Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Heydər Əliyevin hakimiyyətdə olduğu dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun azad inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir. Ulu öndərin Azərbaycana rəhbərliyinin 30 ilinin az qala üçdə ikisi sovet dövrünə təsadüf etmişdir. Heydər Əliyev məhz bu illərdə, sovet imperiyasının sərt rejiminə baxmayaraq, Azərbaycanın gələcək müstəqilliyi üçün göstərdiyi misilsiz xidmətləri ilə tarixdə layiqli yerini qazanmışdır. Bu parlaq şəxsiyyətin həmin illərdəki fəaliyyətini araşdırdıqda Vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, mədəniyyətinə, ədəbiyyatına son dərəcə böyük sevgi və hörmət ilə yanaşdığını görür və heyrətlənməyə bilmirsən. Ulu öndərin xidmətlərini təhlil etdikdə aydın olur ki, bu dərin zəka sahibi hələ dövlət təhlükəsizlik orqanı kimi çox sərt rejimli bir strukturda çalışanda belə milli mənsubiyyəti ilə fəxr etmiş, qəlbində Azərbaycanın müstəqillik arzularını yaşatmışdır. Bu arzular ulu öndərin bütün fəaliyyəti boyu çox aydın şəkildə özünü göstərmişdir.
Hələ 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilən sovet hərbi hissələri Ermənistanın respublikamıza qarşı ərazi iddialarının SSRİ rəhbərliyi tərəfindən açıq-aşkar dəstəklənməsinə və Azərbaycanın o zamankı rəhbərliyinin xəyanətkar siyasətinə etiraz əlaməti olaraq ayağa qalxmış xalqımıza vəhşicəsinə divan tutan və əvvəlcədən hazırlanıb planlı şəkildə həyata keçirilən Yanvar faciəsi torpaqlarının bütövlüyü uğrunda mübarizəyə qalxmış və azadlıq idealları ilə yaşayan xalqımıza qarşı yönəldilmiş qəsdə ilk və mütəmadi olaraq yaran Heydər Əliyevin haqq səsi oldu. Faciənin ertəsi günü ilk dəfə olaraq məhz Heydər Əliyevin Azərbaycan xalqına qarşı törədilən cinayətə, qanlı təcavüzə qarşı etiraz səsi ucaldı. Milli-azadlıq istəyi ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilən bu müdhiş faciə qəlbi vətən eşqi ilə döyünən xalqın mərd və mübariz oğlunu narahat etməyə bilməzdi. Çünki dahi insan, uzaqgörən şəxsiyyət yaxşı bilirdi ki, bu faciə totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayətidir. Ulu öndər Heydər Əliyev hadisənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gəlmiş, mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun baş vermə səbəblərini açıqlamış, təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etmişdir. Həmin vaxt İttifaq rəhbərlərinin kəskin təzyiq və təsirlərinə məruz qalacağını bilsə də, Heydər Əliyev özünəməxsus qətiyyət və cəsarətlə deyirdi: "Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən M.S.Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətin nəticəsidir".
Əbəs yerə deyil ki, Azərbaycan xalqı 1993-cü ilin may-iyununda Gəncə şəhərində Surət Hüseynovun başçılığı ilə prezident Əbülfəz Elçibəyə qarşı Gəncə qiyamı qaldırılması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Heydər Əliyevin hakimiyyətə gətirilməsi ilə ayağa qalxdı, bu, əsl mənada, milli hərəkata çevrildi, Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı.
Dünyanın siyasi axarını, nəhəng dövlətlərin maraqlarının çarpazlaşan nöqtələrini çox gözəl bilən Heydər Əliyev dərin zəkası, siyasi uzaqgörənliyi və polad məntiqi ilə hər şeyi yerinə qoya bildi. Təcrübəli dövlət xadiminin böyük səyləri nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, bədnam qonşularımız tərəfindən torpaqların işğalının qarşısı alındı, Azərbaycanın yaxın gələcəkdə dünya siyasətində geosiyasi mövqeyini müəyyən edəcək siyasi-iqtisadi konsepsiya işlənib hazırlandı. Heydər Əliyev müstəqil Azərbaycanı siyasi fırtınaların cəngindən alıb, onun strateji mövqelərini bərpa etdi. Ona sabit ölkə imici qazandırdı.
Bütün bunlarla yanaşı, Heydər Əliyev çox böyük məharətlə özünün neft strategiyasını işləyib hazırladı. Ümummilli liderimiz böyük uzaqgörənliklə dünyanın enerji tələbatının günbəgün artdığını görür, neft diplomatiyası dövrünün başlandığını və bu diplomatiyada ölkəsinin qazanacağı iqtisadi və siyasi dividenti yaxşı duyurdu. Dünyanın söz sahibi olan ölkələrinin nəhəng neft şirkətləri ilə intensiv danışıqlar başlandı. Ulu öndər Heydər Əliyev bu sahəni özü qədər inandığı ən yaxın silahdaşı İlham Əliyevə tapşırdı. Bundan sonra danışıqlarda əsas üstünlük “açıq qapılar” və “balanslaşdırılmış siyasət” prinsiplərinə verildi. Bir tərəfdən təmkin və səbri, yüksək intellekti və insani keyfiyyətləri ilə mütənasib olan praqmatizmi, digər tərəfdən böyük müəllimi Heydər Əliyev kimi fenomenin qiymətli tövsiyə və məsləhətləri İlham Əliyevə bu mühüm tapşırığın öhdəsindən layiqincə gəlməyə imkan verdi.
1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bunun çox böyük iqtisadi dəyəri ilə yanaşı, siyasi əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan dünya iqtisadi siyasətinin maraq mərkəzinə çevrildi. Vaxtı ilə “Neft daşları”nın salınması Azərbaycanı Xəzərin hökmdarı etmişdisə, Heydər Əliyevin qətiyyətinin təntənəsi olan “Əsrin müqaviləsi” də müstəqil ölkəmizi dünyanın qüdrətli dövlətlərinin mühüm iqtisadi tərəfdaşına çevirdi. Ulu öndərin neft strategiyasının yeni bir mərhələsi Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri layihəsi oldu. Bəzi dövlətlərin qısqanclıqla yanaşdıqları və hətta reallaşacağına şübhə etdikləri BTC 2006-cı ildə işə salınanda bp şirkətinin prezidenti Con Braun onun əhəmiyyətindən danışaraq deyirdi: “BTC-nin fəaliyyətə başlaması dünyanın enerji xəritəsini dəyişdi”. Amma dünyanın enerji xəritəsini dəyişən BTC yox, onun yaradıcısı, Azərbaycanın dahi oğlu Heydər Əliyev oldu. Ümummilli lider müstəqil Azərbaycanın iqtisadiyyatının təkcə neft sənayesi üzərində qurulmasının da gələcəkdə arzuolunan nəticələr verməyəcəyini bilirdi. Məhz ona görə də neft gəlirləri hesabına iqtisadiyyatın digər sahələrini inkişaf etdirməyin, infrastruktur layihələrinin reallaşdırılmasına çalışmağın vacib olduğunu qeyd edir və buna səy göstərirdi. Ümummilli liderimiz ölkəyə rəhbərlik etdiyi dövrdə hər zaman ölkənin siyasi iqtisadi gücünün artırılması üçün bütün gücünü sərf etdi və buna nail olaraq respublikanı regionda söz sahibi olmasına nail oldu.
Vilayət Mirzəyev,
SOCAR “Qaz İxrac” İdarəsinin İnformasiya kommunikasiya texnologiyaları şöbəsinin rəisi,
YAP Xətai rayon təşkilatının "R.Əliyev küçəsi 19" ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası