05 dekabr 2022 22:14
1010

ORTAQ KEÇMİŞDƏN ORTAQ GƏLƏCƏYƏ

ÇARİZMİN İŞĞALÇILIQ SİYASƏTİ ÜMUMTÜRK TARİXİ KONTEKSTİNDƏ- Qızıl Orda və ondan törəmə tatar xanlıqları

(tarixi-etnoqrafik oçerklər)

K R I M  X A N L I Ğ I

Dərbəndin işğalından az sonra, 1722-ci ilin oktyabrında Dağıstan əmiri Hacı Davud Osmanlı təbəəliyinə qəbul edilmiş, ona Krım xanı ilə eyni hüquqlar verilmişdi. Həmsərhəd Osmanlı sancaqlarında Azərbaycan ətrafında cərəyan edən hadisələr diqqətlə izlənilir, bəzi sancaq bəyləri zərurət yarandıqca, ara-sıra vəziyyətə müdaxilə etməkdən də çəkinmirdilər. Səfəvi xanədanının dərin tənəzzül keçirdiyi bu dövrdə Osmanlı dövləti Cənubi Qafqazın Rusiya tərəfindən zəbt edilməsinə yol verməməyə çalışır, hər vasitə ilə buna mane olurdu. Əlbəttə ki, Krım xanlığı bütün bu proseslərin içində idi.

Bölgədə vəziyyəti bir an belə diqqətdən yayındırmayan krımlılar 1718-1720-ci illərdə Şimali Qafqazda yenidən fəallaşmağa başlayır. 1718-ci ildə xan Səadət Girey Kuban cayı üzərində döyüşdə Rusiya tərəfdarlarını məğlubiyyətə uğradaraq onların hərəkət imkanını məhdudlaşdırır. Onun 1720-1721-ci ildə Kabardaya daha bir uğurlu yürüş keçirdiyi məlumdur. Kabarda və Dağıstan uğrunda uzun sürən Moskva-Krım qarşıdurması 1721-ci ildə imzalanan Sulak razılaşması ilə nəticələnir. Bu sazişlə rus çarizmi müvəqqəti də olsa, Kabardanı Osmanlı dövlətinin təsir dairəsinə verdiyini təsdiq edir. 1725-ci ildə Osmanlı və Krım himayəsində olan şamxal Adil Girey iki dəfə Müqəddəs xaç (Svyatoy krest) qalasına hücum etmiş, lakin bəxti gətirməmiş, tutularaq Arxangelskə sürgünə göndərilmişdi.   

Qafqazda qarşıdurma kəskinləşdirkcə Rusiya və Osmanlı dövlətləri arasında yeni müharibənin baş verməsi labüdləşirdi. Lakin tərəflərin heç biri irimiqyaslı hərbi əməliyyatlar başlanmasına həvəs göstərmirdi. Pyotr Qafqazın qəsb olunması ilə Osmanlı dövlətinin heç bir vəchlə razılaşmayacağını başa düşür, lakin risk etməkdənsə, Xəzəryanı əraziləri əlində saxlamaq üçün onunla sövdələşməyə getməyə çalışırdı. Osmanlı dövləti Pasarofça sülhünə (Avstriya və Venesiya ilə 1715-1718-ci illər müharibəsinin nəticəsi olaraq Passarovits deyilən yerdə imzalanmışdır) imza atdıqdan sonra öz tarixinin “Lalə dövrü”nə qədəm qoymuşdu. Bu mərhələni diplomatiyada sülh, qarşılıqlı anlaşma prinsipləri, ictimai həyatda qərbyönümlü islahatlar kursu səciyyələndirirdi. Odur ki, Fransanın vasitəçiliyi ilə İstanbul müqaviləsinin imzalanması (12 iyun, 1724) təəccüblü sayıla bilməz. Osmanlı dövləti bu müqaviləyə əsasən, faktiki olaraq Səfəvi (İran və Azərbaycan) ərazilərini Rusiya ilə bölüşür, Xəzərin sahilində yerləşən vilayətlərin Rusiyanın əlində qalmasına razılıq verirdi. Babi-Ali bunu, olduqca mürəkkəb siyasi şəraitdə məcburiyyətdən atılmış müvəqqəti bir addım sayır, imkan düşən kimi Bakı və Dərbəndi, habelə digər sahil ərazilərini geri qaytarmağı düşünürdü.  

Lakin İstanbul müqaviləsi qüvvəsini gözlənildiyindən də tez itirir. Şah Təhmasibi taxtından endirərək, Səfəvilər sülaləsinin hakimiyyətinə son verən qoşun başçısı Əfşarlı Nadir xan, Moskva və İstanbul qarşısında tutduqları torpaqlardan təcili olaraq çəkilmək tələbi qoyur. Qafqaz uğrunda mübarizəyə yeni oyunçunun daxil olması bölgədə vəziyyəti daha da gərginləşdirir. Ruslarla müharibə təhlükəsindən yayınan Osmanlı dövləti 1730-1736-cı illərdə Nadirlə savaşa girmək zorunda qalır. Müharibənin ağırlığını isə, əlbət ki, Osmanlının bölgədəki vuran qolu olan Krım xanlığı çəkir. Ruslar, həmişə olduğu kimi, bu qarşıdurmada qızışdırıcı rol oynayır və rəsmən hərbi əməliyyatlardan uzaq dursalar da, Nadir xanla yaxınlıq yaratmaq üçün özlərini onun tərəfdarı kimi qələmə verirlər. 1733-cü ildə kalqay-sultan Fəthi Gireyin komandanlığı altında Osmanlı qüvvələrinin yardımına gələn 25 minlik Krım qoşunu Kabardaya daxil olmaq üçün Kubanı keçəndə ən əvvəl ruslarla qarşılaşır. Onlar kalqayın yolunu kəsərək geri dönməsini tələb edirlər. Fəthi Girey Osmanlı ordusuna lazımi köməyi göstərəndən sonra Rusiyanın hələ Təhmasiblə bağlanmış Rəşt müqaviləsinə (1732) əsasən İrana qaytardığı Gilan, Mazandaran və Astrabadı ələ keçirməkdə qərarlı idi. Odur ki, rusların tələbini rədd edərək, istehkam xəttini yarır, çeçen və dağlı hakimlərinin də yardımı ilə Tərki dağına (Tərki-tau) doğru irəliləyir. Dərbənd yaxınlığında rusların daha bir həmləsini dəf edən Fəthi Girey tezliklə özünü Kürün sahilində yerləşən türk düşərgəsinə çatdırır. 1734-cü ildə isə Kaplan Girey ruslar üzərinə Bucaqdan uğurlu bir hücum əməliyyatı keçirir.

1735-ci ilin martında Rusiya İranla Gəncə müqaviləsini imzalamağa məcbur olur. Çar hökuməti işğal edilmiş bütün keçmiş Səfəvi torpaqlarından çıxmağı, ordusunu Sulak çayından geriyə, Qızlar məntəqəsinə çəkməyi öhdəsinə götürür. İyunda Kaplan Girey xan 80 minlik qoşunla yenidən Şimali Qafqaza hərəkət edir. Peterburq bu hücumu 1724-cü il İstanbul müqaviləsinin pozulması kimi qiymətləndirir və qraf Burhard Kristof Minixə Polşada yerləşən korpusunu Krım üzərinə yeritmək əmri verir. Eyni zamanda Qafqaz qüvvələrinin komandanı general V.Levaşov Kaplan Girey xanın qarşısını kəsməli idi. Amma Levaşov qüvvəsi az olduğundan (onun qoşununun da bir hissəsi Krıma göndərilmişdi) bu işin öhdəsindən gələ bilmir. Kaplan xan rus tərəfdarı olan bir çox çərkəz və kabardin hakimlərini itaət etdirdikdən sonra hərbi sipərləri dağıdaraq Dərbəndə qədər irəliləyir. O, əvvəlcə rusların həqiqətən Krıma daxil olmaq istədiklərinə inanmamışdı. Amma Dərbənddə təcili şəkildə Qafqazı tərk etməzsə, qraf Minixin yarımadaya girəcəyi xəbərinin səhih olduğunu öyrənir. Kaplan xan Nadirin adamı Xasbulatı qovaraq Arxangelskə sürgün edilmiş Adil Gireyin qardaşı Eldarı Dağıstan şamxalı, Surxay xanı Şirvan hakimi, usmi Əhməd xanı isə Dərbənd valisi təyin edərək, tez-tələsik Baxçasaraya qayıdır. Krımlıların həmçinin 1737-ci ildə çar qoşununun Reç Pospolita ərazisindəki mövqelərinə basqın edərək, Çehrin istiqamətində düşmənə ağır zərbə endirdikləri də məlumdur.

Laurens Lokhardın yazdığına görə, “Nadir nəinki bütün İran vilayətlərini və şəhərlərini qaytarır, hətta müharibənin Türkiyə ərazisinə keçməsinə nail olur”. Onun Anadoluya iddialarından, habelə Rusiya ilə müharibə təhlükəsinin (Azak qalasına hücum etmişdilər) artmasından ehtiyatlanan Osmanlı dövləti Nadirlə sülh danışıqlarına başlayır. Məlum olduğu üzrə, Rusiya Gəncə müqaviləsini İranın Osmanlı dövlətinə qarşı mübarizəni davam etdirməsi və rus çarının razılığını almadan onunla sülh bağlamaması şərti ilə imzalamışdı. Lakin Nadir 1736-cı ildə bu maddəyə məhəl qoymayaraq Ərzurumda Osmanlılarla müqavilə imzalayır. Rusiya isə üzdə özünü Sulak razılaşmasına əməl edirmiş kimi göstərərək, Şimali Qafqazdakı əlaltıları vasitəsilə Osmanlı və Krım xanlığına qarşı fəaliyyətini davam etdirir. Bunun sübutu olaraq kabardalıların 1736-1737-ci illərdə Azak yürüşündə, Salgir döyüşündə iştirakını, knyazlardan Maqomed Kurqokin və Kasay Atajukun kalmık xanzadəsi Donduk-Omba ilə birlikdə noqayların Saltan-Ulu və Navruz-Ulu yurdlarına basqınlarını, 1739-cu ildə Laba çayı sahilində Arslanbek Kaytukinin Krım qoşunları ilə qanlı toqquşmasını və s. göstərmək mümkündür. Rusiya tarixçilərinin fikrincə, 30-cu illərdə Osmanlı və Krım emissarlarının, kalqay Fəthi Girey və sərəskər Qazi Gireyin cəza dəstələrinin cidd-cəhdlərinə baxmayaraq kabardalılar çar hakimiyyətinə sədaqət nümayiş etdirmiş, lakin rəsmi Peterburq Şimali Qafqazda vəziyyəti tam şəkildə öz lehinə çevirə bilməmişdir.

Krım xanlığının mövcudiyyətinə son qoymağın bütün XVIII əsr boyunca Rusiya xarici siyasətinin prioritet istiqamətini təşkil etdiyini söyləsək, mübaliğəyə yol vermiş olmarıq. Tarixçilər arasında belə bir fikir də populyardır ki, Rusiya bu xətti dönmədən yeritməklə, əslində, Avropa dövlətləri qarşısında hələ XVII əsrin sonlarında üzərinə götürdüyü öhdəliyə əməl etməyə, beləliklə, beynəlxalq birlikdə nüfuzunu daha da gücləndirməyə çalışmışdır. Adıgözəl Məmmədov yazır: “Reç Pospolitiyanın (Polşa) 1672-ci ildə Osmanlı imperiyası ilə müharibədə tam məğlubiyyəti Moskvanı qızğın diplomatik addımlar atmağa sövq etdi. General Menezin Brandenburq kralının sarayına, Vyanaya, Venesiyaya, Papanın hüzuruna, Andrey Vinius Fransa və İspaniyaya, Yemelyan Ukraintsev İsveç və Hollandiyaya göndərildilər. Rus elçilərinin əsas məqsədi bu hökmdarları Rusiyaya kömək etməyə razı salmaq idi. Bu fəaliyyət çox keçmədən bəhrəsini göstərdi. Belə ki, 1680-ci ildə Moskvanın inadla çalışdığı hadisə baş verdi: Avropa ölkələri Osmanlı imperiyasına qarşı mübarizə aparmaq üçün birləşdilər. Fransa, Brandenburq, Reç Pospolitiya və Moskva ümumi ittifaq bağladılar. Rusiyanın payına Krımla müharibə düşdü”. Əlbəttə ki, bu “vəzifə bölgüsü” Rusiyanın dövlət maraqlarına da uyğun idi. Çarizm tatarların saysız-hesabsız hücumlarından qurtulmağı və bərəkətli Krım torpaqları hesabına ərazilərini genişləndirməyi, məhsuldar qaratorpaq sahələrdə və Şimali Qara dəniz bölgələrində mövqelərini möhkəmləndirməyi dövlət siyasətinin əsas kursu kimi çoxdan müəyyənləşdirmişdi.

XVII əsrin sonlarında Avropanın siyasi mənzərəsi tez-tez dəyişsə də, Osmanlı dövlətinə  qarşı mübarizənin ümumiliyi strateji kurs olaraq unudulmamış, geosiyasi şəraitdən asılı olaraq, imkan düşdükcə bu istiqamətdə məqsədyönlü addımlar atılmışdı. Çar Rusiyası “türklərin Avropadan sıxışdırılması prosesinə start vermiş” 1699-cu il Karlovitsa konqresində qalib dövlətlərdən Osmanlı sultanı qarşısında Kerçin, Dneprin cənub sahilinin və Azov qalasının ona verilməsi haqqında vəsadət qaldırmalarını tələb edəndə də Krım xanlığına qarşı dönməz mübarizəsini əsas gətirmişdi (doğrudur, Avstriya, Reç Pospolita və Venesiya çarın bu tələbini dəstəkləməmiş, Rusiya da 1700-cü il avqustun 8-də Osmanlı dövləti ilə “əbədi dostluq haqqında” İstanbul müqaviləsini imzalayıb, bir gün sonra başlayacağı Şimal müharibəsində özünü əsas rəqibinin hücum ehtimalından sığortalamalı olmuşdu).

XVIII əsrin başlanğıcında da Avropada vəziyyət dəyişməmişdi. Qitə dövlətləri arasında iqtisadi resurslar uğrunda rəqabətinin güclənməsinə və qüvvələr nisbətinin vaxtaşırı dəyişməsinə baxmayaraq, Osmanlı dövlətinə qarşı ittifaq potensialının bu dövrdə də yüksək olduğunu görmək çətin deyil. Bu zaman get-gedə zəifləyən, üstəlik Almaniya və Avstriya ilə müharibə vəziyyətində olan Fransanın Osmanlı üzərində təsiri böyük idi. I Pyotrun aparıcı dövlətlər sırasına çıxardığı Rusiya isə Baltik dənizində mövqelərini möhkəmləndirmişdi; Sankt-Peterburq ölkənin əzəmətini göstərməklə bərabər, Baltik üzərində hakimiyyətindən xəbər verirdi. Anna İoannovnanın dövründə (1730-1740) Osmanlının başının Nadirlə müharibələrə qarışmasından yararlanan çar ordusu Azaka hücum etmiş, Varşavaya qoşun çıxarmışdı. Havadan müharibə qoxusu gəlirdi. Bunu hiss edən Fransa ruslarla osmanlıları vuruşdurmaq yolunu tutdu. Fransa özü Avstriya ilə müharibə aparırdı və nə Rusiyanın, nə Osmanlının bu müharibədə rəqibinin tərəfini tutmasını istəmirdi. Rusiya Avstriyanın hərbi müttəfiqi idi; əgər Osmanlı ilə müharibə başlardısa, ruslar müttəfiqlik borcunu yerinə yetirə bilməyəcəkdi. Eyni zamanda Osmanlı dövlətinin Avstriyaya yardım edəcəyi ehtimalı da Fransanı qızışdırıcı rol oynamağa sövq edən amillərdən sayılmalıdır.

Çox keçmədən Nadir şahla Osmanlı arasında sülh bağlandı və bundan bərk qorxuya düşən ruslar özləri Avstriyadan hərbi yardım istədilər. Belə bir şəraitdə Osmanlı Divanı 1736-cı ilin 2 may tarixli toplantısında Rusiyaya müharibə elan etdi və döyüş gəmilərini Qara dənizə çıxardı. Feldmarşal Minixin ordusu isə Krıma daxil oldu. Kampaniyanı mühüm strateji əhəmiyyətə malik Azak qalasının alınması ilə başlayan, Gözləvə, paytaxt Baxçasaray və kalqayların iqamətgahı olan Ağməscidi viran qoyub oda qalayan, qaçmaq imkanı olmayan dinc sakinlərə amansız divan tutan rus ordusu yarımadanın şərq hissəsinə yönəldisə də irəliləyə bilmədi. Partizan müharibəsinə başlayan krımlılar düşməni yarımadadan vurub çıxararaq xeyli əsir aldılar. Yaranmış fasilə zamanı xanlığın mərkəzi Qarasubazara köçürüldü. Növbəti il Osmanlı-Krım qoşunlarının qisas əməliyyatı uğursuz oldu və feldmarşal Lassinin qoşunları yenidən Krıma girərək bu dəfə Qarasubazarı da yandırdılar. Osmanlı-Krım birliklərinin daha bir revanş cəhdi boşa çıxdı. 1738-ci ildə ruslar yeni bir kampaniya planlaşdırırdılar. Ancaq ordunun təminatında problemlər yarandığı üçün bu plan ləğv edildi. Bütün böyük təsərrüfat və mədəniyyət mərkəzləri, iri şəhərlər xarabazara çevrilmiş, iqtisadiyyat çökmüşdü, ölkədə aclıq hökm sürürdü. Belə bir vəziyyətdə ordunu ərzaqla təmin etmək mümkün deyildi.

Özi (Oçakov) valisi və Vidin mühafizi neçə müddət idi ki, Avstriyanın təcavüzkar niyyətləri haqqında İstanbula mütəmadi olaraq xəbərdarlıq məktubları göndərirdilər. Lakin Babi-Ali Avstriya ilə aralarında sülh müqaviləsi olduğunu əsas gətirərək onların məlumatlarına lazımi diqqət göstərməmişdi. Krımda situasiyanın dəyişməsi Avstriyaya manevr üçün fürsət yaratdı. Vyana əvvəl-əvvəl özünü osmanlılarla rusları barışdırmaq istəyirmiş kimi göstərir, əslində isə Osmanlı ərazilərinə hücum etmək üçün vaxt qazanır, hazırlıq görürdü. Osmanlı dövləti müraciətlərə cavab olaraq Azakın qaytarılması şərti ilə sülh danışıqlarına başlaya biləcəyini bəyan etdi. Amma Rusiya və Avstriya vaxt keçdikcə bir-birindən ağır şərtlər irəli sürməyə başladılar. Avstriya Bosniya, Vidin (Bolqarıstanın şimal-qərbində, Dunay sahilində şəhər), Əflak (müasir Rumıniyanın cənubunda tarixi Valaxiya vilayəti) və Boğdanın (Osmanlı dövründə Rumıniyanın Moldaviya bölgəsi belə adlandırılırdı) bəzi yerlərini, Rusiya isə Krımı tələb edir, Boğdan və Əflaka müstəqillik istəyirdi. Mübahisələr 1737-ci ilin 12 iyulunda Avstriya kralı VI Karlın Osmanlı dövlətinə müharibə elan etməsi ilə nəticələndi. Bircə gün sonra rus qoşunları Krım xanlığının şimal-qərb sərhədindəki ən möhkəm səddi sayılan Özini mühasirəyə aldı. Qala tezliklə ələ keçirildi, vali Yəhya Paşa əsir götürüldü. Lakin bu zaman Krımda vəba epidemiyası tüğyan etdiyindən ruslar yarımadanı yağmalayaraq geri dönməyə məcbur oldular. Osmanlı dövlətinin Şərqi Avropadakı torpaqlarına üç istiqamətdə hücuma keçən avstriyalılar qısa müddətdə Nişi (Serbiyanın cənubunda şəhər, eyniadlı Osmanlı sancağının mərkəzi) işğal etdilər. Lakin Banya-Luka meydan döyüşündə böyük itki verərək məğlub oldular və Niş də  geri qaytarıldı. Onlar Əflak və Boğdanda da nəzərəçarpacaq müvəffəqiyyət qazana bilmədilər. Babi-Ali Avstriya cəbhəsindəki uğurlardan ruhlanaraq divanda Özi qalasının azad edilməsinə qərar verdi. 1738-ci ilin oktyabrında qala alındı. Ruslar var qüvvələrini səfərbər edərək tək Azak qalasını əldə saxlamağı bacardılar. Artıq Avstriya-Rusiya alyansı məqsədlərinə çata bilməyəcəyini anlayır və müharibəni davam etdirmək istəmirdi. İngiltərə, Hollandiya və Fransanın vasitəçiliyi ilə Belqradda sülh danışıqları başladı.            

Avstriya üzərindəki qələbələri nəzərə alınmaqla müharibə, Osmanlı dövlətinin xeyrinə bitmiş sayılırdı və bu, Belqrad danışıqlarında onun əlini qüvvətləndirirdi. 1739-cu il sentyabrın 18-də imzalanan barışıq müqaviləsinə əsasən, Pasarofça anlaşmasına görə Avstriyaya verilmiş Belqrad və Səməndrə (Dunay sahilində, Belqradın şərqində yerləşən Smederevo şəhəri) başda olmaqla Serbiya, Bosniyanın sərhədyanı bölgələri Osmanlı dövlətinə təslim edildi. Azak (Azov) qalası Rusiyada qalsa da onun uçurulması və yerləşdiyi ərazinin Osmanlı ilə sərhəd zolağına çevrilməsi razılaşdırıldı. Burada artıq heç kimin qala tikə bilməyəcəyi təsbit edildi. Rusiya Krımdan çıxmaq və xanlıq ərazisinə hücum etməmək barədə öhdəlik götürdü. Belqrad müqaviləsində həm də Kabardanın və Şimali Qafqazdakı dağ keçidlərinin (Dəryal və s.) neytral statusu rəsmiləşdirildi və Rusiya Şimali Qafqaz xalqları üzərində hamilik haqlarından məhrum edildi. Çar hökuməti eyni zamanda Qara dənizdə hərbi və ticarət gəmiləri saxlamaq hüququnu itirdi, burada Osmanlı dövlətinin tam və şəriksiz hakim olması bir daha təsdiqləndi. Beləliklə, geriləmə dövrünü yaşayan Dövləti-Aliyyə istər daxildə, istərsə də xaricdə üzləşdiyi ciddi problemlərə rəğmən, hələ də dünya siyasətinin mühüm subyekti olaraq qaldığını beynəlxalq birliyə qəbul etdirməyi bacardı. Belqrad barışığından sonra Osmanlı dövləti bir daha Rusiya və Avstriya ilə belə əlverişli şərtlərlə müqavilə imzalamayacaqdı...  

Krım və Kabarda ilə bağlı müddəalardan ruhlanan krımlılar, Rusiya tarixçilərinin yazdıqlarına inansaq, Şimali Qafqazda fəallaşaraq, cəzalandırıcı əməliyyatlar keçirirlər. 1743-1744-cü illərdə Nadir şaha qarşı döyüşmək üçün gələn kalqay-sultan Şahin Gireyin çərkəzlər üzərinə basqınlar etməsi bununla izah olunur. Y.Pilipçukun məlimatına əsasən, o, 1743-cü ildə 800 nəfəri “yasır” (əsir) aparmış, bununla da abadzeh, bjeduq, şapsuq, ubıx, temirqoy tayfalarının narazılığına səbəb olmuşdu. 40-cı illərdə bu və digər tayfaların Krım xanlığı əleyhinə üsyana qalxdığını bildirən müəlliflər də var. Sovet dövrü tarix ədəbiyyatında həmçinin Krım xanzadələrindən Qazi, Şahbaz və Səadət Gireylərin Kabarda knyazları qarşısında “kafirlərlə əməkdaşlığa son vermək” tələbi qoyduqlarına dair sənədlər olduğu, lakin buna rəğmən, 1753-cü idə 40-a yaxın dağlı əsilzadənin Rusiya çarına sədaqət andı içdiyi bildirilir. Qeyd olunduğuna görə, 1754-cü ilin yazında Arslan xanın çərkəzləri itaətə gətirmək üçün kalqay Şirin sultanı 5 minlik dəstə ilə Qafqaza sövq etməsindən ehtiyatlanan imperatriça Yelizaveta Petrovnanın (1741-1761) göstərişi ilə Qızlar komendantı təcili olaraq 5 rota əskər və 500 Qreben kazakını hadisə yerinə göndərmiş, onların sərəncamına 2 top verilmişdir. Bu illərdə çar hökumətinin inquşlar arasında xristianlaşdırma və köçürmə siyasəti yeritməyə başlaması, 1758-ci ildə sərəskər Səadət Gireyin, bir il sonra isə Krım xanın (bəzi mənbələrdə onun adı Kərim kimi verilir) Kuban və Kabardaya səfər etmələri də tarix əsərlərində əksini tapmışdır.

60-cı illərdə Rusiyanın Mozdok qalasını inşa etməyə başlaması və Qızlar-Mozdok xəttinin açılması bir çox Kabarda knyazlarını narazı salaraq bölgədə antirus əhval-ruhiyyəsini gücləndirir. Qalanın otlaq torpaqlarında, bəzi knyazların irsi mülklərinə yaxın yerdə tikilməsi nəzərdə tutulurdu və bu, əlbəttə ki, onların maraqlarına toxunmaya bilməzdi. Digər tərəfdən çar hökuməti Mozdoka köçən xristianların təhkimçilikdən azad ediləcəyi vədi verməklə xolopların (bunların da əksəriyyəti Kabarda knyazlarının təhkimlisi idi) buraya axışmasına vəsilə olmuşdu. Yaddinli kütlələrin müsəlman yurdlarında kompakt şəkidə yerləşdirilməsi yerli əhalidə haqlı qınaq doğururdu. Xristianlaşdırma məqsədi daşıyan missionerlik fəaliyyətlərinin genişlənməsi də müsəlmanları qəzəbləndirən mühüm amillərdən idi.

Osmanlı dövləti və Krım xanlığı Şimali Qafqazda dini zəmində antirus təmayüllərin güclənməsinə rəvac verir və bu meylin kütləviləşməsindən siyasi təzyiq vasitəsi kimi istifadə edirdi. 1760-cı ildə Krım Girey Kabarda əsilzadələrini müsəlman qayda-qanunlarına əməl etməyə, “küffarla” işbirliyindən çəkinməyə çağırır. 1762-ci ildə Osmanlı sultanı III Mustafa da Ağsaray və Qazıqumuq hakimlərinə göndərdiyi fərmanda İslam ümmətinin birliyi prinsipini önə sürərək Rusiya ilə yaxınlaşma meyllərini pisləyir, bunun dini qanunlara müğayir olduğunu vurğulayır. 1763-cü ilin noyabrında Krım Girey yenidən Kabardaya elçi göndərib rusların qala tikmək bəhanəsi ilə müsəlmanların mülki hüquqlarını məhdudlaşdırmasına yol verməyəcəyini bəyan edir. Babi-Ali eyni xətt-hərəkəti davam etdirməklə rəsmi Peterburqdan Mozdokdakı qalanın tikintisini dayandırmağı, fundamentini isə dağıtmağı tələb edir. 1764-cü ilin mayında Böyük Kabardanın nüfuzlu knyazlarından Arslanbek Karamurzin, Misost Bammatov və b. Mozdok qalasının qazılmış təməlinin doldurulması və oraya köçmüş xolopların geri qaytarılması xahişi ilə II Yekaterinaya (1762-1796) müraciət ünvanlayırlar. Lakin çariça onların xahişini rədd edir. Krım xanlığının Kuban, Qreben və Qızlar kazakları ilə birgə həmin ilin iyununda keçirdiyi reyd də vəziyyəti dəyişdirmir. Üstəlik 1766-1767-ci illərdə xolop starşinaları ümumi yığıncaqlarında Kabarda knyazlarının əmrlərini yerinə yetirməmək haqqında qərar çıxarırlar. Onların hesabına Rusiyaya sədaqət andı içənlərin sayı kəskin şəkildə yüksəlir.

50-60-cı illər eyni zamanda Avropa dövlətləri arasında siyasi ziddiyyətlərin kəskinləşməsi, Reç Pospolitanın bölünmə perspektivlərinin aydınlaşması və bu əsasda müstəmləkəçilik maraqlarının toqquşması ilə əlamətdardır. Yeddiillik müharibə (1756-1763) beynəlxalq birliyinin parçalanmasında mühüm rol oynamış, Avropada iki güclü ittifaqın qarşıdurmasını, bir növ, rəsmiləşdirmişdi. Səngərin bir tərəfində İngiltərə və Prussiya, o birində Fransa-Avstriya-Rusiya dururdu. Fransa, Reç Pospolita və İsveç tərkibli ittifaqın yaranma tarixini kardinal Rişelyedən (1585-1642-ci illərdə Fransaya faktiki rəhbərlik etmiş dövlət xadimi) hesablayan A.Məmmədov yazır: “Fransa ardıcıl olaraq iki yüz il idi ki, “Şərq çəpəri”ni- Türkiyə, Polşa və İsveç kimi tərəfdaşları ilə Rusiyaya qarşı yarımhalqanı formalaşdırmışdı. Əslində, bu trio hələ kardinal Rişelye tərəfindən Habsburqlara qarşı düşünülmüşdü, sonradan isə dirçələn Rus İmperiyası üçün tətbiq olundu. Ancaq fransızlar tərəfdaşlarını bir-birinin ardınca itirirdilər. Öncə İsveç məğlub oldu. Şimal müharibəsindəki məğlubiyyətdən sonra orada, belə desək, qızıl azadlıq erası başladı. Partiyalar bir-biri ilə mübarizə aparırdılar. Peterburq isə açıqdan-açığa qonşu ölkənin siyasətinə sərt təzyiq göstərirdi”. Özünü tarixi mülahizələrlə anti-rus triosunun (Osmanlını da nəzərə alsaq, kvartetinin) lideri hesab edən Fransa, Yeddillik müharibədən çınıq çıxmış, müstəmləkələrinin mühüm bir qismini Böyük Britaniyaya güzəştə getməli olmuşdu (Britaniya isə müharibədən dünyanın ən qüdrətli dövləti kimi çıxmışdı).

Imperatriça II Yekaterina hakimiyyətinin əsas məqsədini Rusiyanı təkcə bölgənin deyil, bütün Avropanın aparıcı ölkəsinə çevirməkdə görür, bu məqsədlə I Pyotrun istilaçılıq siyasətini davam etdirirdi. O, Osmanlı dövlətini parçalayıb, son nəticədə Avropanın siyasi xəritəsindən biryolluq silmək, bunun hesabına keçmiş Bizans imperiyasını bərpa etmək, imperator Konstantin Pavloviçin nəvəsini həmin imperiyanın başına keçirmək xülyaları ilə yaşayırdı. Rus çariçası “yunan layihəsi”nin müəlliflərindən biri kimi bu xülyaları öz dövlətinin strateji prioriteti ranqına qaldırmışdı və ən qəribəsi bu idi ki, Rusiya bu xəyalpərəst qadının hökmranlığı altında “Avropanın jandarmı” olmaq yolunda addım-addım, lakin ardıcıl şəkildə irəliləyirdi. Onun bu “zəfər yürüşü” isə, aydın məsələdir ki, Qərb dövlətlərinin (Fransa, İsveç, Prussiya və s.) ürəyincə deyildi. Onlar geosiyasi tərəzinin Rusiya gözünün ağırlaşmasına yol verməmək üçün hələ Belqrad sülhü dövründən gizli də olsa, fəaliyyətə keçmişdilər. Əvvəlcə ümidlərini Nadir şahın Dağıstan səfərini Rusiya üzərinə yürüşlə davam etdirəcəyinə bağlamış, bu ümidləri boşa çıxandan sonra isə Osmanlı-Səfəvi koalisiyasının yaradılması planı üzərində işləməyə başlamışdılar. Yaradılacaq birliyin son hədəfi olaraq türk-İslam aləminin çoxdankı arzusunu gerçəkləşdirərək Həştərxanı ruslardan təmizləmək vəzifəsi müəyyənləşdirilmişdi. 1741-ci ildə fransız diplomatları ilə görüşdə Krım xanlığının “cənubdakı rus torpaqları üzərinə” hücum etməsi qərarlaşdırılmışdı. Rusiyanın İstanbuldakı səfirinə Fransanın Osmanlı elçisi de-la Şetardinin Peterburqdakı missiyanın təmsilçilərindən markiz de Vilnev, qraf Kostellano və başqaları ilə əlaqələrini izləmək təlimatı göndərilmişdi. Lakin bu cəhdlər də nəticə verməmiş, Rusiyaya qarşı Osmanlı-Səfəvi koalisiyasının yaradılması baş tutmamışdı.  

60-cı illərdə isə Fransa mərkəzli qruplaşmanın daha bir üzvü – Polşa (rəsmən, Reç-Pospolita) geosiyasi oyunların “zəif həlqə”sinə çevrildi. Yeddillik müharibə illərində mövqeyini möhkəmləndirmiş Prussiyanın, hərbi-siyasi və iqtisadi itkilər vermiş, indi isə revanş götürmək istəyən Avstriyanın və böyük Avropa dövlətləri sırasına qoşulmaq istəyən Rusiyanın hədəfinə çevrilən Polşa yalnız Osmanlı dövləti, qismən də Fransa tərəfindən dəstəklənirdi. Osmanlı dövlətinin Polşa siyasəti ənənəvi olaraq Krım xanlığı tərəfindən həyata keçirilidi. Krım xanlığı-Reç Pospolita yaxınlaşması 1740-cı illərdə kral III Fridrix-Avqustla imzalanmış müqavilə əsasında ardıcıl olaraq davam etdirilirdi. 1742-ci ildə xüsusi yarlıkla Krımda polyak tacirlərinə müxtəlif imtiyazlar verilmişdi.

1764-cü ildə əlaltısı Stanislav Ponyatovskinin Polşa taxtına çıxarılmasına nail olan Rusiya Reç Pospolitanın parçalanma proseslərinin başlanğıcını qoydu və vaxt keçdikcə bu istiqamətdə fəaliyyətini daha da artırdı. Avstriya və Fransa uzun müddət S.Ponyatovskini kral kimi tanımasalar da, sonda qəbul etməyə məcbur oldular. Osmanlı dövləti yalnız bundan sonra iki il sərhəddə gözlətdiyi Polşa elçisini İstanbula buraxdı. 1766-cı ildə II Yekaterina Polşadakı rus qoşunlarını artırdı və baş qaldıran müxalif qüvvələrə qarşı təzyiq göstərilməsini tapşırdı. Kral Ponyatovski və digər tərəfdarlarının əli ilə Reç Pospolitada pravoslav əhaliyə katoliklərlə bərabər hüquqlar verilməsi məsələsini qaldıran Rusiya, əslində əksəriyyəti katolik olan polşalıları pravoslav ukraynalılar qarşısında əqəliyyətə (azlığa) salmaq məqsədi güdürdü. Ehtiraslar son dərəcə qızışdı. Ölkədə sosial narazılıqların tüğyan etməsi də daxili vəziyyəti gərginləşdirirdi. Kazak və kəndli həyəcanlarının ardı-arası kəsilmirdi. Qaydamaklar üsyanı (1768) sosial təlatümləri apogeyinə çatdırdı. Kralın tərəddüd keçirdiyini görən Yekaterina Polşaya əlavə silahlı qüvvələr yeritdi. 1767-ci ildə sərt nəzarət altında keçirilən qurultay pravoslavlara katoliklərlə eyni hüquqların verilməsi haqqında qərar çıxardı. Bu qərarı tanımayan şlyaxtaçı müxalif qüvvələr Bar qəsəbəsində toplaşaraq konfederasiya yaratdılar və Rusiyanın hərbi müdaxiləsi əleyhinə silahlı mübarizə aparacaqlarını bəyan etdilər. Yekaterinanın hərəkətə keçmək əmri ilə Bara hücum edən rus hərbi birlikləri müxalifətçilərin bir qismini tutub həbsə atdılar, bir qismi isə qaçıb sərhəddi keçərək Osmanlı dövlətinə sığındı. Onları yaxalamaq adı ilə sərhədləri pozan ruslar yaxınlıqdakı Balta qəsəbəsinə (bəzi mənbələrə görə, Krım xanlığına aid olmuşdur) soxularaq orada yaşayan polyak və yəhudilərə divan tutdular. Soyqırıma məruz qalan dinc əhalini müdafiə etməyə qalxan Osmanlı sərhəd qüvvələri ilə ruslar arasında şiddətli atışma oldu. Rusiya sərhəd toqquşmasının Zaporojye kazakları tərəfindən törədildiyini bildirdi və onların tutulub Osmanlıya təslim ediləcəyinə söz verdi, amma həmişəki kimi sözünə əməl etmədi.    

Bu zaman Osmanlı dövləti hələ Rusiya ilə müharibəyə girmək istəmir, münaqişənin dinc yolla aradan qaldırılmasına çalışırdı. Polşa müxalifətçiləri ilə əlaqələr, əsasən, Krım xanlığının vasitəçiliyi ilə aparılırdı. 1765-ci ildə III Səlim Gireyin Kiyev voyevodası F.Pototski, 1767-ci ildə Maqsud Gireyin getman Y.Branitski ilə yazışdıqları, Rusiya leyhinə müxalifətlə əməkdaşlığın gücləndirildiyi məlumdur. Hadisələrin dramatizmi Babi-Alidə müharibə tərəfdarları ilə yeniçəri qoşununun ruslara layiqli müqavimət göstərmək üçün hazır olmadığını düşünənlər arasında mübarizəni kəskinləşdirirdi. Əski sədrəzəm Koca Rağib Paşanın məşhur sözləri Osmanlı dövlətinin hərbi durumunu dəqiq əks etdirirdi: “Dövləti-Aliyyə uzaqdan bir aslana bənzəyir. Amma yaxınlaşınca bu aslanın qocalıb əldən düşdüyü, dişlərinin töküldüyü, pəncələrinin kütləşdiyi aydın görünür. Əgər döyüşə girərsə, düşmən onun vəziyyətini anlayacaq və iş müşkülə düşəcək. Odur ki, müharibə qərarı verməzdən əvvəl yüz ölçüb bir biçmək gərəkdir”. Koca Rağib Paşa 1763-cü ildə vəfat etmişdi, amma sədrəzəmlikdə xələfi Möhsünzadə Məhməd Paşa onun yolunu davam etdirirdi. Törədilmiş cinayətlərin miqyasından nə qədər qəzəblənsə də Sultan III Mustafa saraydakı qırğılarla göyərçinlər arasında manevr edirdi. Lakin Rusiyanın kobud təcavüzkarlığı və Osmanlıya qarşı sərt, bir qədər də saymazyana münasibəti gün-gündən müharibə tərəfdarlarının mövqeyini gücləndirirdi. Onlar Möhsünzadə Məhməd Paşanı qorxaqlıqda ittiham edərək, baş vəzirlikdən uzaqlaşdırdılar və 1768-ci ilin 25 sentyabrında (oktyabrın 8-də) Həmzə Mahir Paşanın sədrliyi ilə toplanan Divan, imperiyanı bürüyən cihad sədaları altında emosiyalara uyaraq lazımi hazırlıqlar görülmədən Rusiyaya qarşı müharibə elan etdi. Niyazi Berkes vaxtsız qərarın səbəbləri sırasına bu dövrdə Osmanlı ilə yaxınlaşma siyasətini davam etdirən Fransanın qızışdırıcılığını da əlavə edir. A. Məmmədov isə Fransanın, İstanbuldakı səfiri qraf Şarl Qravye Verjen vasitəsi ilə yürüşə hazırlaşmaq üçün sultan III Mustafaya 3 milyon livr məbləğində vəsait göndərdiyini yazan müəlliflərə istinadla bu ölkənin xarici işlər naziri hersoq Etyen-Fransua Şuazelin vəkil Sabatye de Kabra söylədiyi bu sözləri sitat gətirir: “Əlahəzrət istəyir ki, Rusiya-Türkiyə müharibəsi alçalmış və ya üzülmüş Peterburq, öz qonşularına əziyyət vermək və ümumavropa işlərinə qarışmaq fikirlərindən əl çəkəcəyi ana qədər davam etsin”.      

Müharibənin başlanmasına dair məlumatlar, müəyyən qədər ziddiyyətlidir (hərçənd ki, bunları uzlaşdırmaq da mümüknüsüz deyil). Bir məlumata əsasən, “1768-ci il dekabr ayının sonunda Krım xanı Kaplan Gireyin ordusu Rusiyanın cənub torpaqlarına hücum edir. 80 minlik tatar ordusu sultan III Mustafanın əmrilə Yelizaveta Petrovnanın vaxtında Şimali Donsanın sağ sahilində yaradılmış Baxmut və Yelizavetqrad şəhərlərini tutur. Lakin krımlılar tezliklə Poltavadan piyada yürüşə başlayan general-anşef P.A.Rumyantsevin 35 minlik ordusu ilə qarşılaşdılar. Rumyantsevin ordusu Kaplan Gireyin ordusunu Azov dənizinədək sıxışdıraraq Krımı mühasirəyə aldı. Vitse-admiral A.N.Senyavinin komandanlığı altında Don donanması yarımadanı dənizdən bağlamağa çalışdı. Tezliklə Krım xanının tərəfdaşları- noqaylar rusların tərəfinə keçməklə Rumyantsev üçün Baxçasaraya birbaşa yol açdılar”. (A.Məmmədov)

Krıma hərbi təlimatçı kimi göndərilmiş fransız əsilli Baron de Tottun daha geniş  yayılmış məlumatına görə isə hərbi əməliyyatlar Krım Girey xanın 1769-cu ilin yanvarında Bucak istiqamətindən Ukrayna ərazisinə keçməsi ilə başlayır. 8 gün Baltada planlaşdırma ilə məşğul olduğu deyilən Krım Girey qoşunlarını 3 hissəyə bölərək kalqay və sərəskər sultanları Baxmut və Oryol üzərinə göndərir, özü isə Novoserbiyaya hərəkət edir. Krımlılar hər üç cinahda onlarla kəndi ələ keçirsələr də Yelisavetqradda dirənirlər. Balta yaxınlığında toplaşmış müxalif konfederat dəstəsi və İ.Pototskinin qoşunu xanın köməyinə vaxtında yetişmir (Krım Gireyin onları xəyanətdə suçladığı bildirilir). Bundan istifadə edən rus ordusu bölmələri Don kazakları  ilə birləşərək, krımlıları Tarnovka çayına doğru sıxışdırır.

Türk mənbələrində Dunay cəbhəsində əməliyyatların başlaması belə təsvir olunur: ilk atəş səslərinin eşidilməsi ilə Osmanlı qoşunlarının Dunayı keçərək Dobrucaya gəldiyindən xəbər tutan II Yekaterina general Aleksandr Suvorovun başçılığı altında Polşaya əlavə qüvvələr yeritdi. 1769-cu ildə Osmanlı qoşunu Bessarabiyada knyaz Aleksey Qolitsının birlikləri ilə bir neçə döyüşdə, o cümlədən, Ukraynanın qərbində yerləşən Hotin şəhərində iki inamlı qələbə çaldı. Lakin sərdardan narazı olan əskərlər 300 top və çoxlu silah-sürsatı ataraq Osmanlı düşərgəsini tərk etdilər və Qolitsın müqavimət görmədən boş şəhərə daxil oldu. 1770-ci ildə çar qoşunlarının baş komandanı general Pyotr Rumyantsev Prut çayının qolları olan Larqa və Kaqul üzərindəki döyüşlərdə təşəbbüsü ələ alaraq Dunayın sağ sahilinə adladı və bir-birinin ardınca Bessarabiya və Valaxiyanı ələ keçirdi. Aleksey Remizov 30 minlik qoşunla Boğdan və Əflakı, Pyotr Panin isə Benderi ala bildi.

Admiral Aleksey Orlovun komandanlığı altında Baltik dənizindən hərəkətə başlayıb, 1768-ci ildə Atlas (Atlantik) okeanına, oradan da Cəbəllütariq boğazına keçərək Ağ dənizə (Adriatik dənizinə) çıxan rus donanması isə burada ilk dəfə əməliyyat aparmasına baxmayaraq, müharibənin gedişində əsl dönüş yaratdı. Moraya (hazırda Yunanıstana aid Peleponnes yarımadası) desant çıxarılmasından ruhlanan yerli yunanlar üsyana qalxdılar. Mora üsyanı tezliklə yatırılsa da, rus gəmiləri Egey dənizə keçdilər və burada Osmanlı donanmasının ciddi müqaviməti ilə üzləşdilər. Lakin Orlov İzmir yaxınlığındakı Çeşmə buxtası ilə Saqqız adası arasında Osmanlı donanmasına ölümcül zərbə endirdi. Jan Pol Ru Avropa cəbhəsində hadisələrin inkişafını belə təsvir edir: “1772-ci ildə ruslar Dunayı aşıb Bolqarıstanı işğal etmiş və İstanbul üzərinə yerimişlər. Onların qarşısı yalnız Silistre və Dunay boyu bir neçə şəhərin qəhrəmancasına müdafiəsi nəticəsində alınmışdır. Amma ruslar dayanmamış, Kuzlucaya (hazırda Bolqarıstanın Varna şəhəri yaxınlığında Suvorovo məntəqəsi-N.M.) hücuma keçmiş, Şumnuda (Bolqarıstanın şimal-şərqində tarixi vilayət; bolqarlar “Şumen” adlandırırlar) vəziri-əzəmi mühasirəyə almışlar... /Türklər/ Dneprin dənizə töküldüyü bütün bölgəni itirir, Bessarabiya və rumın ellərindən geri çəkilməli olurlar”.

Bizim üçün daha maraqlı olan Krım cəbhəsində də hərbi üstünlük rus qoşununun tərəfində idi. 1770-ci ildə Bucak artıq istila edilmişdi. 1771-ci ilin yayında 2-ci ordunun komandanı general-anşef knyaz Vasili Mixayloviç Dolqorukov (apardığı uğurlu döyüşlər şərəfinə 1775-ci ildə onun soyadına “Krımski “ sonluğu da əlavə olunmuşdur) Krıma daxil oldu. Səlim Gireyin qoşunları ilə aparılan üç döyüşdə ardıcıl qələbə çalan Dolqorukov Perekop istehkamlarını yararaq Krımdakı strateji əhəmiyyətə malik qalaları nəzarət altına aldı. Çox keçmədən Kəfədəki türk sərəskəri də qüvvələr nisbətinin qeyri-bərabərliyi səbəbindən müqavimət gücünü itirərək təslim oldu. Artıq Krımı qoruyacaq heç bir nizami qüvvə qalmamışdı.

Şəhər və kəndlərin yandırılması, mülki əhalinin qılıncdan keçirilməsi milli fəlakətə çevrilir. Bir ay ərzində Dolqoruki Yevpotoriyanı, Şerbatov-Arbat isə Kerç, Yeniqala, həmçinin Temrükdəki Taman qalalarını tutur. Vitse-admiral A.Senyavinin komandanlığı altında Azov donanması Qara dənizə çıxır. Vəziyyətlə barışmaq istəməyən Osmanlı dövlətinin 1773-cü ildə əməliyyatları bərpa etmək cəhdləri də nəticə vermir.  A.Suvorovun bu cəbhəyə göndərilməsi ilə hadisələr tamamilə Osmanlı-Krım birliklərinin əleyhinə inkişaf edir. Beləliklə, çar qoşunları bütün yarımadanı işğal edir və 300 illik Osmanlı hakimiyyətinə son qoyurlar.  

Krım xanlığında daxili sabitlik hələ müharibədən əvvəl pozulmuş, 1771-ci ildə  Kuban Noqay Ordasının Rusiya təbəəliyinə keçməsi isə Osmanlı imperiyasından və xan hakimiyyətindən narazılığı son həddə çatdırmışdı. Xanədan üzvlərinin də daxil olduğu və Sahib Girey tərəfindən yönləndirilən böyük bir qrup  artıq Osmanlı ilə münasibətlərə yenidən baxmaq və Rusiya ilə yaxınlaşmaq zərurətinə qəti əminlik hasil etmişdi. Onların geniş kütlələrə təsir imkanlarını artıran amillərdən biri də, heç şübhəsiz, Rusiyanın sürətlə inkişaf edib Avropa səviyyəli bir dövlətə çevrilməsi idi. Bu dəyişikliklər İstanbulla müqayisədə Krımda daha aydın müşahidə olunurdu. Çar hökuməti ilə siyasi-iqtisadi münasibətləri möhkəmləndirmək meylləri I Pyotr dövründən bəri durmadan güclənirdi. Moskvanın Krımla əlaqələrin, xüsusən dəniz ticarətinin genişlənməsinə cəhd göstərməsi əsilzadələrin maraqlarına uyğun gələn ən cəlbedici faktrorlardan biri idi. Hələ 1763-cü ildə Krım Girey xan Baxçasarayda daimi fəaliyyət göstərən Rusiya səfirliyinin açılmasına razılıq vermiş, lakin onun vəliəhdi III Səlim Girey səfiri kobud şəkildə qovmuşdu. İndi isə müharibənin gedişində Rusiya ilə yaxınlaşma fikrinin cəmiyyətdə dərin kök salmasından sui-istifadə edən Sahib Girey qruplaşması artıq xan olan III Səlimi basqı altında saxlayaraq, Rusiyanın himayəçiliyini qəbul etməyə zorlayırdı. Rusofil qruplaşmanın əhali və əskərlər arasında apardığı təbliğat 100 minlik Krım ordusunun qısa bir müddətdə düşmənə yenilməsi üçün zəmin hazırlamışdı. İctimai rəyi bəhanə gətirən bir çox qəbilə və tayfa başçıları (xüsusilə Şirin bəyi) birləşmiş qoşuna lazımi sayda əskər verməkdən boyun qaçırmışdılar. Ehtiyac duyulan iaşə və ləvazimatı təchiz edilməyən Osmanlı ordusu çox vaxt logistik dəstəkdən məhrum olaraq hərəkət qabiliyyətini itirirdi. Əskərlər silahı yerə qoyaraq döyüşməkdən imtina edirdilər. Hətta III Səlim İstanbula getdikdən sonra knyaz Dolqorukovla döyüşlərdə yerli ordunun iştirak etmədiyi, Krımın suverenliyi uğrunda yalnız Osmanlı qarnizonunun vuruşduğu haqqında məlumatlar da var.

1772-ci ildə II Yekaterina Krım xanı III Səlimə müraciət ünvanlayır və bu, geniş əks-səda verir. Müraciətdə Osmanlı dövlətindən ayrılacağı təqdirdə xanlığa suverenlik vəd edilirdi. III Səlim Girey yarımadanın ərazisini faktiki olaraq ələ keçirmiş çar qoşunları qarşısında müqavimət göstərə bilməyəcəyini görüb, taxtdan çəkilir və İstanbula qaçır. İşğal altında keçirilən qurultay Osmanlı dövlətinin baratı ilə gəlmiş Maqsud Gireyin namizədliyini təsdiqləməyib, II Sahib Gireyin- xan, Şahin Gireyin isə kalqay seçilməsi və vaxt itirmədən Krımın Rusiya təbəəliyinə qəbul olunması üçün Peterburqa elçilər göndərilməsi haqqında qərar çıxarır. Elçiləri gülərüzlə qarşılayan II Yekaterina “onların bütün arzularının yerinə yetiriləcəyinə, Krımın müstəqilliyinin qüsursuz və hərtərəfli təmin olunacağına” söz verir. Bundan cəsarətlənən Şahin Girey xanlığın rəsmi nümayəndə heyətinin başçısı kimi ruslarla danışıqlara başlayır və noyabrda Qarasubazarda Krım xanı Sahib Girey və Vasili Dolqorukov “İttifaq müqaviləsi” imzalayırlar. Müqavilədə ilk dəfə Krımın heç kimdən asılı olmayan müstəqil xan tərəfindən idarə edilməsi, osmanlıların Kəfədən çıxarılması, Rusiya ilə yaxın müttəfiq münasibətləri qurulması müddəaları təsbit edilir (Kiçik Qaynarca müqaviləsinin mətn və ruhunun məhz bu sənəddə əks olunduğunu asanlıqla görmək mümkündür).

Hərbi məğlubiyyətlər dərhal Şimali Qafqazda da güclü rezonans doğurur. Əslində, 1769-1770-ci illərdə rus ordusunun Dunay cəbhəsində qazandığı parlaq qələbələrdən sonra tək Krım xanlığı deyil, həm də Şimali Qafqaz müharibənin başlıca predmetinə çevrilmişdi. 1768-ci ilə qədər və hərbi əməliyyatların başlağıcında Osmanlı sultanı III Mustafa, baş vəzir Möhsünzadə Məhməd Paşa, xan Krım Girey Kabarda, Dağıstan və Çeçenistan müsəlmanlarına müraciətlər ünvanlayaraq onları rus çarizminə qarşı döyüşməyə çağırmışdılar. 1769-cu ilin əvvəlində Krım süvariləri Şimali Qafqaza keçmək üçün Ukrayna ərazilərinə girmiş, lakin burada böyük çətinliklə qarşılaşmışdılar. Fevralda isə “Qızlar diyarının düşməndən müdafiə olunması üçün” Şadrinsk stanitsasına gələn general Medem Şimali Qafqaz hakimlərinə II Yekaterinanın müraciətini çatdırmışdı. Müraciət əvvəllər Rusiya təbəəliyini qəbul edən, sonradan bu fikirdən daşınan bir çox knyazlar üzərində böyük təsir göstərmiş və onların bəziləri yenidən imperatriçaya biət etmişdi. Çox keçmədən Beştau dağlarındakı hakim yüksəklikləri ələ keçirən general Medem istisnasız olaraq bütün Kabarda knyazlarına çar hökumətinin  süzerenleyini qəbul etdirmişdi. 1768-1774-cü illər müharibəsinin gedişində Rusiyanın mühüm uğurlarından biri də 1770-ci ilin əvvəllərində Şimali Osetiya və İnquşetiyanı öz təsir dairəsinə daxil etməsi sayılmalıdır.

Cəsarətlə deyə bilərik ki, 1768-1774-cü illər müharibəsi təkcə Osmanlı imperiyasının və Krım xanlığının deyil, bölgədəki bütün türk-İslam dövlətlərinin tarixi taleyində kəskin dönüş nöqtəsidir. Krım xanlığının süqutu ilə Rusiya Qara dəniz hövzəsində hərbi-siyasi mövqeyini son dərəcə möhkəmləndirir, Şimali Qafqazı təcrid edərək, cənubdakı türk torpaqlarından ayırır, Balkanlarda Osmanlı təbəələri üzərində mühüm təsir üstünlüyü qazanır. Hərbi əməliyyatların gedişində Rusiya bütün Şərq xristianlarını Osmanlıya qarşı  qaldırmaq qərarına gəlir və bu istiqamətdə aktiv fəaliyyətə başlayır. Məhz bu illərdə Gürcüstan çarlıqları ilə hərbi-siyasi ittifaq yaranır və beləliklə, Rusiya ilk dəfə Qafqazın cənubuna müdaxilə üçün legitim alət və rıçaqlar əldə edir. 

Reç Pospolitanın da taleyi bu müharibənin gedişində həll olunur (baxmayaraq ki, bu qurum rəsmən 1795-ci ildə, 3-cü bölüşdürülmə nəticəsində ləğv edilir). Rusiyanın Polşada  güclənməsindən narazı qalan Prussiya və Habsburqlar (Avstriya) monarxiyası 1772-ci ildə Osmanlı imperiyasının himayəsində sayılan Reç Pospolitanın bölüşdürülməsi planını işə salırlar. Prussiya ordusunu Pomeraniyaya, Avstriya isə Qalisiyaya yeridir. Polşanın birinci bölüşdürülməsi (1792, 1795-ci illərdə və sonralar da bölüşdürülmüşdür) nəticəsində Rusiyanın payına Minskə qədər Belorusiya torpaqları və keçmiş Livoniya düşür.

N.MUSTAFA

(ardı var)