29 noyabr 2022 22:15
669

Qələbələr partiyasının Zəfər yolu

Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.

Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı.

Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin isə tək bir səbəbi var idi - xalqın partiyanın sədrinə olan sevgisi, inamı. Çünki zaman göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu.

Yeni Azərbaycan Partiyasının yubileyini qeyd edərkən Cənab Prezident İlham Əliyev öz çıxışında  qeyd etmişdir ki : ” Biz Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verdik. Bizim xarici siyasətimizlə milli maraqlar üzərində apardığımız işlər məhz o illərdə xalqa təqdim edilmiş və xalq tərəfindən dəstəklənmişdir. Bir çox başqa sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində atılan addımlar bir neçə ildən sonra imkan verdi ki, biz doğrudan da güclü və nizami ordu yaradaq. Bu gün bütün Azərbaycan xalqı Ordumuzla fəxr edir. Yəni, bu tarixi addımlar ölkəmizin uzunmüddətli strateji inkişaf modelini özündə ehtiva edirdi. Əlbəttə ki, bütün planlarımızı həyata keçirmək üçün bizim güclü maliyyə imkanlarımız olmalı idi. Yaxşı başa düşürdük ki, xarici sərmayələr gəlmədən buna nail olmaq mümkün deyil. Xarici sərmayələrin ölkəyə qoyulması üçün də ilk növbədə sabitlik olmalı idi və bu sabitlik yaradıldı”. 

Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Biz hamımız bunun şahidiyik ki, gənc nəsil də milli ruhda böyüyür, gənc nəsil milli ənənələrə sadiqdir, azərbaycançılıq ideyalarına sadiqdir. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. Biz bu siyasəti uğurla davam etdirərək, zənginləşdirərək bu gün Azərbaycanda nadir və təkrarolunmaz mühit yaratdıq. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi.

Bunun nəticəsi olaraq 44 günlük Vətən müharibəsində biz istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. 8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin bildirdiyi kimi həyatımızda və ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Bizim üzümüz ağdır, alnımız açıqdır. Biz müzəffər xalqıq, qalib dövlətik və bu, əbədi olacaq!

Aliyə Orucova,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı