09 dekabr 2022 11:47
744

Zəfər paradı qələbəmizin, gücümüzün, milli birliyimizin nümayişi oldu

“Bizim üçün xalqımızın rifahı, təhlükəsizliyi birinci məsələdir. Ancaq bu dövr ərzində ondan da vacib məsələ torpaqlarımızın qaytarılması idi, ərazi bütövlüyümüzün bərpası idi, bayrağımızın Şuşada ucaldılması idi, işğal altında olan bütün başqa torpaqlarda bayrağımızın qaldırılması idi. Buna nail olduq!”

İlham Əliyev,
Prezident,  Ali Baş Komandan

Bəli, doğma Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin möhtəşəm qələbə ilə başa çatması hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdı. 30 il davam edən işğala son qoyulması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, məcburi köçkünlərin köçkünlük həyatına son qoyulması, onlara doğma ata-baba yurdlarına qayıtmaq imkanlarının yaradılması müasir tariximizin ən möhtəşəm hadisəsidir.

Azərbaycan, cəmi  44  gün davam edən müharibəyə Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında illərlə hazırlaşdı, qələbəyə lazım olan gücünü artırdı. Ali Baş Komandan hər zaman söyləyirdi ki, biz bilirik ki, nəyi nə zaman etmək lazımdır. Bir il əvvəl cənab prezidentin bəyan etdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” kəlmələri xalqımızın müqəddəs torpaqlarımız uğrunda savaşının ideya əsası, qələbəyə səsləyən lider çağırışı oldu. Bütün xalq bu çağırışa səs verdi, birləşdi, milli birliyimizi və həmrəyliyimizi formalaşdırdı. Cəmiyyətimizin bu günlərdə nümayiş etdirdiyi möhtəşəm səfərbərlik,  Ali Baş Komandanın ətrafında xalqımızın sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda Azərbaycanın bütün dünyaya ciddi mesajı kimi qəbul edildi.

Vətən müharibəsində qazanılan tarixi qələbə Azərbaycan xalqının əzmini, qətiyyətini, mübarizliyini, doğma torpaqları uğrunda hər cür fədakarlığa hazır olduğunu bütün dünyaya göstərdi. Etiraf edilməlidir ki, xalqın və Ordunun Prezident və Ali Baş Komandana dərin inamı Vətən müharibəsinin tarixi qələbə ilə başa çatmasında mühüm rol oynadı.

Məhz, cənab İlham Əliyevin rəhbərliyi, bilavasitə iştirakıyla Azərbaycan həqiqətlərinin, bütün dünyaya çatdırılmasının, ölkəmizin hərtərəfli təbliğatının, eyni zamanda Ermənistanın işğalçı siyasətinin ən mötəbər beynəlxalq tədbirlərdə tutarlı şəkildə ifşa edilməsinin, eləcə də çoxsaylı diplomatik nailiyyətlərimizin xüsusi rolu oldu.

 Rəşadətli  Azərbaycan Ordusunun möhtəşəm qələbəsinin kökündə dayanan həqiqətlərdən biri də, Güclü Ordunun yaradılması, Silahlı Qüvvələrimizin ən müasir döyüş vasitələri ilə təchiz edilməsi, şəxsi heyətin peşəkarlıq səviyyəsinin və hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, Ordu ilə xalqın vəhdətinin təmin edilməsidir.

O da qeyd olunmalıdır ki, prezidentimiz cənab İlham  Əliyevin  məhz  Ümummilli Lider Heydər Əliyevin siyasi varisi kimi zəngin təcrübəyə və yüksək şəxsi keyfiyyətlərə, Azərbaycan xalqı arasında və dünyada böyük nüfuza malik olması, doğma Qarabağ uğrunda savaşda uğurlarımızın əsas şərtlərindən oldu.

Cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun həyata keçirdiyi hücum taktikası, o cümlədən ərazi bütövlüyümüz uğrunda gedən döyüşlər dünya praktikasında ilklərdən oldu. Ölkə Prezidentimiz yenilməz Sərkərdə, Azərbaycan tarixində itirilmiş torpaqlarımızı qaytaran Prezident kimi tarixə düşdü. Eyni zamanda , 2020-ci il dekabrın 10-da Azadlıq Meydanında təntənəli surətdə keçirilən Zəfər Paradı yumruq kimi bir olmağımızın, milli birliyimizin, həmrəylimizin, dövlət müstəqilliyimizin əbədi və dönməzliyinin nümayişi oldu.

 Ali Baş Komandanın - “Azadlıq Meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, zəfər paradıdır. Bu, tarixi hadisədir” fikri, Zəfər paradının məntiqi olaraq tarixi qiymətini və əhəmiyyətini əks etdirir.

Müstəqilliyimizin mübarizə məkanı olan  Azadlıq meydanında Ali Baş Komandan, Prezident İlham Əliyevin və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın tarixi çıxışları, 3000 nəfərdən artıq şəxsi heyətin iştirakı, Azərbaycan Silahli Qüvvələrinin 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemlərinın, hərbi gəmi və katerlərin nümayiş olunduğu anlar tarixin yaddaşına əbədi həkk olundu.

Azadlıq meydanına 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülmüş hərbi texnikaların bir qismi gətirildi. Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü və sıradan çıxardığı 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan kompozisiya paradda nümayiş olundu. Dağlıq Qarabağ ərazisinin əzəli Azərbaycan torpağı olduğu kompozisiyanın üzərinə həkk olunan “Qarabağ Azərbaycandır !” şüarı ilə bir daha bütün dünyaya bəyan edildi.

Zəfər paradı həm də 44 gün ərzində Azərbaycana hər cür mənəvi dəstək olan qardaş Turkiyənin, türk xalqının tarixində önəmli gündür. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın məxsusi Zəfər paradı üçün Azərbaycana səfəri, Azadlıq meydanında qəlbimizi qürurlandıran, yaddaşlardan silinməyəcək çıxışı, Vətən müharibəsinin şəhidlərinə ehtiram əlaməti olaraq, türk əsgərinin paradda Azərbaycan əsgərləri ilə çiyin-çiyinə mətin addımlaması, təkcə Bakı şəhərinin yox, bütün Azərbaycan şəhərlərinin, kəndlərinin Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilməsi qardaşlığımızın, birliyimizin ifadəsi, rəmzi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bu tarixi zəfər Türkiyə-Azərbaycan birliyinin təcəssümüdür. Məhz bu məqamlar möhtəşəm günün siyasi aspektlərini, diplomatik xarakterini əks etdirir.

Azərbaycanın mübarizəsinə ilk günlərdən etibarən dəstək verib, bütün imkanları ilə xalqımızın yanında olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi uğurunda Prezident İlham Əliyevin rolunu xüsusi qeyd etdi.

Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Qələbəmizə həsr olunan Zəfər paradında iştirakı və səsləndirdiyi bəyanat Azərbaycan xalqı üçün qəlbləri riqqətə gətirən dəyərli fikirlər, eyni zamanda, bütün dünyaya siyasi mesaj idi. Zəfər paradının bu məqamları həmin günün siyasi baxımdan da böyük əhəmiyyətini ifadə edir.

Rəcəb Tayyib Ərdoğanın həm də lirik məqamları ilə qəlblərə toxunan çıxışı Türkiyə Prezidentinin Azərbaycan coğrafiyasına, mədəniyyətinə, tarixinə, ədəbiyyatına yaxından bələd olduğunu göstərirdi:

“Şəhidlərimizin fədakarlığı sayəsində Azərbaycan ərazi bütövlüyünü, şükür olsun, yenidən təmin etmişdir. Artıq Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış xarı bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır. Gözəlliyinə qurban olduğumuz Laçın, Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər artıq azaddır. Bu gün Azərbaycanın milli şairi, böyük mücahid Əhməd Cavadın, Nuru paşanın, Ənvər paşanın, Qafqaz İslam Ordusunun igid əsgərlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür. Bu gün hamımız üçün, bütün türk dünyası üçün zəfər və qürur günüdür”.

Zəfər paradı möhtərəm Prezidentimizin bəyanatının, vədlərinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda beynəlxalq arenada apardığı mübarizənin təsdiqi günüdür ! 17 ildə yaradılan hərbi strategiyanın, güclü ordu quruculuğunun məntiqi nəticəsinin nümayişidir. Ali Baş Komandanın 44 gündə böyük güclər qarşısında, diplomatik təzyiqlər önündə dəyanətinin, mərd duruşunun, əzminin təcəssümüdür !

10 dekabr son 200 ilin ən möhtəşəm, ən parlaq hərb tarixini yazan Azərbaycan Ordusunun qüdrətinin nümayiş olunduğu gündür !!! Vətən torpağının hər qarışı uğrunda qanı ilə tarix yazanların – şəhidlərimizin, qorxmaz, fədakar qazilərimizin, əsgər və zabitlərimizin şərəfinin, qürurunun, igidliyinin, mərdliyinin təqdimatıdır Zəfər paradı!

Ali Baş Komandan cənab İlham Əliyevin bildirdiyi kimi, “Biz  bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah bütün yaralı əsgər və zabitlərimizə şəfa versin!”.

Nəzakət Əsgərova,
Qabaqcıl təhsil işçisi, Əməkdar müəllim,
Bakı şəhəri, Humanitar fənlər təmayüllü məktəb-liseyin direktoru