01 dekabr 2022 22:56
770

Avropa İttifaqı formatına qayıtmaq vacib idi

Dövlət başçısı İlham Əliyev ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışında bir daha bildirdi ki, Avropa İttifaqı formatına qayıtmaq vacib idi

Postmünaqişə dövrünün əsas reallıqlarından biri bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanmasıdır. Cənab İlham Əliyev müxtəlif platformalardan bildirir ki, 10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, Ermənistana sülh təklif etdik. 30 ildə xalqımızın başına gətirilən faciələr azmış kimi Ermənistanın hələ postmünaqişə dövründə də sülh müqaviləsini imzalamaqdan yayınması, vaxt qazanmaq üçün Azərbaycan-Ermənistan sərhədində erməni silahlı birləşmələrinin təxribatlar törətmələri təəccüb doğurmaya bilməz.

Ötən ilin dekabrında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə ilk görüşü keçirildi. Brüssel gündəliyinin müəllifi olan Azərbaycan ilk gündən Avropa İttifaqının neytral vasitəçiliyindən razılığını bildirdi. Ermənistan bu vasitəçilikdən razı olduğunu bildirsə də əməldə keçmiş ATƏT-in Minsk qrupunun fəaliyyətini canlandırmaqda maraqlı olduğunu açıq-aşkar büruzə verdi. Dövlət başçısı İlham Əliyev bunun mümkünsüzlüyünü ən yüksək tribunalardan bəyan etdi. Hər bir görüş sülh müqaviləsinin imzalanmasına doğru bir addım kimi xarakterizə olunsa da, görüşdən dərhal sonra Ermənistanın baş nazirinin tamamilə fərqli yanaşma ortaya qoyması, bəyanatları ilə açıq-aşkar hərbi təxribatların törədiləcəyinə işarə etməsi diqqətdən kənarda qalmır. Avqustun 31-də keçirilən görüşdən sonra sentyabrın 12-dən 13-ə keçən gecə Azərbaycan-Ermənistan sərhədində baş verən genişmiqyaslı təxribat da deyilənlərin təsdiqidir. Belə təxribatlardan dərhal sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dövlət başçısı İlham Əliyevə telefon zəngi, baş verənlərdən narahatlığını ifadə etməsi Azərbaycanın müəllifi olduğu sülh gündəliyinin həyata keçirilməsi istiqamətində səylərinin təqdimatıdır.

Prezident İlham Əliyev oktyabrın 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqada səfərdə oldu. Səfər çərçivəsində dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü keçirildi. Görüşdə Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması istiqamətində Brüsseldə Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşlərin əhəmiyyəti qeyd olundu. Prezident İlham Əliyev Şarl Mişelə vasitəçilik missiyasına görə təşəkkürünü bildirdi. Dövlət başçısı Azərbaycanın Brüssel formatını dəstəklədiyini qeyd etdi. Şarl Mişel bununla bağlı dövlətimizin başçısına minnətdarlığını bildirdi. Söhbət zamanı dekabr ayında Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün gündəliyi müzakirə olundu. Görüşdə Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparıldı. Həmin səfər zamanı, həmçinin dördtərəfli görüş keçirildi. Azərbaycan Prezidentinin, Fransa Prezidentinin, Avropa İttifaqı Şurası Prezidentinin və Ermənistanın baş nazirinin birgə keçirilən görüşünün sonunda qəbul olunan Bəyanatda beynəlxalq hüququn əsas prinsipi olan ərazi bütövlüyü prinsipinə dəstək ifadə edildi.

Göründüyü kimi, Azərbaycan Avropa İttifaqının vasitəçiliyini dəstəkləyir, qurumla əlaqələri bütün istiqamətlərdə yüksələn xətlə inkişaf edir.

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda da dövlət başçısı İlham Əliyev iki saat yarımdan artıq vaxt ərzində tədbir iştirakçılarının 16-dan çox sualını hərtərəfli və təfərrüatı ilə cavablandırdı. Diqqət göstərilən və müxtəlif suallar əsasında hazırkı dövrdə münasibətlərinə aydınlıq gətirilən Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı ilə bağlı cənab İlham Əliyev bildirdi ki, Şarl Mişelin vasitəçiliyinə gəlincə, biz bunu əvvəldən dəstəkləmişik. Çünki düşünürdük ki, keçmiş Minsk qrupunun dəfn mərasimindən sonra hansısa platformaya ehtiyac var. Çünki Azərbaycana və Ermənistana müəyyən razılıqlara gəlmək üçün hansısa təsisata ehtiyac var. Odur ki, Prezident Mişelin təşəbbüsü vaxtında olub: «Bilirsiniz ki, Brüsseldə bir neçə raund görüşlərimiz keçirildi və mən hesab edirəm ki, onların hamısı uğurlu oldu. Çünki biz görüşdən sonra bəyanat qəbul etdik və bu, faktiki olaraq həll formatını formalaşdırmağa kömək etdi. İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda müəyyən illüziya yaranıb ki, onlar bizimlə Qarabağla bağlı danışmağa davam edəcəklər. Biz əvvəldən demişdik ki, bu, qətiyyən mümkün deyil. Biz heç bir ölkə ilə, heç bir beynəlxalq qurumla Qarabağdan danışmaq fikrində deyilik. Qarabağ münaqişəsi həll olunub, bu bizim ərazimizdir, hamı tərəfindən tanınır və bizim daxili işimizdir.»

Qeyd etdiyimiz kimi, Praqa görüşünün yekun sənədində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıdı və bu həm də Azərbaycanın Qarabağ üzərində suverenliyi deməkdir. Həmçinin Praqa bəyanatında keçmiş sovet respublikalarının inzibati sərhədlərini faktiki formalaşdıran 1991-ci il Almatı Bəyannaməsinə istinad edilir və bu da o deməkdir ki, Qarabağ erməniləri üçün hansısa statusun olması ilə bağlı hər hansı spekulyasiyadan söhbət gedə bilməz. «Avropa İttifaqı formatına qayıtmaq vacib idi, çünki biz Brüsseldəki bu qarşılıqlı əlaqələr sayəsində iki yola ayrılmağa razılaşdıq» söyləyən Prezident İlham Əliyev qeyd etdi ki, biri Ermənistan-Azərbaycan sülh müqaviləsi üzrə danışıqlar, ikinci yol isə Qarabağdakı erməni azlığın nümayəndələri ilə iki məsələnin həlli ilə bağlı danışıqlarımız, onların hüquqları və təhlükəsizliyidir: «Bu, razılaşdırıldı və buna görə də demək istədiyim odur ki, bu, nəticəyönümlü tədbir idi. Praqadakı görüşün formatı isə bir qədər fərqli idi. Çünki Fransa Prezidenti Makron bizim qrupumuza qoşuldu və mən burada bu məsələni şərh etməyi dayandırıram. Bir daha deyirəm, Praqa görüşünün nəticəsi bizim üçün uğurlu idi. Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdı.»

Cənab İlham Əliyev konfransda açıqlanacaq bir məlumatı da diqqətə çatdırdı ki, Ermənistanın baş naziri ilə növbəti görüş dekabrın 7-də Brüsseldə keçirilməli idi. Çünki son görüşdə noyabr ayında görüş barədə qərar qəbul edildi. Lakin oktyabrın sonunda Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçidə görüş keçirildi. Paşinyan dekabrın 7-də Brüsseldə keçirilməsi nəzərdə tutulan sayca 5-ci görüşə qatılacağı şərti çatdırır. Belə ki, Nikol Paşinyan bildirib ki, Prezident Makron da orada iştirak etsin. Təbii, bu da o deməkdir ki, Praqadan sonra baş verənlər səbəbindən o görüş keçirilməyəcək.

Praqa görüşündən dərhal sonra Makronun müsahibəsində Azərbaycana qarşı əsassız fikirlər səsləndirməsi hər kəsə məlumdur. Daha sonra Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsi qəbul olundu. Fransa Milli Assambleyası daha bir anti-Azərbaycan qətnaməsi qəbul etdi. Bütün bunlar Fransanın Azərbaycana qarşı qərəzinin, Ermənistana sevgisinin göstəricisidir. Fransanın Frankofoniya Sammitində ölkəmizə qarşı hücum cəhdi məlum olaylardandır.

Qısa təhlil Fransanın 30 ildə vasitəçiliyinin səmərəsizliyini təsdiqləyən amilləri açıqlayır. Artıq bu kimi hallar dünyanın bu iri dövlətinə etimadsızlığın yaranmasına səbəb olmaya bilməz. Dövlətlərarası münasibətlərin inkişafında etimad əsas faktordur. Bu baxımdan Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz. Onları bu formatdan kənarlaşdıran Azərbaycan yox, özləri oldu. Dövlət başçısı İlham Əliyev bildirir: «Çünki nə Rusiya, nə də Amerika, keçmiş Minsk qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni müharibədən sonrakı dövrdə tərəf tutmayıb, yalnız Fransa tutub. Deməli, bu, o deməkdir ki, dekabrın 7-də Brüssel görüşü baş tutmayacaq…Ermənistan tərəfi heç bir nəticəyönümlü ssenari olmadan prosesi sonsuz etmək üçün işğal zamanı da istifadə etdiyi köhnə taktikadan istifadə etmək qərarına gəlib. Beləliklə, əgər bu onların seçimidirsə, biz nə edə bilərik. Biz onları imzalamağa məcbur edə bilmərik. Bu o deməkdir ki, sülh müqaviləsi olmayacaq, bu o deməkdir ki, sülh olmayacaq və sülh yoxdursa, onda nə olacaq?!»

Dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlər Fransa kimi güclərə yaxşı məlum olsa da, bu siyasətdən əl çəkmək barədə düşünməməsi doğrudan da dünyanın hüquq problemini yaşadığını təsdiqləyir. Fransa beynəlxalq hüququn norma və prinsiplərinin, BMT qətnamələrinin zamana, məkana görə tətbiqinin hansı problemləri yaratdığını artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli prosesində görsə də görünür hələ də bundan nəticə çıxarmaq barədə düşünmür. Hazırkı dövrdə Ermənistana sülh müqaviləsini imzalamamasına dəstək olmaq yox, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına səy göstərmək gərəkdir. Avropa İttifaqının bu istiqamətdə atdığı addımlar təqdirəlayiqdir.

Yeganə Əliyeva, «İki sahil»