07 dekabr 2022 09:45
362

44 günlük müharibənin hər günü şanlı tarixdir

Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı , ölkəmizin mədəni irsinə də ağır zərbə vurmuşdur. Ermənistan bu müddət ərzində işğal altında olan Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmişdir.

2010- cu ildə Aprel döyüşlərində, 2020-ci ildə Tovuz döyüşlərində əsgərlərimiz Ermənistanın məğlubedilməzlik arzusunu puç edirdi.  2020-ci il sentyabr ayının 27-də erməni silahlı birləşmələri bütün təmas xətti boyunca Azərbaycan Ordusunun  mövqelərini və cəbhə xətti yaxınlığındakı yaşayış obyektlərini artilleriya və digər silahlardan atəşə tutdu. Nəticədə bir neçə mülki şəxs, o cümlədən 2 uşaq həlak oldu. Hərbiçilərimiz arasinda da itkilər var idi.  Artıq xalqımızın  səbr kasası dolmuşdu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş komandanı İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələrinin əks hücum əməliyyatları başlandı. Azərbaycan Ordusu 2 – ci Qarabaö müharibəsində 

“Dəmir yumruq” adını alan planı həyata keçirməyə başladı.

Müharibənin ilk günlərindən etibarən Pilotsuz Uçuş Aparatlarının (PUA) köməyi ilə Ermənistan ordusunun Hava Hücumundan Müdafiə sistemləri sıradan çıxarıldı. Müəyyən edilən atəş nöqtələri isə Türkiyə istehsalı olan “Bayraktar”, İsrail  istehsalı olan “Harop”  və  Azərbaycanın yerli istehsalı olan “Zərbə” adlı PUA- larla məhv edilirdi.  Bu dünya hərb tarixində bir ilk idi.

İlham Əliyevin xalqa müraciəti hamının yaddaşına həkk olunmuşdu. “Biz öz torpaqlarımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərlərinin bizim torpağımızda nə işi var ? Biz haqq yolundayıq”

Müharibənin ilk günlərindən Azərbaycan Ordusu  düşməni əsasən iki istiqamətdən sıxışdırırdı.  Şimaldan  Kəlbəcər və Ağdərə, cənubdan  Füzuli – Cəbrayıl.    Cənub – qərb istiqamətində düşmənə ağır zərbələr endirən ordumuz Cəbrayıl şəhərini azad etdi.  Cəbrayıldan şimala yönələn hərbi birləşmələrimiz tarixi  “ Turan taktika”sını  tədbiq edərək düşmənin 12 minlik hərbi qruplaşmasını mühasirəyə aldı. Oktyabrın əvvəllərində   Ağdərə istiqamətində düşmənə zərbə endirən qoşunlarımız buradakı böyük strateji əhəmiyyətə malik  Madagiz ( Suqovuşan) yaşayış məntəqəsini azad etdi.  Elə həmin gün Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə məntəqənin adı Suqovuşan adlandırıldı. Nəhayət , oktyabrın 17 – də müzəffər Azərbaycan Ordusunun mühasirəyə aldığı Füzuli şəhəri də düşməndən tam azad edildi. Oktyabrın 20- də Zəngilan , Oktyabrın 25- də Qubadlı rayonu işğalçılardan təmizləndi.  Azərbaycan Ordusu bu addımları ilə BMT-nin qəbul etdiyi , lakin 30 ilə yaxın keçən dövr ərzində icra olunmayan qətnamələrini də bir- birinin ardınca yerinə yetirməkdə idi.

44 günlük müharibə dövründə qardaş Türkiyənin xəbər agentlikləri , televiziya kanalları xalqımıza qarşı törədilən cinayətləri, Azərbaycan həqiqətlərinin dünyaya çattırılmasında mühüm rol oynadı.

Vətən müharibəsində Azərbaycan Ordusunun şah əsəri Şuşa əməliyyatı oldu.   Düşmən Qarabağımızın gözü sayılan bu şəhəri təxminən 1500 – 2000 nəfərlik qüvvə və  çoxsaylı hərbi texnika ilə müdafiə edirdi. Onlar Pənahəli xanın tikdirdiyi qala-şəhərin alınmazlıgına əmin idilər.

Lakin Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri doğma Şuşanı azad etməkdə qərarlı idi. Onlar cəmi 400 nəfərlik dəstə ilə əsas yoldan deyil , düşmənin ağlına belə gəlməyəcək istiqamətdən şəhərə daxil oldular. 2020- ci il noyabrın 8- də Şuşa düşmən  tapdağından azad edildi. Şuşa azad olunandan sonra artıq düşmən dərk etdi ki , bundan  sonra müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək.

Noyabrın 9-dan 10 – a keçən gecə Rusiya ,Azərbaycan , Ermənistan rəhbərləri üçtərəfli bəyanat imzaladı. Hərbi əməliyyatlar dayandırıldı. Bu bəyanat Azərbaycan qələbəsini, Ermənistanın isə məğlubiyyətini rəsmiləşdirən sənəd idi.

44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Ermənistan öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək məcburiyyətində qalaraq 2020-ci il noyabrın 20- də Ağdam, noyabrın 25- də Kəlbəcər, Dekabrın 1- də Laçın rayonlarını Azərbaycana təhvil verdi.

Bu gün Azərbaycan dövləti Qalib Ölkə kimi yaşayır və bundan sonra da müzəffər xalq , qalib dövlət kimi əbədi yaşayacaq. 44 günlük Vətən müharibəsində Zəfər Günü Xeyrin Şər üzərində qələbəsi və tarixi ədalətin təntənəsidir.       

Vətən uğrunda şəhid olanlar əsla unudulmayacaq, çünki onlar özlərindən sonrakı nəsil üçün silinməz , unudulmaz dastan yazdılar.

Qarşınızda baş əyirik, yurdu yaşatmaq üçün can verən qəhrəmanlarımız !

Fidan Mirzəyeva,
Bakı şəhəri, 86 nömrəli məktəbin müəlliməsi