08 dekabr 2022 12:56
604

Zəfər paradı beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi

2020-ci ilin 27 sentyabrında erməni təxribatına cavab olaraq başlanan növbəti əks-həmlə Xalq-Ali Baş Komandan-Ordu birliyi sayəsində 44 gündə Zəfərlə başa çatdı. Tariximizin Zəfər mərhələsinin başlanmasını göstərən bu vaxtdan cəmi 2 il ötməsinə baxmayaraq dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində Şəhidlərimizin canı və qanı, qazilərimizin sağlamlığı, əsgər və zabitlərimizin şücaəti ilə dünyanın hərb tarixinə yeni səhifə yazdı. İki il bundan öncə tarixi Zəfərimizin sevinci, qüruru fonunda Zəfər paradını keçirdik. Bu parad özəlliyi ilə diqqət çəkdi. Zəfər paradı nə qədər azərbaycanlılar üçün qürur, şərəf, ləyaqət simvoludursa, bir o qədər də ermənilər üçün məblubiyyət, rəzillik amili olaraq yaddaşlarda qalır. Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdi.

Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin səyi ilə ölkə iqtisadiyyatının gücləndirilməsi, valyuta ehtiyatlarının yaradılması, ordunun müasir texnika ilə təchiz edilməsi və diplomatiya sahəsində qazanılan uğurlar Azərbaycan Ordusunun zəfər yürüşünə başlamasına tarixi şərait yaratdı. Həm də uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində aparılmış böyük işlər öz səmərəsini vermişdi. Ərazi bütövlüyümüzü bərpa edən Azərbaycan Ordusu qəhrəman, yenilməz, məğrur xalq olduğumuzu bir daha dünyaya nümayiş etdirdi. Noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin müqəddəratını həll etdi. Noyabrın 10-da Ermənistanın baş naziri kapitulyasiya aktına imza atdı. Bundan sonra Ağdam, Laçın, Kəlbəcər rayonları bir güllə atılmadan özümüzə qaytarıldı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Hər bir vədini real addımları ilə təsdiqləyən dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində 30 illik işğala son qoyuldu, ədalət bərpa edildi, torpaqlarımız tarixi sahibinə qayıtdı. Cənab İlham Əliyev adını tarixə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdı. Zəfər paradının özəlliyini təsdiqləyən mühüm məqamlardan biri Azərbaycan və Türkiyə Prezidentlərinin çiyin-çiyinə dayanaraq  paradı birgə qəbul etmələri oldu. Bu mühüm addım beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından  keçməsi xalqlarımızın tarixində əbədi qalacaq qürurverici hadisə oldu. Məhz ötən il bu birliyin, dostluğun, qardaşlığın, müttəfiqliyin rəsmiləşdirilərək Şuşa Bəyannaməsinin imzalanması ilə münasibətlərimizin hazırkı və gələcək inkişafının yol xəritəsi təqdim edildi. Azərbaycan hərbçiləri tərəfindən Şuşa şəhəri üzərində qaldırılan Zəfər bayrağının gətirildiyi Zəfər paradı Azərbaycan xalqının tarixi yaddaşında qızıl hərflərlə yazılmış hadisə idi. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etmədi, hətta, ermənilərin yenilməzlik mifini də darmadağın etdi. Həmçinin paradda müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnikanın bir qisminin nümayiş olunması qələbəmizin möhtəşəmliyini bütün dünyaya bir daha göstərdi.

Reallıq budur ki, bu gün Türkiyə ilə Azərbaycan birliyi təkcə xalqlarımız deyil, bölgə, dünya üçün çox böyük önəm daşıyır. Çünki iki dost, qardaş, mütəffiq ölkənin  siyasəti ölkələr arasındakı əməkdaşlığa hesablanıb. Əsas hədəflərdən biri  bölgədə yeni bir əməkdaşlıq platformasının yaradılmasıdır. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işləri geniş miqyas alıb. Böyük Qayıdış proqramı uğurla icra edilir. Tezliklə soydaşlarımızın doğma yurd-yuvalarına tam şəkildə qayıdışının, Qarabağda və Şərqi Zəngəzurda yeni həyatın başlanmasının sevincini yaşayacaq, Azərbaycanın dayanıqlı inkişafı üçün geniş imkanlar yaranacaqdır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri