08 dekabr 2022 17:35
726

Zəfər paradından "Qardaş yumruğu"na

1990-cı illərin əvvəllərində xarici havadarlarından hərbi, siyasi və iqtisadi yardımlar alan Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Ulu öndər Azərbaycanda hakimiyyətə gələrkən ölkə uçurumun astanasında idi. Məhz böyük dövlət xadimi Heydər Əliyev Azərbaycan dövlətçiliyini qorumaq üçün geniş miqyaslı daxili və xarici siyasət yürütməyə başladı. Gələcək qələbənin təməli olacaq siyasi və hüquqi islahatlar həyata keçirilməyə başlandı. Müasir inkişafımızı şərtləndirən dünya əhəmiyyətli iqtisadi layihələrin əsası qoyuldu. 2003-cü ildə xalq öz müdrik seçimini edərək İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Beləcə gələcək qələbələrin əsası qoyuldu. Gənc prezident Azərbaycanın bütün sahələrdə qələbəyə doğru inamla addımlar atması üçün müdrik siyasəti davam etdirdi.

2020-ci il dekabrın 10-da Zəfər paradında qəhrəman Azərbaycan ordusunun inamlı addımları Azadlıq meydanında atılsa da, bu addımlar uzun və incə bir yol gəlirdi. Döyüş meydanlarında yaranan şanlı Azərbaycan ordusu Atəşkəs dövründə yenidən quruldu.  Bu qalib addımlar öz başlanğıcını müdrik siyasi və sosial-iqtisadi islahatlardan götürmüşdü. Məhz bu tədbirlər müasir Azərbaycan intibahının təməlini qoymuşdu.

Məşhur hərbi strateqlərdən biri müharibənin siyasətin hərbi yolla davamı adlandırır. Bəli Azərbaycan dövləti öz torpaqlarını azad etmək üçün sülh siyasətindən istifadə etdi. Lakin düşmən və onun havadarları bunu doğru qiymətləndirə bilmədilər. Bütün sülh yolları tükəndikdə Azərbaycan öz torpaqlarını azad etmək üçün öz təbii hüququndan istifadə etdi.

Uzun illər ərzində ölkəmizin büdcə xərcləri əsas yerlərdən birini məhz hərbi xərclər təşkil etmişdir. Hətta böyük qələbədən sonra da mühüm yer tutmaqdadır. Bu ölkə başçısı, Ali Baş Komandan tərəfindən doğru olaraq belə əsaslandırılmışdır:

"Mənim təşəbbüsümlə hərbi xərclər artırılır. İlk növbədə, ona görə ki, müharibə zamanı biz bir çox silah-sursatdan istifadə etdik, onları bərpa etmək lazımdır. Eyni zamanda, müasir texnikanın bundan sonra da alınması nəzərdə tutulur. Bundan sonra da ordumuzun müasirləşdirilməsi, ordumuzun döyüş potensialı, ordumuzun peşəkarlığı daim diqqət mərkəzində olacaq".

Məhz bu amil Azərbaycan ordusunun yüksək səviyyədə beşinci nəsil müharibə aparma qabiliyyətinə malik olmasına gətirib çıxardı. Bunun məntiqi nəticəsi isə işğal altında olan torpaqlarımızın azad edilməsi oldu.

   2020-ci il dekabrın 10-da Bakıda keçirilmiş Zəfər paradı  müqəddəs müharibədə qələbəmizin təntənəsi idi. Bu bizim üçün mənəvi və tarixi baxımdan müqəddəs müharibə idi. Çünki biz Vətən uğunda, onun bütövlüyü və azadlığı uğrunda vuruşurduq. Bu müharibədə dövlətimizlə bərabər onu təşkil edən, onun dayağı olan xalqımız bütövlükdə savaşırdı. Əslində bu müharibə Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” şüarının əsl mahiyyətini ortaya qoydu. Bütün Azərbaycan Qarabağ idi. Bütün xalq-böyükdən kiçiyə yalnız bu amal ətrafında birləşmişdi. Ön cəbhədə qəhrəmancasına savaşan şanlı ordumuz bu amal uğrunda vuruşurdu. Arxa cəbədə bütün xalq bu amal uğrunda çalışırdı. Azərbaycan xalqı Dəmir yumruğa çevrilmişdi. 44 günlük müharibənin hər günü şanlı tarix kimi yazıldı. Hər gün kəndlər, qəsəbələr və şəhərlər azad edilirdi.

Düşmən silahını və hətta ordunun şərəfi sayılan hərbi bayrağını atıb qaçırdı. Azərbaycan ordusu isə dünya hərb tarixində nadir hallardan biri idi ki, bir nəfər belə fərari olmadı. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı sayəsində işğalçı Ermənistanın silahlı qüvvələrini məğlub etməklə yanaşı, düşmənin yalançı “məğlubedilməzlik” mifini də məhv etdi.

Hər günü şərəfli qələbələrlə yazılan zaman etibarilə əsrlərə bərabər 44 günlük Zəfər yolumuzun tacı yenilməz dağların zirvəsində olan qala-şəhərimiz Şuşanın azad edilməsi oldu. Şuşanın azad edilməsi misilsiz qəhrəmanlıqla yanaşı, dahi sərkərdələrin belə qibtə edə biləcəyi hərbi strategiyanın nəticəsi idi. Hələ müharibənin gedişində müzəffər Ali Baş Komandan Şuşanın azad edilməsinin əhəmiyyətini belə qiymətləndirmişdi: “ Mənim mövqeyim hər zaman belə olub ki, Şuşasız bizim işimiz yarımçıq olar. Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Biz buna çalışmalıyıq, biz buna nail olmalıyıq. ” Bəli biz buna çalışdıq və nail olduq. Şuşanın azad edilməsindən sonra Ermənistan məcbur olub kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Biz haqlı idik və qalib gəldik. Qələbə yalnız müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə döyüş meydanlarında deyil, həmçinin bilavasitə qalib Prezident tərəfindən diplomatiya və informasiya cəbhəsində də qazanıldı.

Bütün müasir silahlara, texnologiyalara rəğmən tarix boyu müharibələrin taleyi əsasən döyüş meydanlarında həll edilmişdir. Burada isə döyüşçülərin cəsarəti və qəhrəmanlığı önəmli rol oynayır. Məhz qəhrəman Azərbaycan ordusu döyüş meydanında müasir texnologiyadan yüksək səviyyədə istifadə bacarığı ilə yanaşı misilsiz cəsarət və igidlik nümayiş etdirmişdir. Uzun illər ərzində düşmənin qurduğu müdafiə qurğularına və ərazinin çətin relyefinə baxmayaraq Ali Baş Komandanın qarşıya qoyduğu döyüş tapşırıqları mükəmməl yerinə yetirildi. İşğaldan azad edilmiş torpaqlarda bu gün intibahın, tərəqqinin addımları atılır.  

O Zəfər qiymətlidir ki, paylaşmağa, birgə sevinməyə, çətinliklərə birgə sinə gərməyə qardaşın var. Azərbaycanın sevinci bizim sevincimizdir deyən böyük Mustafa Kamal Atatürkün qurduğu Türkiyə cümhuriyyəti hər zaman olduğu kimi yanımızda idi. Zəfər paradının Azərbaycan və Türkiyə prezidentlərinin birgə qəbul etməsi yalnız qardaşlığın təzahürü deyil, dünyaya mesaj idi. Bu mesaj Şuşa bəyannaməsi ilə daha da gur və anlamlı mahiyyət kəsb etdi. Son günlər qardaş Türkiyə hərbçiləri ilə Azərbaycan ordusunun “Qardaş yumruğu” hərbi təlimi düşmənin və  onun havadarlarına bu mesajın davamıdır.

Hafiz Cabbarov,
Heydər Əliyev adına liseyin  tarix müəllimi