29 noyabr 2022 12:55
689

Pakistan Azərbaycana qardaş və dost ölkədir

Pakistan və Azərbaycan bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Pakistan Sovet İttifaqının süqutundan sonra müstəqillik əldə edən Azərbaycanı 1991-ci ilin oktyabrında tanıyan ilk üç dövlətdən birincisidir. Diplomatik əlaqələrin əsası 1992-ci ilin iyununda qoyulmuşdur. 1993-cü ilin martında Bakıda Pakistan səfirliyi açılmışdır. Azərbaycan İslamabadda öz diplomatik fəaliyyətinə 1997-ci ilin avqustunda başlamışdır. Qrdaş ölkə ilə əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir.

Pakistan Qarabağ münaqişəsi mövzusunda öz qəti mövqeyini Azərbaycana dəstək verməklə  və həmrəylik nümayiş etdirməklə, bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmamaqla bildirib. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini genosid kimi tanımışdır.

Azərbaycan və Pakistan bir çox beynəlxalq forumlarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyir. İki qardaş dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və farmakoloji preparatlar, xüsusilə bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması və digər sahələrdə əməkdaşlıq edirlər.

Azərbaycanın qardaş ölkə ilə əməkdaşlığında hərbi siyasi amil də bütün dövrlərdə mühüm rol oynayıb. Bu cəhətdən Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib.

Hələ 2020-ci il sentyabrın 27-dən – müharibə başlandığı dövrdən Pakistan dost və qardaş Türkiyə Respublikasından sonra Azərbaycana ən çox siyasi və mənəvi dəstəyini ifadə edən dövlətət idi. Vətən müharibəsinin ilk günündə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilirdi: “Erməni silahlı qüvvələri tərəfindən sentyabrın 27-də Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin mülki əhalisini intensiv atəşə tutmasını qınayırıq və bu, növbəti təxribatdır. Bu, bütün bölgənin sülh və təhlükəsizliyi üçün ciddi təhdiddir. Pakistan qardaş Azərbaycan xalqının yanındadır və onun ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı olan qətnamələrinə əsaslanan mövqeyini dəstəkləyirik”. Bundan başqa sentyabrın 30-da Pakistan Senatının rəsmi “Twitter” səhifəsində Azərbaycana dəstək bəyanatı paylaşılıb. 2020-ci il oktyabrın 18-də Pakistan İslam Respublikasının Baş naziri İmran Xan rəsmi “Twitter” səhifəsində etdiyi paylaşımda Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidentinə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərini çatdırıb. Ölkəmizin ərazi bütövlüyünü şücaətlə qoruyan Azərbaycan Silahlı Qüvvələrinə ehtiramını bildirib. Pakistanın Qarabağ məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həllində Azərbaycanı dəstəklədiyini qeyd edib. Oktyabrın 28-də Pakistan Milli Assambleyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı qəddar hücumlarını qəti şəkildə pisləyən qətnamə qəbul edib. Noyabrın 11-də Pakistan Xarici İşlər Nazirliyi Qarabağ regionunda hərbi əməliyyatların dayandırılmasını alqışlayan açıqlama yayıb. Noyabrın 16-da Pakistanın Baş naziri İmran Xan bu ölkənin yerli televiziya kanallarından birinə müsahibəsində deyib: “Azərbaycan Silahlı Qüvvələri nümunəvi şücaət göstərib. Qarabağ mübahisəli ərazi deyil. Bütün dünya Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edir və onu bu ölkənin ərazisi kimi tanıyır. Azərbaycanlılar öz əzəli torpaqlarını geri qaytardılar”.

Pakistan hər zaman Azərbaycanın yanındadır və Azərbaycana qardaş və dost ölkədir. Bununla belə hər birimiz bilirik ki, beynəlxalq səviyyəli bir sıra tədbirlərdə Pakistan daim Azərbaycanı Dağlıq Qarabağ məsələsində müdafiə edib, ölkəmizə qarşı erməni təcavüzünü qətiyyətlə pisləyib. Bunun kimi bir çox mühüm məqamlar dostluğumuzun, qardaşlığımızın bir təzahürüdür. Bunların hamısı əminliklə deməyə əsas verir ki, Azərbaycan-Pakistan strateji tərəfdaşlığı uğurla inkişaf edir, dostluq münasibətləri daha da möhkəmlənir"

Rövşanə Abbasova, 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşı