2020-ci il 10 dekabr tarixində paytaxt Bakıda keçirilən möhtəşəm Zəfər paradı Azərbaycanın hərbi gücünün və tarixi Zəfərimizin bir daha dünyaya nümayişi oldu. Bu parad dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən “Dəmir yumruq” əməliyyatında qazandığı tarixi Qələbənin təcəssümü idi.
30 illik işğala 44 gündə son qoyulması Azərbaycanın malik olduğu imkanların göstəricisidir. Xalqımız 30 il torpaq həsrəti ilə yaşasa da bir an da belə ümidini itirmədi. Xalqımız tam əmin idi ki, dövlətimizin qətiyyəti, düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, ərazilərimiz cənnət məkana çevriləcək, soydaşlarımız öz dogma yurd-yuvalarına qayıdacaqlar.
İki ildir bu sevinci yaşayırıq. Şanlı ordumuz işğal altında olan ərazilərimizi azad etməklə düşmən üzərində misli görünməmiş Qələbə qazandı. 30 il həsrət qaldığımız torpaqlarımızda artıq Azərbaycanın üçrəngli bayrağı dalğalanır ki, bu da harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıda böyük qürur hissi yaradır. Zəfər paradında nümayiş etdirilən hərbi texnikalar müdafiə qabiliyyətimizin gücləndirilməsinin dövlətimizin siyasətində prioritet olduğunu təsdiqlədi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından bu günədək ordu quruculuğu sahəsində atılan addımlar davamlılığı ilə diqqət çəkir. Ordumuzun maddi-texniki bazası möhkəmləndirilir, döyüş qabiliyyəti artırılır.
Ölkəmizin Vətən müharibəsi zamanı göstərdiyi döyüş taktikası, istifadə olunan texnikalar bu gün də dünyanın hərbi ekspertləri tərəfindən maraqla izlənilir, öyrənilməsinin vacibliyi bildirilir. Bu gün iftixarla deyə bilərik ki, Azərbaycan Ordusu hərbi əməliyyatlar zamanı ən yüksək səviyyədə innovativ yenilikləri tətbiq edən ordudur. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər paradında böyük qürur hissi ilə bildirmişdi: “Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq.”
44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında dayana bilməyən Ermənistan silahlı qüvvələri hərbi texnikanı, silah-sursatı qoyub qaçdı. Döyüşlərdə Ermənistan silahlı qüvvələrinin hərbi texnikanın xeyli hissəsi məhv edildi, yaxud qənimət kimi götürüldü. Zəfər paradında onların bir hissəsi nümayiş etdirildi.
Zəfər paradının dünyaya səs salan mühüm məqamlarından biri də Azərbaycan-Türkiyə qardaşlığının nümayişi oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Zəfər paradını izləməsi, həmçinin ölkələrimiz arasında müxtəlif sahələrə dair bir sıra mühüm sənədlərin imzalanması iki dost, qardaş ölkə arasındakı dostluq və qardaşlığın daha bir əyani təzahürü oldu.
Zəfər paradında xalqımızın yaşadığı qürur yaddaşlara əbədilik həkk olundu. O zamandan bizləri ayıran iki ildə işğaldan azad edilmiş ərazilərimizdə görülən genişmiqyaslı bərpa-quruculuq işləri, Azərbaycanın regionda və dünyada mövqeyinin daha da möhkəmlənməsi hər birimiz üçün böyük qürurdur. Xalqımıza bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan Ordusuna hər zaman minnətdarıq!
Gülər Kərimova,
YAP Şabran rayon təşkilatının məsləhətçisi
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası