02 dekabr 2022 01:15
615

Fransanın separatizmə dəstəyi siyasi rəzillikdir

Prezident İlham Əliyevin müəyyən etdiyi və qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanan xarici siyasət kursu dünyada bir-birinə qarşı duran qütblər tərəfindən belə müsbət qiymətləndirilir. Azərbaycanın müxtəlif güc mərkəzlərindən bərabər məsafədə mövqe seçməsi, ikitərəfli münasibətlərdə bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalması, eyni zamanda ikitərəfli əməkdaşlığın heç bir halda üçüncü tərəfi hədəfə almaması reallığı beynəlxalq aləmdə dövlətimizə və onun rəhbərinə loyal münasibətin formalaşmasını şərtləndirən əsas amillərdir. Son aylarda dünyada baş verən hadisələr də bu reallığı təsdiqləyir. Hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın məzmunu olduqca genişdir. Tərəflər arasında intensivləşən siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdəki əməkdaşlığın dünya siyasətinə təsir imkanları artır. «Əlbəttə, Şərq Tərəfdaşlığına gəldikdə, bu proqramın əvvəlindən Azərbaycan onu güclü şəkildə dəstəklədi və Zirvə görüşləri daxil olmaqla müxtəlif tədbirlərdə fəal iştirak etdi» sözləri ilə Azərbaycanın Avropanın doqquz ölkəsi ilə tərəfdaşlığın genişləndirilməsi istiqamətində önəmli addımlar atdığını bildirən Prezident İlham Əliyev Asiya ölkələrini əhatə edən çox intensiv diplomatik səyləri ilə həmkarları arasında da liderlik nüfuzunu qoruyur. Zəngəzur dəhlizinin açılmasının beynəlxalq nəqliyyat-logistika sferasında əlavə üstünlüklər yaradacağını iştirak etdiyi Zirvə görüşlərində diqqətə çatdıran dövlət başçımızın Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən Sammitində söylədiyi «Zəngəzur dəhlizinin açılması region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və bu marşrut üzərində yerləşən bütün ölkələr üçün faydalı olacaq» sözləri maraqla qarşılanıb.

Praqada təşkil olunan «Avropa siyasi birliyi»nin Zirvə Toplantısında, Almatıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə, Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Toplantısında və digər yüksək səviyyəli tədbirlərdə iştirak edən, məzmunlu çıxışları maraqla qarşılanan Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Sammitində iştirakı o deməkdir ki, Avrasiya məkanını fəth edən Prezident İlham Əliyev ərəb dünyasında da nüfuzlu dövlət xadimi kimi tanınır, hörmətlə qəbul olunur. Dövlət başçımızınYunanıstan- Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirakı, Serbiyada yüksək səviyyədə qarşılanması və digər yüksək səviyyəli tədbirlərdə iştirakı, Avropa İttifaqı ilə ölkəmizin enerji sahəsindəki əməkdaşlığının genişlənməsi ölkəmizin enerji diplomatiyasının, şaxələndirmə siyasətinin uğurları olmaqla Prezident İlham Əliyevin bu sözlərinin də təsdiqidir: «Bu, tərəfdaşlarla dialoq nəticəsində Avropa İttifaqının imkanlarını, resurslarını səfərbər edərək və Şərq Tərəfdaşlığına aid tərəfdaşların fərqli gözləntilərini bilərək, bizim regiondakı təhlükəsizliyə, sabitliyə, çiçəklənməyə sadiqliyimizdən irəli gəlir.»

 Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatı (QH) üzvlərinin yekdil rəyi ilə ölkəmizin quruma sədrliyinin 2023-cu ilədək uzadılması respublikamızın diplomatik səylərinin dəstəklənməsinin, Prezident İlham Əliyevin beynəlxalq aləmdə qazandığı etimadın və nüfuzun məntiqi nəticəsidir. Çox təəssüf ki, Azərbaycanın dünya birliyində artan nüfuzu, möhkəmlənən mövqeyi hələ də ermənipərəst dairələri siyasi korluğa məhkum edib.

Azərbaycana marağın, ölkəmizin beynəlxalq nüfuzunun artdığı bir zamanda Fransanın respublikamıza qarşı qərəzli münasibəti milçəyin suyu bulandırması məsəlinə bənzəyir.

Fransa Senatının 15 noyabr 2022-ci ildə qəbul etdiyi «Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi» adlı qərəzli qətnaməsindən on beş gün sonra Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycanın Ermənistana «təcavüzü”nün dayandırılmasını» tələb edən qərəzli qətnamənin 256 səslə qəbulunun məqsəd və məramı aydındır. Azərbaycan əleyhinə qəbul edilmiş yalan və iftira dolu qətnamə Ermənistanın havadarı Fransanın ölkəmizə qarşı çirkin təxribatının davamıdır. İşğalçılıq siyasəti Ermənistanla eynilik təşkil edən bu ölkənin Azərbaycana qarşı qərəzli münasibətini əks etdirən əsassız qətnamənin qəbulu Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, habelə bölgədə sülhün və əmin-amanlığın bərqərar olması səylərinə xələl gətirir.

Məsələyə etirazını bildirən respublikamızın Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunduğu kimi, beynəlxalq hüququn norma və prinsiplərinə zidd, başqa dövlətin daxili işlərinə müdaxilə olan bu qətnamə Fransanın ölkəmizə qarşı qərəzli mövqeyindən qaynaqlanır. Hökumət nümayəndəsinin qətnaməni dəstəkləməsi göstərir ki, müxtəlif platformalarda aparılan anti-Azərbaycan təbliğatı rəsmi Parisin siyasi dairələrinin dəstəyi ilə davam etdirilir.

25 ilə yaxın müddətdə artıq tarixin arxivinə göndərilən qondarma «Dağlıq Qarabağ respublikası»nın separatçılarına siyasi, hərbi, maddi dəstəyini davam etdirən Fransa ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi də işğalçı Ermənistanı dəstəkləmiş, ona həvalə edilmiş vasitəçilik missiyasını yerinə yetirmək, işğala siyasi qiymət vermək əvəzinə münaqişənin dondurulması üçün müxtəlif bəhanələrlə danışıqlara mane olmuşdur. İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran, torpaqlarımızı öz gücünə işğaldan azad etməklə ədaləti bərpa edən ölkəmizə qarşı açıq şəkildə qarayaxma kampaniyası aparan Fransa əsası olmayan ittihamlar səsləndirməklə özünü nüfuzdan salır.

Azərbaycan rəsmi qaydada Fransa tərəfindən ölkəmizə qarşı aparılan məkrli təxribatları, bu ölkənin Senatının, Milli Assambleyasının daha əvvəl qəbul etdikləri qətnamələri qətiyyətlə rədd edir və bu qərəzli siyasəti Cənubi Qafqazda sabitliyin pozulmasına yönələn addım adlandırır.

Nəzərə çatdıraq ki, Fransanın Milli Assambleyasının ölkəmizə qarşı məkrli siyasəti ilk deyildir. Bir neçə ilə bundan əvvəl Milli Assambleyanın binasında erməni icmasının nümayəndələrinin Sumqayıt hadisələrinə həsr olunmuş tədbirində Xocalı soyqırımını xatırlatmaq istəyən Parisdəki Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynov Erməni Milli Komitəsinin nümayəndələri tərəfindən döyülərək, fiziki xəsarət almışlardı. Fransa Parlamenti Azərbaycannın insidentlə bağlı sorğusunu belə cavablandırmamışdı. Ötən aylarda Azərbaycanın Fransadakı səfirliyinə hücum edərək ölkəmizin diplomatik korpusuna xəsarət yetirən ermənilərin qeyri-qanuni hərəkətlərinə səssiz qalan rəsmi Paris bu hərəkəti ilə də separatçılara haqq qazandırmışdı. Praqada keçirilən görüşlərdən sonra rəzilliyini Azərbaycan haqqında söylədiyi qeyri-etik sözləri ilə bildirən Fransa Prezidenti Emmanuel Makron təkcə siyasi savadsızlığını deyil, mənəvi, daxili çirkinliyini də ortaya qoymuşdu. Avropalı həmkarları arasında belə qəbul olunmayan Makorunun beynəlxalq aləmdə böyük nüfuz qazanan Azərbaycan haqqında başından böyük danışması, işğalçı Ermənistanın yanında yer alması fransız xalqına da hörmətsizlikdir. Müsyö Makron, unutma ki, «Balta dönər, sap dönər, gün gələr, hesab dönər.» Nə tökərsən aşına, o da çıxar qaşığına!

Xuraman İsmayılqızı, «İki sahil»