07 dekabr 2022 23:43
560

Nə özünə hörmət edir, nə də beynəlxalq hüquqa

Tarixi başdan-başa soyqırımları üzərində qurulan, əli bir milyon yarım əlcəzairlinin qanına batan Fransanın Azərbaycanı hansısa əsassız iddialarla ittiham etməsi absurddur

Noyabrın 15-də Fransa Senatının qəbul etdiyi məlum qətnaməsinin ardınca bu ölkənin parlamentinin aşağı palatası da (Milli Assambleyası) noyabrın 30-da Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil edərək Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən, Azərbaycana qarşı böhtan və iftiralarla dolu, əsassız qətnamə qəbul edib. Fransa parlamenti irqçi və ikili standartları sərgiləyən ermənipərəst xarakterli belə qətnamələri ilə işğalçılığa‚ erməni separatizminə və erməni cinayətlərinə birbaşa dəstək verməyə davam edir.

Azərbaycana qarşı təsir və təzyiq məqsədi daşıyan bu cür sənədlər Azərbaycanla Ermənistan arasında münasibətlərin gərginləşdirilməsinə, sülh və əmin-amanlığın yaranmasına ciddi zərbə vurur. Senatın və Milli Assambleyanın qərəzli, qeyri-obyektiv, ədalətsiz aktları Fransada qanunverici orqanların açıq-aşkar siyasi təxribatlar meydanına çevrildiyini göstərir. Fransanın beynəlxalq hüquqa hörmətsizliyini bir daha sübut edir və bu ölkənin qərəzli siyasi mövqeyini və ədalətli vasitəçi rolunda çıxış etmək iqtidarında olmadığını nümayiş etdirir.

Bu qətnamələr Fransanın özünün ifşası kontekstində daha çox gündəmə gəlməkdədir. Azərbaycanı Ermənistana qarşı müharibə cinayətləri törətməkdə əsassız ittiham edən Fransanın öz tarixi müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə zəngindir. Dünyanın müxtəlif bölgələrində 50-dən artıq dövlətin ərazisini işğal etmiş, sərvətlərini talamış, xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir. Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirmiş və açıq şəkildə qul ticarəti ilə məşğul olmuşdur. Törədilmiş soyqırımı cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan ləkədir.  Bir-birinin ardınca belə qərəzli qətnamələrin qəbulu nəinki Azərbaycanla Ermənistan arasında sülh prosesinə mane olur, regionda siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına mənfi təsir göstərir.

Məhz Fransanın günahı üzündən Ermənistan sülhdən yayınır və bu minvalla da özünü daha böyük məğlubiyyət uçurumuna yuvarlayır. 
Bildirək ki, dekabrın 7-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə növbəti üçtərəfli görüş nəzərdə tutulurdu. Hətta bu görüşün iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına gətirib çıxaracaq ümidverici nəticələrinin olacağı da düşünülürdü, amma sülh danışıqlarını pozmaq üçün Ermənistan məkrli bir oyuna əl atdı. Sözügedən danışıqlara çox qısa müddət qalmış Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel görüşündə Makronun iştirak etməsi tələbini irəli sürdü. Bu isə Paşinyanın açıq-aydın sülh danışıqlarını pozmaq kimi məkrli cəhdinin təcəssümü idi. 

Görünən odur ki, Emmanuel Makronun rəhbərlik etdiyi komanda sülh və sabitliyi deyil, terroru, münaqişəni və işğalı dəstəkləyir. Bütün bu kimi faktlardan sonra Fransanın dövlət başçısı hansı mənəvi haqla ölkəsinin sülyaratma prosesində iştirakı barədə danışa bilər?

Rəsmi Paris addımbaşı ölkəmizə qarşı təxribatxarakterli siyasəti ilə yadda qalır. Sözügedən qərəzli qətnamənin ardından Frankofoniya Sammitində Azərbaycana qarşı tutulan ədalətsiz mövqe buna bariz misaldır. Belə bir şəraitdə isə Fransanın Azərbaycan ilə Ermənistan arasındakı sülh danışıqlarında iştirakı mümkünsüzdür.

Fransa hökuməti‚ Senat və Milli Assambleyası ilk öncə Qarabağdakı erməni vəhşiliklərinə və erməni vandalizminə hüquqi qiymət verməlidir. Qarabağdakı bütün azərbaycanlılara məxsus qəbrlər‚ azərbaycanlılara məxsus dini və tarixi abidələr tamamilə dağıdılmış və yerlə yeksan edilmişdir. Ermənistan hərbi qüvvələri işğal etdikləri hər yeri dağıdıb viranəyə çeviriblər. Hal-hazırda 30 il əvvəl Azərbaycan torpaqlarının işğalı ilə başlayan işğal müddətində törədilən vandalizm aktlarının miqyası tükürpərdicidir. Bu işğal və vandalizm aktları nəticəsində Azərbaycan iqtisadiyyatına milyardlarla dollar həcmində maddi və mənəvi zərər dəymişdir. Beynəlxalq qanunlara əsasən Ermənistan hökuməti bu maddi və mənəvi zərərin qarşılığını Azərbaycan dövlətinə və hökumətinə geri ödəməlidir. Fransa Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində öz evindən didərgin və köçkün düşən 1.000.000 azərbaycanlının hüququnu kobud və qəddarcasına pozaraq erməni cinayətlərinə haqq qazandırır.

Başqa bir ölkənin beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlərindən ərazisinə daxil olaraq onu işğal etmək və əhalisini öz evindən didərgin salmaq‚ əliyalın insanları qoca-cavan demədən gülləbaran etmək məhz  beynəlxalq qanunlarla ən ağır cinayətdir. Bütün erməni vəhşiliyi dünya ictimaiyyətinə məlumdur. Ermənistan BMT Təhlükəsizlik Şurası tərəfindən işğalçı dövlət kimi tanınıb və işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməsini tələb edən 4 BMT qətnaməsi mövcuddur. BMT TŞ-nın qətnamələri məcburidir və Fransa özü bu qurumun 5 daimi üzvündən biridir. BMT Nizamnaməsinə görə Fransa özü BMT Təhlükəsizlik Şurasının qərarlarına hörmət və icra etməyə borcludur. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə Qarabağın Azərbaycan ərazisi olduğu qeyd edilir. Amma Fransa hökuməti‚ Senat və Milli Assambleyası bu qədər erməni hərbi cinayətlərinin törədildiyi Azərbaycan Respublikasına qarşı qəbul etdiyi qərəzli və anti-qətnamələrlə Ermənistanın hərbi cinayətlərinə və işğalçılıq siyasətinə dəstək verərək açıq aşkar Ermənistanın hərbi cinayətlərinə şərik olur. Erməni təəssübkeşliyindən və ermənipərəstlikdən qaynaqlanan bütün anti-Azərbaycan xarakterli addımları ilə Fransa Ermənistana siyasi dəstək verərək bölgədə sülhü və sabitliyi pozmağa çalışır.  Fransa Senatı və Milli Assambleyasının Qarabağla bağlı anti-Azərbaycan xarakterli qətnamələri beynəlxalq hüquqa və BMT qətnamələrinin ruhuna ziddir.

Fransanın mövqeyi sadəcə kağız parçasıdır və  bu qətnamələrin dünyada heç bir rəsmi və hüquqi əsası yoxdur. Çünki Fransa Senatının və Assambleyasının mövqeyindən öncə 4 BMT qətnaməsi mövcuddur. Bütün dünya Qarabağı Azərbaycan torpağı kimi tanıyır və bunun fonunda Fransanın ermənipərəst qətnamə qəbul etməsi son dərəcə absurddur və gülüncdür.

Fransasayağı ölkələri çıxmaqla, bu gün dünyanın əsas aparıcı dövlətləri qalib Azərbaycanın haqq işini müdafiə edir, dünya üçün əhəmiyyətini anlayır. Belə bir məqamda nə Fransa Senatının, nə də Milli Assambleyasının qəbul etdiyi yalan və iftira dolu qətnamələrin heç bir anlamı və siyasi gücü yoxdur. Fransa və onun qanunverici orqanları bilməlidirlər ki, Azərbaycan güclü bir dövlətdir, regionda böyük söz sahibidir. Bu cür qətnamələrlə Azərbaycanın ədalətli mövqeyinə, haqq işinə təsir göstərmək mümkün deyil, necə ki, bu, indiyə qədər mümkün olmayıb və olmayacaq da. Azərbaycanın heç bir dövlətin ərazisində gözü yoxdur, daim mehriban qonşuluq prinsiplərinə üstünlük verib, hətta özü uzun illər işğalla üzləşib, təcavüzkarlara qarşı mübarizə aparıb. Bu gün Azərbaycanın əsl niyyəti regionda davamlı sülh və sabitliyə nail olmaqdır.

Bununla əlaqədar olaraq Fransa parlamentinin üzvləri Cənubi Qafqazda baş verən hadisələrin təhrif edilməsi praktikasından əl çəkməli, Azərbaycanla Ermənistan arasında sivil dövlətlərarası münasibətlərin qurulması üçün yaranmış tarixi imkanın qarşısını ala bilən ritorikaya və hərəkətlərə son qoymalıdırlar. Fransa Milli Assambleyasının Fransanın müstəmləkəçilik tarixinə ədalətlə yenidən baxması və ona düzgün siyasi-hüquqi qiymət verməsi, Fransada tüğyan edən irqçilik, islamofobiya və antisemitizm hallarının qarşısını almaq üçün üzərinə düşən öhdəliklərini yerinə yetirməsi və sadə Fransa vətəndaşlarının problemlərini dinləməsi daha faydalı və səmərəli olardı.

Yaqut Ağaşahqızı, “İki sahil”