Laçın ölkəmizin erməni işğalına məruz qalan ilk rayonlarından biridir. 1992-ci ilin 18 mayında - AXC-“Müsavat” cütlüyünün hakimiyyət mübarizəsinin, siyasi hərci-mərcliyin, ölkədə özbaşınalığın hökm sürdüyü bir dövrdə Laçın ermənilər tərəfindən işğal olunmuşdur. Əslində qeyd edək ki, məhz Laçının işğalı ölkəmiz üçün yeni faciələrə, işğallara səbəb olmuşdur. Çünki həmin dövrdə Laçının işğalının Ermənistan üçün olduqca böyük strateji əhəmiyyəti vardı. Ermənistanı Dağlıq Qarabağla birləşdirən yollar məhz Laçından keçirdi, Laçının işğal edilməsi ilə Ermənistan və Dağlıq Qarabağ arasında əlaqə yaranmış, ermənilər yeni canlı qüvvələrin və hərbi texnikanın daha rahat şəkildə Azərbaycan ərazisinə soxulmasına və sonrakı işğalçılıq siyasətlərinin həyata keçirilməsinə imkan qazanmışdır.
Ermənistanla sərhəddə yerləşdiyindən işğalın fəsadlarını və “erməniləşdirmə” siyasətininin nəticələrini ən ağır şəkildə yaşayan rayonlarımızdan biri də məhz Laçın rayonudur. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalmış, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə düşmən vandalizmi nəticəsində məhv edilmiş, Laçının coğrafi adları dəyişdirilmiş, rayonun təbii resursları talan edilmişdir.
Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozan Ermənistanın, əsasən, Suriyadan olmaqla, erməni əsilli qaçqınların məqsədyönlü şəkildə Azərbaycan torpaqlarında yerləşdirilməsi siyasətinə ən çox məruz qalmış rayonlarımızdan biri də Laçındır. Əlbəttə Ermənistan bu qanunsuz məskunlaşmanı planlı şəkildə, əhalinin demoqrafik tərkibinin suni surətdə dəyişdirilməsi məqdəsi ilə aparmışdır və bu cür əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir. Buna baxmayaraq Ermənitan illər boyu bu cinayətləri bütün dünya ictimaiyyətinin gözü qarşısında törətməyə davam etmiş və Azərbaycana qarşı törətmiş olduğu digər beynəlxalq cinayətlər kimi bu cinayətlərdə də cəzasız qalmışdır.
Azərbaycan xalqı özü beynəlxalq hüququn aliliyini və tarixi ədaləti bərpa etdi. Biz bunu birlikdə etdik, qüdrətli ordumuz, Müzəffər Ali Baş Komandan, onun ətrafında dəmir yumruq kimi birləşmiş xalqın misli görünməmiş əzmi, iradəsi, qəhrəmanlığı düşməni ağ bayraq qaldırmağa məcbur etmişdir. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Cari ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Ordumuz tərəfindən nəzarəti götürüldü.

Müzəffər Ali Baş Komandan hərbçilərimizin qəhrəmalığını ən yüksək səviyyədə qiymətləndirmiş, Ali Baş Komandanın sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Laçının işğaldan azad edilməsi bizim üçün həm də Laçın dəhlizinin Azərbaycanın nəzarətinə keçməsi baxımından olduqca əhəmiyyətli idi. Ermənistan bir qədər əvvəl qeyd etdiyim kimi, qanunsuz olaraq ermənilərin Laçında məskunlaşmdırılması siyasətini həyata keçirməklə bütün dünyaya qəbul etdirməyə çalışırdı ki, Laçın rayonu Ermənistanda qalmalıdır, ya da ən azından bütünlükdə rayon özü dəhliz kimi onların istifadəsinə verilməlidir. Lakin, Laçın şəhərinə daxil olmadan Laçın dəhlizinə alternativ yolun çəkilməsinə nail olan Azərbaycan Prezidentinin qətiyyəti, diplomatik məharəti göstərdi ki, onların bu röyası da baş tutan deyil.

Laçın bu gün yeni bərpa-inkişaf dövrünü yaşayır. İşğaldan azad olunmuş digər rayonlarımızda olduğu kimi Laçında da cənab Prezident ilk öncə nəqliyyat infrastrukturunun bərpasına böyük əhəmiyyət verir. Rayonda yeni avtomobil yolları, tunellər, keçidlər inşa olunur. 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Şübhəsiz ki, hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq, bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq.
“Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq cənab Prezidentin işğaldan azad olunmuş rayonlarımızın bərpasında xüsusi diqqət ayrıdığı sahələrdən biri də enerji təhlükəsizliyidir. Laçın rayonunda artıq generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təmin edə biləcək. Burada istehsal olunan elektrik enerjisi təkcə Laçının yox, qonşu rayonların da elektrik enerjisi ilə təmin edilməsində mühüm rol oynayacaq.
Laçında heyvandarlığın inkişafı üçün də böyük imkanlar var. Əlbəttə, rayonun bərpası və əhalinin məskunlaşmasına paralel olaraq rayonun iqtisadi, sənaye, turizm potensiallı digər sahələri də inkişaf edəcək. Laçın rayonu Ermənistanla sərhəddə yerləşir və ermənilərin mina basdırmasının nəticələri hələ də tam aradan qaldırılmayıb, bütün bu təhlükələrə baxmayaraq cənab Prezident şəxsən Laçına 4 dəfə səfər edib. Bu səfərlərin hər birində yeni avtomobil yollarının, sosial-infrastruktur obyeklərinin təməli qoyulub.
Laçın həm də Azərbaycanın ən böyük rayonlarından biridir. İnanırıq ki, “Böyük Qayıdış”ı ən yüksək səviyyədə tamamlayandan sonra Laçın Azərbaycanın ən gözəl guşələrindən birinə çevriləcək və ölkəmizin gələcək inkişafında mühüm rol oynayacaq.
Ziyafət Əsgərov,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası