissəsi olan TANAP, 2020-ci il dekabr ayının 31-də isə TAP istifadəyə verildi. Bununla da Cənub Qaz Dəhlizinin uğurlu icrası başa çatdı. Azərbaycan bu gün də gündəmə gətirilən hər bir layihənin uğurlu sonluqla başa çatmasında maraqlıdır.

K.Bayramov diqqətə çatdırıb ki, Ulu Öndər özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimin təmin edə biləcəyini də müəyynləşdirdi. Fiziki imkanlarının tükəndiyi bir vaxtda həmişə inandığı və etibar etdiyi xalqına müraciət ünvanladı: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Tarix dahi şəxsiyyətin uzaqgörənliyini bir daha təsdiqlədi. Vətən müharibəsində Yeni Azərbaycan Partiyasının lideri, ölkəmizin Prezidenti və Ali Baş Komandanı İlham Əliyev cənablarının möhtəşəm rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun Qarabağın 30 il ərzində mənfur qonşumuz Ermənistanın işğalında olan ərazilərimizin azad edilməsi, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi buna sübutdur. 44 günlük Vətən müharibəsi ulu öndər Heydər Əliyevin «Hər şey bizim gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır» tezisinin davamı olaraq Prezident İlham Əliyevin «Gənclər milli ruhda tərbiyə olunmalı, dövlət maraqlarını qorumalıdırlar» fikirlərini real həyatda təsdiqlədi.