Bu gün Azərbaycan dünyanın ən nüfuzlu və sabit inkişaf etməkdə olan ölkələri arasında öz yerini kifayət qədər möhkəmləndirib. Bu da, təbii ki, müstəqillik illərində Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı uğurlu daxili və xarici siyasət, eləcə də son 19 ildə Cənab Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün olub.
Azərbaycanın son illərdə qazandığı uğurlar artıq dünyanın nüfuzlu beynəlxalq təşkilatları, o cümlədən, ayrı-ayrı aparıcı dövlətləri tərəfindən də təsdiq edilir. Xüsusən da ölkəmizin Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə verdiyi töhfələr Avropa İttifaqı rəsmiləri, dövlət və hökümət başçıları, nüfuzlu siyasətçiləri tərəfindən dönə-dönə dilə gətirilmişdir. Bunlar, əlbəttə, təsadüfi sayıla bilməz. İstər Avropa ölkələri ilə ayrılıqda, istərsə də Avropanın böyük beynəlxalq təşkilatları ilə əməkdaşlıq sahəsində Prezident Cənab İlham Əliyev çox böyük uğurlara imza atmışdır.
Dövlət başçısı İlham Əliyevin siyasi fəaliyyətinin ən böyük uğurlarından biri kimi, son illərdə Azərbaycanın müstəqil xarici siyasət yürütməsini qeyd etmək olar. Bu siyasət, əlbəttə, birinci növbədə milli maraqlara, ədalətli və səmərəli əməkdaşlığa əsaslanır və bizə çoxlu dost qazandırır. 2011-ci ildə 155 dövlətin dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi bunu təsdiq edir. Təhlükəsizlik Şurasına üzvlük müddətində Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, dünyada ədalətin təmin edilməsinə mühüm töhfələr vermiş və beynəlxalq siyasi proseslərin fəal iştirakçısına çevrilmişdir. Bu, Prezident İlham Əliyevin müstəqil və uğurlu xarici siyasətinin bəhrəsidir.
Eyni zamanda, son illərdə dövlət başçısı tərəfindən ciddi siyasi təşəbbüslər irəli sürülmüş və nəticədə dünyada sülh və tərəqqi işinə böyük töhfələr verilmişdir. Buna misal olaraq Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə Bakıda keçirilmiş beynəlxalq tədbirləri göstərmək olar. Bunlar, təbii ki, sadəcə tədbir naminə keçirilməyib. Dövlət başçımız bu tədbirlərin hər biri ilə dünyaya yeni sülh mesajları verib. Məsələn, 2008-ci ildə Bakıda Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin görüşü keçirilib. Amma bu, sadəcə, Avropa nazirlərinin görüşü olaraq qalmayıb, tədbirə məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirləri də dəvət edilib və hər iki qitə nazirlərinin birgə toplantısı keçirilib. Təsadüfi deyildir ki, belə bir tədbir tarixdə ilk dəfə baş tutub. Tədbirin bu qədər uğurlu alınmasının əsas səbəbi isə Azərbaycanın həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvü olmasıdır.
Bundan bir il sonra – 2009-cu ildə Bakıda yenə Prezident İlham Əliyevin təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısı keçirilib və bu dəfə tədbirə Avropa Şurası ölkələrinin mədəniyyət nazirləri də dəvət edilib. Bu təşəbbüsə “Bakı prosesi” adı verilib. Bu gün “Bakı prosesi” yaşayır və inkişaf edir. BMT-nin Baş katibi Antonio Quterreş “Bakı prosesi”ni 2008-ci ildən bəri mədəniyyətlər arasında dialoqun təbliğinin ön cəbhəsi kimi dəyərləndirmişdir. “Bakı prosesi”nin məntiqi davamı olaraq təsis edilmiş və iki ildən bir ölkəmizdə keçirilən mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumu artıq BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun təşviq olunması üçün əsas qlobal platforma kimi tanınmışdır.
Bundan əlavə, Bakıda dəfələrlə sivilizasiyalararası dialoq forumları keçirilmişdir. Əlbəttə, Prezident İlham Əliyevin təşəbbüsü ilə. Bakıda Dünya Dini Liderlərinin Zirvə görüşü baş tutmuşdur. Prezident İlham Əliyevin təşəbbüsü və ciddi səyləri ilə Bakı Beynəlxalq Humanitar forumlarına uğurla evsahibliyi etməkdədir. Bütün bu tədbirlər zaman-zaman dünyada böyük rezonans doğurmuş, xarici media tərəfindən geniş işıqlandırılmışdır.
Zəngin tolerantlıq və multikulturalizm ənənələrinə malik Azərbaycan özünün uğurlu inkişafı ilə regional əməkdaşlığa da müsbət təsir göstərir.
Ölkəmiz məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə bir çox nəhəng regional layihələrin, enerji, nəqliyyat layihələrinin təşəbbüskarı olmuşdur və istər iqtisadiyyatla, istər enerji ilə, istərsə də nəqliyyatla bağlı bütün bu təşəbbüslər uğurla nəticələnmişdir. Elə bir hal olmamışdır ki, Azərbaycanın təşəbbüsü uğursuzluqla nəticələnsin. Bu barədə Prezident İlham Əliyev demişdir: “Azərbaycan hazırda iqtisadi, siyasi cəhətdən müstəqil bir ölkədir, müstəqil xarici siyasəti var. Bu siyasət dünyanın əksər ölkələri tərəfindən dəstəklənir”.
2019-cu ildə Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirilib. Məhz bu görüşə Azərbaycan Prezidentinin dəvəti ilə Bakıya 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, eləcə də 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar.
Tədbirdə çıxış edən Prezident Cənab İlham Əliyev bildirmişdir ki, Azərbaycan demokratiya, insan hüquqları və azadlıqları kimi dəyərlərə sadiqdir. Bunun dərin tarixi kökləri vardır. “Biz fəxr edirik ki, bir əsr bundan əvvəl Şərqdə müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika qurulmuş, qadınlara səsvermə hüququ verilmişdir. Bu sahədə biz hətta əksər Qərb ölkələrini də qabaqlamışıq. Demokratik inkişaf Azərbaycanın şüurlu seçimidir. Azərbaycanda bütün fundamental insan hüquq və azadlıqları, qanunun aliliyi, mətbuat azadlığı təmin olunur”.
Dövlət başçısı demişdir ki, hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərarı ölkəmizə göstərilən hörmət, inam və etimadın təzahürüdür. Dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatı Azərbaycanın siyasətinə dəstək verir.
Cənab Prezident İlham Əliyev demişdir: “Azərbaycan mütəmadi olaraq BMT Təhlükəsizlik Şurasının mandatı əsasında təsis edilmiş beynəlxalq sülhməramlı əməliyyatlara da öz töhfəsini verir. Ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi olaraq keçirilən görüşlərinə ev sahibliyi edir. Dünyada 200-ə qədər ölkə vardır. Bu ölkələr arasında qeyd etdiyim görüşlər üçün Azərbaycanın seçilməsi bizim yürütdüyümüz müstəqil xarici siyasətə olan hörmətin göstəricisidir”.
44 günlük Vətən müharibəsi zamanı və post müharibə dövründə də Qoşulmama Hərəkatına üzv olan, Azərbaycana dost olan dövlətlərin ölkəmizə dəstəyi və eləcə də Qoşulmama Hərəkatına sədrliyimizin bir il də uzadılması Azərbaycanın beynəlxalq nüfuzunun günbəgün artdığını göstərir.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədr müavini
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası